PDF Oxu

Siyasət

  • 1 213

Xocalı soyqırımı — XX əsrin faciəsi

image

Azərbaycan xalqının XX əsrdə üzləşdiyi dəhşətli Xocalı faciəsi yalnız Holokost, Xatın, Lidisa, Oradur, Sonqmi soyqırımı kimi insanlıq tarixinə düşmüş qanlı olaylarla müqayisə oluna bilər. Xocalı faciəsi təsadüfi hadisə deyil. Xocalı faciəsini törətməklə ermənilər xalqımızı qorxutmaq, mübarizə əzmini qırmaq, tarixi torpaqlarımızın bir qisminin itirilməsi ilə barışmağa məcbur etmək istəyirdilər. Lakin hiyləgər düşmən məqsədinə çata bilmədi. Xalqımız öz dövlətinin suverenliyi və ərazi bütövlüyü uğrunda mübarizədə daha da mətnləşdi, qəhrəmanlıq və dəyanət nümayiş etdirdi.

Əslində, Xocalı faciəsi bir günün, bir gecənin hadisəsi deyildi. Ermənilər bu faciəyə Dağlıq Qarabağ münaqişəsi başladıqdan sonra hazırlıq görmüşdülər. Elə həmin vaxtdan da Xocalı qətliamının əsası qoyulurdu. Ümumiyyətlə, son iki əsrdə erməni millətçiləri tarixi Azərbaycan torpaqları hesabına mifik “Böyük Ermənistan” ideyasını gerçəkləşdirmək məqsədilə ardıcıl şəkildə xalqımıza qarşı terror, kütləvi qırğın, deportasiya və etnik təmizləmə siyasəti aparıblar. Xocalı soyqırımı erməni millətçiləri və onların havadarlarının Azərbaycan xalqına qarşı həyata keçirdiyi soyqırımı siyasətinin ən qanlı səhifəsidir. Dünyanın gözü qarşısında baş vermiş, qəddarlığı və amansızlığı ilə fərqlənən bu ağır cinayətə görə siyasi-hüquqi məsuliyyət birbaşa Ermənistanın ozamankı rəhbərliyinin üzərinə düşür.
1992-ci il fevralın 25-də axşam saat 23:00 radələrində 366-cı alayla birlikdə ermənilər Xocalı şəhəri ətrafında döyüş mövqeyi tutmağa başladı. 50-dən artıq “Qrad” və “Alazan” tipli raketlərdən və tanklardan Xocalını iki saata qədər durmadan atəşə tutaraq təlafatlar törətdilər. Soyqırımı törədənlər Xocalı sakinlərini misli görünməmiş qəddarlıqla öldürmüş, diri-diri yandırmış, başlarının dərisini soymuş, gözlərini çıxarmışdılar. Bütövlükdə isə erməni təcavüzkarlarının Azərbaycan xalqına qarşı törətdikləri növbəti soyqırımı nəticəsində 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq, 70 qoca amansızcasına qətlə yetirilib. 487 nəfər şikəst olub, 1275 dinc sakin əsir götürülüb, 150 nəfər isə itkin düşüb. Bu soyqırımı aktı nəticəsində bəzi ailələr bütünlüklə məhv edilib, mülki əhali görünməmiş qəddarlıqla qətlə yetirilib, əsir götürülənlərə amansız işgəncə verilib. Təkcə onu qeyd etmək kifayətdir ki, ermənilərin insanlığa sığmayan dəhşətli cinayət əməlləri nəticəsində Xocalı şəhərində 105 sosial-məişət obyekti, 3200 fərdi yaşayış binası, 14 məktəb, 21 klub, 29 kitabxana, üç mədəniyyət evi və bir tarix-diyarşünaslıq muzeyi dağıdılıb. Bununla yanaşı, şəhərdə XIV-XV əsrə aid türbələr, günbəzlər, məzarlar yerlə-yeksan olunub, qəbiristanlıq vandallara xas üsullarla dağıdılıb, ümumiyyətlə, bu torpağın ən qədim sakinləri olan azərbaycanlılara aid bütün izlər silinib.
Bu soyqırımı, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir”—deyən ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli Məclis “Xocalı Soyqırımı Günü haqqında” qərar qəbul etdi. BMT-dən, dünya dövlətlərindən bu qətliamın gerçək mahiyyətini açıqlayaraq beynəlxalq ictimaiyyəti erməni terrorizminə qarşı təsirli tədbirlər görülməsi tələb olundu. Qəbul edilmiş qərara əsasən, 1992-ci il fevralın 26-da erməni təcavüzkarları tərəfindən törədilmiş, Azərbaycan xalqının milli faciələrindən və bəşər tarixinin qanlı səhifələrindən biri olan Xocalı hadisələri hər il fevralın 26-da Xocalı Soyqırımı Günü kimi qeyd olunur. Ümummilli liderimizin “Xocalı soyqırımı qurbanlarının xatirəsinə sükut dəqiqəsi elan edilməsi haqqında” 1997-ci il fevralın 25-də imzaladığı sərəncamla hər il fevral ayının 26-sı saat 17.00-da ölkəmizdə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunur.
