Rusiyanın keçmiş xarici işlər naziri müavini (1990-1991) Andrey Fyodorov “Moskva-Baku” portalına müsahibəsində Ermənistanın Avropa İttifaqı yolunda perspektivinin olub-olmamasını şərh edib. Müsahibəni oxucularımıza təqdim edirik.
- Andrey Vladimiroviç, bir neçə gün əvvəl Ermənistan parlamenti respublikanın Aİ-yə daxil olması prosesinin başlanması haqqında qanun layihəsini təsdiqləyib. Bundan əvvəl ölkənin baş naziri ABŞ-a, daha sonra isə Fransaya səfər etdi... Aİ Ermənistanı doğrudan da öz sıralarına qəbul edəcəkmi?
- Mən belə düşünmürəm. Ermənistanın Aİ sıralarına qəbul ediləcəyini güman etmirəm. Amma biz Rusiyada aydın başa düşməliyik ki, Ermənistan Respublikasının Qərbə (geniş mənada, bu, Avropa İttifaqı və ABŞ-dır) dönüşü obyektiv reallıqdır. Və bu prosesin əks istiqamətdə getməsi şansı praktiki olaraq yoxdur. İndi sual çox güman ki, Ermənistanın Avrasiya İqtisadi İttifaqındakı yerini müəyyən vaxta qədər saxlamaqla, ilk növbədə təhlükəsizlik məsələləri baxımından Qərbə doğru hərəkətini necə balanslaşdırmağa çalışacağı ilə bağlı olacaq. Bu baxımdan təəssüflə qeyd etmək lazımdır ki, Ermənistanın özündə və onun ətrafında, xüsusən də diasporda Rusiyanın guya özünün milli təhlükəsizliyinin elementi olmaq iqtidarında olmaması tezisi üstünlük təşkil edir.
Rusiya bundan çıxış etməlidir ki, yaxın gələcəkdə Ermənistan tərəfindən bir sıra əsas addımlar atılacaq. Bu, Aİ-yə üzvlüklə bağlı referendumun keçirilməsidir. İkincisi isə Ermənistanda yeni milli təhlükəsizlik sisteminin təşkili ilə bağlı ABŞ-la konkret razılaşmaların əldə olunmasıdır.
Ermənistan tərəfdən Rusiya üçün indiki reallıq budur. Bütün bunlar, təbii ki, Rusiya-Ermənistan münasibətlərinə təsirini davam etdirəcək. Və təbii ki, bu, regiondakı vəziyyətə, xüsusən də Azərbaycana öz təsirini göstərəcək.
Mənim nöqteyi-nəzərimə görə, Trampın siyasəti nəticəsində ABŞ-ın Cənubi Qafqaz siyasətinin zəifləyəcəyini iddia edən bir çox ekspertlərin böyük səhvi var. ABŞ-ın hazırkı siyasətində əsas amil Trampın özü deyil, onun komandasıdır. Bu komanda müxtəlif istiqamətlərdə, o cümlədən Cənubi Qafqazda və s.-də necə hərəkət etmək planını formalaşdırır.
Ona görə də, məsələn, Vaşinqtonda ABŞ prezidenti ilə Ermənistanın baş naziri arasında heç bir görüş olmamasını şişirtmək olmaz. Trampla görüş, deyək ki, simvolikdir. Praktiki siyasəti Tramp deyil, onun komandasındakı insanlar aparır. Və bu insanlar Rusiyanı Cənubi Qafqaz regionundan sıxışdırıb çıxarmaqda kifayət qədər qətiyyətlidirlər.
- Yəni, sizcə, Paşinyanın ABŞ səfəri uğurlu oldu?
- Təbii ki, effektli idi. Niyə? Çünki ən mühüm şeyə bu səfər zamanı nail olundu. Onun gedişində Ermənistan üçün yeni milli təhlükəsizlik konsepsiyası formalaşdı ki, bu da ona Amerika Birləşmiş Ştatlarından əsas yardımın göstərilməsini nəzərdə tutur. Yardımın formaları və parametrləri daha sonra müəyyən ediləcək. Amma necə deyərlər, buz qırıldı.
Paşinyanın ABŞ və Parisdəki əsas təmasları ABŞ-ın vitse-prezidenti Vensdən keçib. Ermənistanın baş naziri, məndə olan məlumata görə, Vensdən başqa, daha nüfuzlu adamlarla əlaqə saxlayıb.
Ona görə də Paşinyanın bu gün özü üçün çox narahat olmasına dəyməz. Biz narahat olmalıyıq, çünki dediyim kimi, Ermənistanın sözdə yeni təhlükəsizlik strategiyası Rusiyanın regionda tam olmamasını nəzərdə tutur.
Rusiya Cənubi Qafqazdan sıxışdırılmaqda davam edəcək. Ermənistan Rusiya qüvvələrinin respublika ərazisində mövcudluğunu dayandırmaq üçün qanunvericilik aktı qəbul edə bilər. Bu, “texniki əsaslandırma” məsələsidir. ABŞ Ermənistanın gələcək inkişafı üçün rəhbər qüvvəyə çevrilir. Onun gələcəyi indi Amerika Birləşmiş Ştatlarının milli maraqlarına cavab verən formalaşdırmalara, yanaşmalara yönəlib.
Vaşinqtondan Ermənistan üçün maliyyə tapmaq onlar üçün bir parça tortdur, bu, onların tapa bilməyəcəyi pul deyil.
- Paşinyan niyə ABŞ-dan sonra Parisə getdi?
- Çünki Fransa Ermənistanın Avropa İttifaqı daxilində irəliləməsi prosesini təmin edən əsas ölkədir. Və iki il bundan əvvəl Fransanın bu istiqaməti əlaqələndirəcəyi- Ermənistan üçün Aİ-də siyasi və iqtisadi addımları dəstəkləmək barədə razılıq əldə edildi.
Tərcümə - Elçin Bayramlı