İtaliyanın katolik icmasına məxsus olan "Faro di Roma" qəzetində Xocalı soyqırımının 33-cü ildönümü ilə bağlı məqalə dərc edilib.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, materialda Azərbaycanın 2020-ci ildə 44 günlük Vətən müharibəsində Qələbə qazanmasına baxmayaraq, Ermənistan və Azərbaycan arasındakı münaqişənin postsovet məkanında davam edən ən qədim münaqişə olduğu bildirilir.
Qeyd edilir ki, münaqişənin kökündə ermənilərin Azərbaycana qarşı çoxəsrlik ərazi iddiaları dayanır. 1988-ci ilin əvvəllərində ermənilər Qarabağın Azərbaycandan birtərəfli qaydada ayrılması və Ermənistana birləşdirilməsi planını həyata keçirmək üçün Azərbaycana qarşı təcavüzkar hərəkətlərə başladılar. 1991-ci ilin sonu və 1992-ci ilin əvvəllərində Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı hərbi əməliyyatları və hücumları intensivləşdi. Qarabağ bölgəsinin ümumi sahəsi 940 kvadratkilometr təşkil edən və münaqişədən əvvəl 7000 əhalisi olan, əksəriyyəti azərbaycanlıların yaşadığı Xocalı şəhəri belə əməliyyatlardan birinin hədəfinə çevrildi. 1991-ci ilin oktyabrına qədər şəhər tamamilə erməni qüvvələri tərəfindən mühasirəyə alındı, oktyabrın 30-da yerüstü nəqliyyat əlaqəsi kəsildi və helikopterlər yeganə nəqliyyat vasitəsinə çevrildi. Daha sonra Şuşa şəhəri üzərində mülki helikopterin vurulması nəticəsində 40 nəfər həlak oldu və beləliklə helikopterlərin hərəkəti də dayandırıldı. 1992-ci ilin yanvar ayından şəhərə elektrik enerjisinin verilişi də kəsilmişdi.
Yazıda vurğulanır ki, Ermənistan Xocalını işğal etməklə strateji üstünlük qazanmaq və Qarabağ bölgəsindəki digər şəhərləri də ələ keçirmək üçün əlverişli şərait əldə etmək məqsədi güdürdü. Erməni vəhşiliyinin arxasında duran ideya azərbaycanlıların döyüş ruhunu əyərək sonrakı hərbi əməliyyatlarda psixoloji üstünlük əldə etmək və hər şeydən əvvəl Xocalını xəritədən silmək idi. Çünki şəhərdə və ətraf ərazilərdə tarixin izləri ermənilərin ərazi iddialarını təkzib edən sübutlar idi.
Diqqətə çatdırılır ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə kütləvi artilleriya bombardmanından sonra keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının dəstəyi ilə Ermənistan silahlı qüvvələri və yarımhərbi birləşmələri şəhəri tutmaq üçün hərəkətə keçdi. Həmin gecə amansız qırğın nəticəsində 613 nəfər həlak oldu. Qocalar, qadınlar və uşaqlar vəhşicəsinə qətlə yetirildi, 1275 nəfər girov götürüldü. Ümumilikdə 150 nəfər hələ də itkin düşmüş sayılır.
Məqalədə Xocalıda baş verənlərin dinc əhaliyə qarşı törədilmiş dəhşətli qanlı hadisə və Ermənistanla Azərbaycan arasındakı münaqişənin ən böyük qətliamı olduğu bildirilir. Qeyd olunur ki, Ermənistan silahlı qüvvələri Xocalıda beynəlxalq hüququn bütün normalarını kobud şəkildə pozub. Azərbaycanın bu qətliamı soyqırımı kimi qiymətləndirdiyi və beynəlxalq ictimaiyyəti bu barədə məlumatlandırmaqla bağlı səylərini davam etdirdiyi vurğulanır.
...Xocalı soyqırımının ildönümü ilə bağlı