“Xocalı faciəsi erməni millətçilərinin yüzilliklər boyu türk və Azərbaycan xalqlarına qarşı apardığı soyqırımı və etnik təmizləmə siyasətinin qanlı səhifəsi idi”- deyən Prezident İlham Əliyevin gərgin əməyinin nəticəsidir ki, hazırda dünyanın əksər dövlətləri Xocalı qətliamını əsl soyqırımı kimi tanıyır və qəbul edir.
Əldə edilən uğurlara Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın zəngin fəaliyyəti töhfələr verməkdədir. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbəri olduğu Heydər Əliyev fondu bəşəriyyətin ən dəhşətli faciələrindən olan Xocalı soyqırımı haqqında faktların dünyaya çatdırılması istiqamətində çox sistemli və ardıcıl fəaliyyət göstərir. 2009-cu ilin fevralından isə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən “Xocalıya Ədalət” kampaniyası isə ermənilərin cinayətkar əməllərin ifşa olunmasında müstəsna rola malikdir. Bu kampaniya çərçivəsində dünyanın müxtəlif ölkələrində mitinqlər, yürüşlər və tədbirlər təşkil olunmuşdur. Kampaniyanın əsas məqsədi Xocalı qətliamının insanlığa qarşı törədilmiş ən böyük cinayət kimi beynəlxalq ictimaiyyət tərəfindən tanınmasıdır. Xocalı soyqırımı bir çox ölkələrdə qəbul olunan parlament aktlarında tanınıb və xatırlanıb. Bu vaxtadək Bosniya və Herseqovina, Kolumbiya, Çex Respublikası, Honduras, İordaniya, Meksika, Pakistan, Panama, Peru, Sudan, Cibuti, Qvatemala, Paraqvay, Sloveniya, Şotlandiya, İndoneziya və Əfqanıstanın qanunverici orqanları, həmçinin ABŞ-nin 20-dən çox ştatı tərəfindən müvafiq parlament qətnamələri qəbul edilib.“Xocalıya ədalət” bu gün bəşəriyyəti terror nəticəsində zülm və işğəncələrdən əziyyət çəkən milyonlarla insanın taleyi uğrunda mübarizəyə çağıran mənəvi bir cəbhədir.“Xocalıya ədalət!” kampaniyası bütün dünyada insanları müharibəyə, ədalətsizliyə qarşı çıxmağa səsləyir. Kampaniya bir çox ölkələrdə səmərəli şəkildə fəaliyyət göstərir və 100 minlərlə şəxs və 115-dən çox təşkilat onun fəaliyyətini dəstəkləyir. “Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu böyük şücaət və yüksək döyüş hazırlığı göstərərək 44 günlük Vətən müharibəsində 30 ilə yaxın işğal altında olan torpaqlarımızı geri qaytardı. Xocalı şəhəri 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində separatçılardan təmizlənib. Prezident İlham Əliyev 2023-cü il oktyabrın 15-də Ağdərə, Əsgəran, Xocavənd, Xankəndi ilə yanaşı, Xocalı şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıb. Xocalı faciəsində iştirak etmiş hərbi xunta rejiminin başçıları tutularaq Bakıya gətirilib və hazırda onların məhkəməsində Xocalı faicəsi cinayət epizodlarından biri kimi qeyd olunub. Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə Qarabağda və Şərqi Zəngəzurda, o cümlədən Xocalıda genişmiqyaslı bərpa-quruculuq işləri aparılır. Böyük Qayıdışa dair Dövlət Proqramının uğurla həyata keçirilir bir neçə gün öncə Prezident İlham Əliyevin Qarabağa səfəri çərçivəsində Xocalıda da oldu və Ballıca kəndinə köçən sakinlərlərlə görüşdü. Xocalı şəhidlərinin qisasının alındığını, onların qanının yerdə qalmadığını bu ilin yanvarında telekanallara müsahibəsində Prezident İlham Əliyev bir daha bildirib. Dövlətimizin başçısı bununla bağlı deyib: “Xocalıda bayrağı qaldıranda fikirləşirdim, bax, bu gün biz tam əminliklə deyə bilərik ki, Xocalı qurbanlarının qanı yerdə qalmadı. Xocalıda bayrağın qaldırılması daha da həyəcanlı idi, onu açıq deyə bilərəm. Xankəndidə isə bayrağın qaldırılması ədalətin tam bərpası idi və Zəfərimizin son nöqtəsi idi”. Onu da qeyd edək ki, dövlət başçısı Xocalı şəhərində Xocalı Soyqırımı Memorial Kompleksi yaradılması ilə bağlı sərəncam verib. Sərəncam Azərbaycan xalqına qarşı törədilmiş soyqırımının beynəlxalq səviyyədə tanıdılması və Xocalı faciəsi qurbanlarının əziz xatirəsinin əbədiləşdirilməsi məqsədi daşıyır. Xalqımız Xocalı faciəsini heç bir zaman unutmayacaq və Xocalıda qətlə yetirilənlərin əziz xatirəsi Azərbaycan xalqının yaddaşında daim yaşayacaq.

Həbib Misirov
YAP Kəlbəcər rayon təşkilatının sədri

Digər xəbərlər