Prezident İlham Əliyev Xocalı şəhərində Xocalı Soyqırımı Memorial Kompleksinin yaradılması haqqında Sərəncam imzalayıb
Düz 33 il bundan əvvəl dünyanın gözü qarşısında ermənilər bəşəriyyət tarixində ən ağır cinayətlərdən birini - Xocalı soyqırımını törətdilər. Ermənilərin şəhərə daxil olması nəticəsində Xocalını tərk etmək məcburiyyətində qalan köməksiz insan daşnaklar tərəfindən misli görünməmiş xüsusi amansızlıqla qətlə yetirildi. Düşmən hərbi texnika və qüvvə baxımından bir neçə dəfə çox olduğundan, Xocalı şəhəri işğal edildi. Az bir vaxt ərzində şəhərdə böyük miqyaslı yanğınlar baş verdi, şəhər tamamilə alova büründü. Evlərə-eşiklərə od vuruldu, torpaq al qana qərq edildi. Düşmən rəhm diləyən qocaya, xəstəyə, qadına aman vermədi. Uşaqlar valideynlərinin gözləri qarşısında xüsusi qəddarlıqla qətlə yetirilirdilər. Aramsız güllə yağışından qurtulub ayağıyalın, başıaçıq halda meşələrə, dağlara üz tutanların çoxusu yolda dondu, qar uçqunlarına düşdü. Bəşəriyyətin ən qədim yaşayış məskənlərindən olan Xocalı bir gecənin içərisində yerlə yeksan edildi. Qanlı qırğından sağ qalan əhali dağlara, meşələrə qaçdı. Dinc əhalini təqib edən silahlı ermənilər onları güllələyir, ələ keçənlərə amansız işgəncələrlə divan tuturdular. Xocalı soyqırımının nəticələri çox dəhşətli idi. Cinayət cəzasız qalmamalıdır. Ermənistanın hərbi-siyasi təcavüzü dünya ictimaiyyəti tərəfindən ittiham edilməlidir.
Bu hadisə XX əsrin ən dəhşətli və qəddar faciələrindən biri hesab edilir. Xocalı soyqırımı tarixdən bizə məlum olan Babiyar, Xatın, Liditse, Srebrinitsa soyqırmı faciələri ilə eyni səviyyədə durur. Bu gün Xocalı əzəli skinlərini qarşılayır. ”Xocalı Soyqırımı Memorial Kompleksinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidenti Sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycan xalqına qarşı törədilmiş soyqırımının beynəlxalq səviyyədə tanıdılması və Xocalı faciəsi qurbanlarının əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Xocalı şəhərində Xocalı Soyqırımı Memorial Kompleksi yaradılacaq. Xocalı Soyqırımı Memorial Kompleksinin yaradılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 11 fevral tarixli 479 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsində işğaldan azad edilmiş ərazilərin yenidən qurulması və bərpası üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.29-cu yarımbəndində göstərilmiş məbləğin 18,3 milyon (on səkkiz milyon üç yüz min) manatı Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə ayrılacaq.
ERMƏNİLƏRİN TÖRƏTDİKLƏRİ MİSLİ GÖRÜNMƏMİŞ VƏHŞİLİK
Ermənistan Respublikasının Azərbaycan Respublikasına hərbi təcavüzü ilə başlanan I Qarabağ müharibəsi (1991–1994) zamanı Ermənistan tərəfindən Şərqi Zəngəzur və Qarabağ işğal edilərək dağıdılmış, Azərbaycan xalqına qarşı ən ağır beynəlxalq cinayətlər törədilmişdir.
1992-ci il fevralın 26-da Xocalı şəhəri işğal edilərkən dinc əhaliyə qarşı etnik zəmində törədilən soyqırımı cinayəti münaqişənin ən qanlı səhifəsidir.
