PDF Oxu

Siyasət

  • 1 046

Nəqliyyat sektorunun gələcəyi: Strateji planlar və inkişaf istiqamətləri

image

Azərbaycan iqtisadi və siyasi cəhətdən güclü dövlətdir. Son illər ölkəmizin iqtisadiyyatı böyük inkişaf yolu keçib. Odur ki, bazar iqtisadiyyatı şəraitində nəqliyyat sektorunun inkişafına da ehtiyac yaranır. Xüsusilə son illər bu sahədə islahatların uğurla həyata keçirilməsi vahid nəqliyyat siyasətinin formalaşmasını layiqincə təmin edib.Tarixə nəzər salsaq görərik ki, qədim İpək yolu üzərində geniş iqtisadi zolağın yaradılmasının fəal təşəbbüskarı olan Azərbaycan həm də ötən dövrdə digər dəhlizlərlə müqayisədə yüklərin ölkəmizin ərazisindən keçməklə müxtəlif istiqamətlərə tranzit daşımalarının səmərəli təşkilinə etibarlı şərait yaradıb. Dövlətimiz yüklərin daha əlverişli şərtlərlə - qısa müddətdə, təhlükəsiz və vaxtında çatdırılmasına, tranzit daşımaların həcminin dəfələrlə artmasına nail olub.

Ümumilikdə, Prezident İlham Əliyevin nəqliyyat-logistika sahəsinə olan diqqətinin nəticəsidir ki, hazırda qüdrətli Azərbaycanın beynəlxalq yükdaşımalarda əvəzsiz rolu vardır. Ötən dövr ərzində paytaxt Bakı şəhərində yeni metro stansiyaları istifadəyə verildi, yol qovşaqları, tunellər, körpülər inşa edildi, modern yollar salındı. Bununla yanaşı, ölkəmizin ərazisindən Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri keçir. Bu dəhlizlər üzrə daşınan yüklərin həcmi ilbəil artır. Ölkəmizin nəqliyyat dəhlizləri sahəsindəki rolunun artmasından bəhs edərkən, cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiqlənən “Azərbaycan Respublikasının ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin tranzit potensialının artırılmasına və tranzit yükdaşımaların təşviqinə dair 2024-2026-cı illər üçün Fəaliyyət Planı”nın əhəmiyyətini vurğulamaq lazımdır. Bütün bunlar dövlətimiz tərəfindən nəqliyyat sektorunun hərətərəfli inkişafına göstərilən diqqətin bariz nümunəsidir.
Məlum olduğu kimi, Azərbaycanda cari ilin yanvarın 28-də nəqliyyat məsələlərinə həsr olunmuş müşavirə keçirilib. Prezident İlham Əliyev müşavirədə çıxış edərək, hazırda ölkəmizdə nəqliyyat sahəsindəki böyük inkişafdan və bu istiqamətdə olan gələcək planlardan danışıb. Statistik nəticələr onu deməyə əsas verir ki, Azərbaycanda nəqliyyat sektoru sahəsində uğurlu nəticələr əldə olunub, böyük layihələr reallaşdırılıb. Bəli, 20 il ərzində Azərbaycanda 21 min kilometr avtomobil yolu tikilib və təmir edilib. 335 körpü və yol ötürücüsü, 45 tunel, 163 yerüstü və yeraltı keçid tikilib. 1500 kilometrdən çox dəmir yolu tikilib, 1800 kilometr təmir edilib, yeni qatarlar və vaqonlar alınıb, 90 kilometrdən çox olan Abşeron dairəvi xətti istifadəyə verilib. Bakı-Tbilisi-Qars dəmir yolu inşa edilib.
Yeni layihələr arasında Zəngəzur dəhlizi məsələsi də vardır. Dövlət başçısının qeyd etdiyi kimi, Zəngəzur dəhlizi layihəsi Azərbaycan tərəfindən irəli sürülmüşdür. İkinci Qarabağ müharibəsindəki Zəfərimizdən sonra bu məsələ beynəlxalq gündəliyə, beynəlxalq leksikona salındı və bu gün Zəngəzur dəhlizi artıq dünyada qəbul edilmiş ifadədir, qəbul edilmiş termindir. Əlbəttə ki, biz bu dəhlizin açılması üçün praktiki addımlar atırıq.
Azərbaycan dövləti haqq işini öz gücü hesabına həll edib. Əlbəttə ki, Zəngəzur ərazisi tarixi, əzəli torpaqlarımızdır. Əfsuslar olsun ki, bu əzəli, qədim diyar bir əsr öncə erməni təcavüzkarlarının işğalına məruz qalmışdır. Biz 44 günlük Vətən müharibəsində doğma torpaqlarımızı işğaldan azad etdik. Bu gün Qarabağ və Şərqi Zəngəzur sözün həqiqi mənasında cənnətə çevrilir. Azad edilmiş ərazilərdə görülən işlərin əsasını nəqliyyat layihələri təşkil edir. Burada 3400 kilometrə yaxın avtomobil yolu - hələlik cəmi 44 avtomobil yolu layihəsi icra edilib, ya da ki, icra edilməkdədir. Eyni zamanda, 45 tunel, 447 körpü, 16 viaduk nəzərdə tutulub. Bunlardan 28 tunel, 392 körpü və 9 viadukun tikintisi tamamlanıb. Horadiz-Ağbənd dəmir yolunun 60 faizi inşa edilib. Bərdə-Ağdam dəmir yolunun 94 faizi inşa edilib. Bütün bu göstəricilər dövlətin uğurlu iqtisadi siyasətinin bariz nümunəsidir.
Sosial-iqtisadi sahədə atılan uğurlu addımlar bir daha göstərir ki, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi güclü siyasət kursunun əsas prioriteti dövlətin və xalqın maraqlarının qorunmasıdır.

Rafiq Əliyev
YAP Yevlax rayon təşkilatının sədri

Digər xəbərlər