PDF Oxu

Sosial

  • 1 160

“Gənclərin biznesə başlamasına kapital çatışmazlığı mane olur” - İQTİSADÇI DANIŞDI

image

"Gənclərin biznesə meyl etməsinin qarşısını alan əsas amillər sırasında həm risk qorxusu, həm də kapital çatışmazlığı xüsusi yer tutur. Real iqtisadi mənzərə göstərir ki, bu iki faktor bir-birini tamamlayır və gənclərin sahibkarlığa başlamasını ciddi şəkildə ləngidir". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Asif İbrahimov deyib.Onun sözlərinə görə, bir çox gənc biznes ideyasına sahib olsa da, ilk addımı atmaqda tərəddüd edir: "Bunun əsas səbəblərindən biri risklə bağlı daxili narahatlıqlardır. Gənclər bazardakı dəyişkənliyi, rəqabətin yüksəkliyini, uğursuzluq halında itiriləcək resursları və sosial mühitin reaksiyasını nəzərə alaraq özlərini daha təhlükəsiz olan stabil iş axtarışına yönəldirlər. Əlavə olaraq, maliyyə savadlılığının, bazar biliklərinin və təcrübənin məhdud olması da riskləri daha böyük göstərir və gənclərdə güvənsizlik yaradır. Onların əksəriyyəti biznes planlaşdırma, maliyyə idarəçiliyi və satış strategiyaları üzrə peşəkar dəstək almadan işə başlamağın çətin olduğunu qeyd edir. Digər tərəfdən, kapital çatışmazlığı real və obyektiv bir problemdir. Gənclərin əksəriyyətinin şəxsi vəsaiti məhduddur, bank kreditləri isə yüksək faiz dərəcələri, tələb olunan girov şərtləri və mürəkkəb prosedurlara görə əlçatan sayılmır. İnvestorların gənclərin layihələrinə inam göstərməsi üçün isə adətən əvvəlcədən nəticə və təcrübə tələb olunur. Bu da yeni başlayan sahibkarlar üçün bir növ qapalı dövr yaradır: təcrübə olmadan investisiya tapmaq çətindir, investisiya olmadan isə təcrübə qazanmaq.Beləliklə, gənclərin biznesə başlamasına mane olan amilləri bir-birindən ayırmaq düzgün deyil. Risk qorxusu daha çox psixoloji və sosial xarakter daşıyan baryer kimi çıxış edirsə, kapital çatışmazlığı daha çox iqtisadi və institusional məhdudiyyətlərdən qaynaqlanır. Effektiv sahibkarlıq siyasəti üçün bu iki amilin paralel şəkildə aradan qaldırılması vacibdir. Bunun üçün gənclər üçün güzəştli kreditlər, qrantlar, startap inkubatorları, mentorluq proqramları və praktiki biznes təhsili kimi dəstəklər genişləndirilməlidir. Gənclərin biznesə cəlb olunması yalnız iqtisadi resursların artırılması ilə deyil, həm də psixoloji baryerlərin aradan qaldırılması, inam mühitinin gücləndirilməsi və real dəstək mexanizmlərinin möhkəmləndirilməsi ilə mümkün ola bilər".

Müəllif: Ziya Hikmətoğlu

Digər xəbərlər