Belə ki, erməni silahlı birləşmələri tərəfindən aylarla blokada şəraitində saxlanılaraq, ərzaq, elektrik enerjisi və bütün kənar yardımlardan məhrum edilən 2500-ə yaxın Xocalı sakini düşmənin çoxsaylı təhdidlərinə baxmayaraq, şəhəri tərk etməkdən imtina etmişdi. Fevralın 25-dən 26-na keçən gecə davamlı artilleriya atəşindən sonra Ermənistan silahlı qüvvələri və yarım-hərbi birləşmələri keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının köməyi ilə şəhərə hücum edərək, mülki əhaliyə misli görünməmiş vəhşiliklə divan tutmuşlar. Həmin qətliam nəticəsində 613 azərbaycanlı, o cümlədən 106 qadın, 63 uşaq, 70 ahıl xüsusi amansızlıqla qətlə yetirilmiş, 1275 nəfər əsir götürülmüş, onlardan 150-nin taleyi isə indiyədək naməlum qalmışdır. 8 ailə tamamilə məhv edilmiş, 25 uşaq valideynlərindən hər ikisini, 130 uşaq isə valideynlərindən birini itirmişdir. 487 şəxs, o cümlədən 76 uşaq məruz qaldıqları ağır fiziki və psixoloji işgəncələrdən ömürlük əlilə çevrilmişdir.
Qeyd edək ki, o ərəfədəki vəziyyət birdən-birə yaranmayıb. Bu münaqişə ilə bağlı ermənilərin apardıqları hazırlığın nəticəsi idi. Xocalının coğrafi mövqeyi elə idi ki, bu rayona gəlmək üçün ermənilər yaşayan iki-üç məntəqədən keçmək lazım idi. Yəni Xocalı, bütünlükdə, erməni yaşayış məntəqələrinin mühasirəsində idi. Belə ki, 5 kilometr məsafədən şərqdə Əsgəran idi, yuxarıda - 10 km məsafədə Xankəndi və ətrafda 20-dən çox erməni yaşayış məntəqələri yerləşirdi. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı faciəsi baş verdi. Xocalıya hücuma gələn xüsusi təlimatlanmış və silahlanmış canlı qüvvənin qarşısında Xocalı müdafiəçilərinin əlində bir əl pulemyotu, ov tüfəngləri, bir neçə avtomat silahı var idi. Son ana qədər vətəni tərk etmədilər. Vətəni qoyub çıxmaq xocalılıların heysiyyatına toxunurdu. Xocalı faciəsi zamanı şəhid olanların əksəriyyəti dinc əhali oldu. Yəni qocalar, uşaqlar və qadınlar.
Ermənilərin törətdikləri əməllərin ən dəhşətlisi Xocalı soyqırımı oldu. Əlbəttə, bu gün həmin hadisələri geniş rakursda təhlil etdikdə bəlli olur ki, ermənilər Xocalı soyqırımını törətməkdə siyasi və strateji məqsəd güdürdülər. Belə ki, Xocalı Qarabağda strateji əhəmiyyətli mövqeyə malik idi, həm də düşmənin məkrli niyyətlərinin reallaşmasına ən böyük maneə rolunu oynayırdı. 1992-ci il fevralın 26-da baş verən faciə xalqımızın taleyində ən ağır və acılı anlarından biri kimi yaşandı.
BƏŞƏRİYYƏT TARİXİNDƏ ƏN AĞIR CİNAYƏTLƏRDƏN BİRİ
Beləliklə, dünyanın gözü qarşısında ermənilər bəşəriyyət tarixində ən ağır cinayətlərdən birini - Xocalı soyqırımını törətdilər. Xocalıda erməni terrorizminin amansızlığını təsdiq edən faktlardan biri də odur ki, terror əməliyyatı zamanı istifadəsi qadağan olun xüsusi təhlükəli kütləvi qırğın silahlarından geniş istifadə olunmasıdır. Belə ki, vaxtilə Novosibirisk şəhərində "Suxoy" Hərbi-Sənaye Kompleksində baş konstruktor işləyən Mixail Poqosyan keçmiş SSRİ MN-in baş qərargahında ixtira etdiyi yeni mərmilərin radiusunu, hədəfdəymə məqamlarını sınaqdan çıxarmaq üçün ən gözəl coğrafi cəhətdən dəyərli yer-məkan Azərbaycanın qərb zonasını təklif etmişdir və Xocalı seçilmişdir. Xocalı şəhərində həyata keçirilən genişmiqyaslı soyqırımı zamanı SSRİ-nin hərbi-sənaye komplekslərində möhtəşəm yer tutan "T-80" tanklarının mühərriki, tərkibində kimyəvi silahlara məxsus başlığı olan mərmilər, Kalaşnikov avtomatına məxsus yeni güllələr, vərəm və "Sibir xorası" əleyhinə vaksinlər və zirehli geyimlər sınaqdan çıxarılıb.
ETNİK TƏMİZLƏNMƏ VƏ SOYQIRIMI SİYASƏTİNƏ MƏRUZ QALAN YÜZ MİNLƏRLƏ AZƏRBAYCAN TÜRKLƏRI
Bu gün dünya ictimaiyyətinə Azərbaycan həqiqətləri geniş şəkildə çatdırılır. Dünya insanı Xocalıda baş verən olayları layiqli və düzgün qiymətləndirir. Bu gün Xocalı soyqırımının tanınması Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirilmişdir. Xocalı həqiqətlərinin dünyaya çatdırılması, beynəlxalq aləmdə yayılması, eləcə də, bu soyqırımına obyektiv qiymət verilməsi istiqamətində, davamlı olaraq, addımlar atılır. Aparılan bu uğurlu siyasətin nəticəsidir ki, dünya ölkələrinin bir qismi tərəfindən Xocalı soyqırımının rəsmən tanıması barədə qərar qəbul edilib.
Beynəlxalq hüquqa əsasən, genosid ən ağır cinayətlərdəndir. Genosidin hüquqi əsası bir sıra sənədlərdə öz əksini tapmışdır. BMT Baş Məclisinin 1946-cı il 11 dekabr tarixli qətnaməsində qeyd olunur ki, genosid insan qruplarının yaşamaq hüququnu pozmaqla insan mənliyini təhqir edir, bəşəriyyəti insanlar tərəfindən yaradılan maddi və mənəvi dəyərlərdən məhrum edir. Xocalıda törədilən əməllər BMT-nin məqsəd və vəzifələrinə, ümumbəşəri dəyərlərə tamamilə ziddir. Ermənilərin azərbaycanlılara qarşı yürüdülən soyqırımı siyasətinin tarixi əsrləri əhatə edir. Hadisələri ardıcılıqla izləsək, görərik ki, Azərbaycanın başına gətirilən olaylar tarixdə, demək olar ki, eyni ssenari üzrə cərəyan edib. Artıq dərk edirik ki, ermənilər tarixən təkcə bizlərə qarşı deyil, bütün türk dünyasına qarşı torpaq iddiaları ilə çıxış edib və indi də etməkdədirlər. Belə ki, tarixi reallıqlar, bizə deməyə əsas verir ki, 1905-1907, 1918-1920, 1948-1953-cü illərdə Cənubi Qafqazdakı tarixi ərazilərində etnik təmizlənmə və soyqırımı siyasətinə məruz qalan yüz minlərlə Azərbaycan türkləri erməni daşnakları tərəfindən kütləvi surətdə qətlə yetirilmiş və ata-baba yurdlarından deportasiya edilmişlər.
XOCALINI İŞĞAL ETMƏK PLANI HƏRBİ MƏQSƏDLƏRLƏ MƏHDUDLAŞMIRDI
Ermənistanın bütün cəhdlərinə, xüsusilə də o dövrdə yaratdığı informasiya blokadasına baxmayaraq, cinayətin miqyası və ağırlığı dünyanın aparıcı media qurumlarının və beynəlxalq təşkilatlarının hesabatlarında işıqlandırılmışdı. Yerli və xarici jurnalistlərin faciədən sonra Xocalı şəhəri və ətraf ərazilərdən topladıqları foto və video materiallar, o cümlədən şahid ifadələri hadisənin bütün dəhşətlərini açıq-aşkar göstərir. Avropa İnsan Hüquqları Məhkəməsinin 2010-cu ildə məsələ ilə bağlı çıxardığı yekun qərarda Xocalıda törədilən əməllər müharibə cinayətləri və insanlıq əleyhinə cinayət kimi qiymətləndirilmişdir.
Sərəncamda qeyd olundugu kimi, Ermənistanın Xocalını işğal etmək planı hərbi məqsədlərlə məhdudlaşmır, eyni zamanda həmin ərazilərdəki Azərbaycan xalqına məxsus zəngin tarixi-mədəni izləri silmək, mədəni irsi məhv etmək və saxtalaşdırmaq niyyəti güdürdü.
Xocalı soyqırımının əsl hüquqi qiymətini alması və dünyanın belə bir cinayətdən xəbərdar olması ilə bağlı milli səviyyədə addımlar Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra atılmışdır. Milli Məclisin 1994-cü il 24 fevral tarixli qərarı ilə fevralın 26-sı Xocalı Soyqırımı Günü elan edilmiş və bu barədə beynəlxalq təşkilatlara məlumat verilmişdir.
Dövlət qurumları, xaricdə yaşayan soydaşlarımız, vətəndaş cəmiyyəti institutları, xüsusən, Heydər Əliyev Fondu Xocalı soyqırımının unudulmaması və beynəlxalq ictimaiyyət tərəfindən tanınması üçün əzmlə fəaliyyət göstərmişlər. Xocalı soyqırımının beynəlxalq səviyyədə tanıdılması məqsədilə Heydər Əliyev Fondunun dəstəyi ilə 2008-ci ildə başladılmış “Xocalıya ədalət!” maarifləndirmə kampaniyası çərçivəsində dünyanın bir çox ölkələrində Xocalı faciəsi ilə bağlı məlumatlılıq artırılmış, bir sıra tədbirlər, təqdimatlar, sərgilər keçirilmiş, kitab və məqalələr dərc edilmişdir.
Həmin kampaniya sayəsində 18 ölkənin qanunverici orqanı, ABŞ-nin 24 ştatı, həmçinin İslam Əməkdaşlıq Təşkilatı və Türk Dövlətləri Təşkilatı Xocalıda baş vermiş faciəni soyqırımı kimi tanımış və pisləmişdir. Hazırda xarici ölkələrdə Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış 10 abidə mövcuddur.
AZAD XOCALIDA AZƏRBAYCAN BAYRAĞI UCALDILIB
2020-ci ilin sentyabr - noyabr aylarında 44 günlük Vətən müharibəsi və 2023-cü ilin sentyabr ayında birgünlük lokal xarakterli antiterror əməliyyatında Azərbaycan Ordusunun rəşadəti və qəhrəmanlığı sayəsində tarixi torpaqlarımız, o cümlədən Xocalı rayonu işğaldan azad olundu və 2023-cü il oktyabrın 15-də Xocalıda Azərbaycan Bayrağı ucaldıldı. Böyük Qayıdış Proqramı çərçivəsində Xocalı rayonuna indiyədək 164 ailə (766 nəfər) köçürülüb.
Onlardan 52 ailə (204 nəfər) Xocalı şəhərinə, 112 ailə (562 nəfər) isə Ballıca kəndinə yerləşdirilib.
Qeyd edək ki, Xocalı şəhərinə ilk köç 2024-cü il mayın 27-də həyata keçirilib. Bölgədə yaşayış üçün zəruri infrastruktur qurulub, sosial obyektlər istifadəyə verilib. Məcburi köçkünlərin geri dönüşü mərhələli şəkildə davam etdirilir.
İşğaldan azad edilmiş bütün ərazilərdə hazırda sürətli bərpa-quruculuq işləri və Böyük Qayıdış prosesi davam etməkdədir.
ZÜMRÜD BAYRAMOBA