PDF Oxu

Siyasət

  • 1 312

Möhkəm dostluğun təməli

image

Azərbaycanın xarici siyasət uğurları davamlılığı ilə diqqətdədir. Belə ki, xarici siyasətində ikitərəfli və beynəlxalq təşkilatlar daxilində əlaqələrin inkişafına xüsusi önəm verən ölkəmizin bu sahədə qazandığı uğurlar göz qabağındadır. Bu fikri böyük əminliklə qeyd edirik ki, tarixi Zəfərimizdən, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpasından sonra ölkəmizin beynəlxalq münasibətlər sistemində rolu daha da artıb. Bunu qarşılıqlı səfərlərin dinamikası, eyni zamanda səfər çərçivəsində söylənilən fikirlər də təsdiqləyir. Ümumilikdə Azərbaycan böyüklüyündən, kiçikliyindən asılı olmayaraq bütün dövlətlərlə bərabərhüquqlu, qarşılıqlı maraq və hörmət prinsipləri əsasında əlaqələr qurur. Onu da qeyd edək ki, hazırda Azərbaycanın Balkan yarımadası dövlətləri ilə əməkdaşlıq əlaqələrinin genişlənməsi xarici siyasətin prioritet istiqamətlərindən biridir. Məsələnin mahiyyəti ondan ibarətdir ki, Qərbi Avropa dövlətləri ilə sərhəddə yerləşən Balkan ölkələri Şərqlə ticarət, nəqliyyat və tranzit əlaqələrin qurulmasında mühüm rol oynayır. Martın 11-də Şimali Makedoniya Respublikasının Prezidenti Qordana Silyanovska-Davkovanın ölkəmizə rəsmi səfəri bunun bariz nümunəsidir. Bu, Qordana Silyanovska-Davkovanın Azərbaycana ikinci səfəridir. Ötən il Azərbaycanın ev sahibliyi etdiyi COP29 iqlim konfransında iştirak etmək üçün ölkəmizdə səfərdə olan Şimali Makedoniya Prezidentinin qısa vaxtda ikinci dəfə Azərbaycana rəsmi səfər etməsi münasibətlərimizin bugünkü inkişafı barədə aydın təsəvvür yaradır.

Qeyd edək ki, Azərbaycan ilə Şimali Makedoniya arasında diplomatik münasibətlər 1995-ci ilin iyununda qurulub. Həmin ildə Azərbaycan Şimali Makedoniyanın müstəqilliyini tanıyıb. 2023-cü ildə Azərbaycanın Serbiyadakı səfiri, eyni zamanda, Şimali Makedoniyaya təyin olunub. Azərbaycan Şimali Makedoniya ilə münasibətlərin inkişafına əhəmiyyət verir və iki ölkə arasında əməkdaşlıq siyasi, iqtisadi və humanitar sahələri əhatə edir.
Sözügedən səfər çərçivəsində Prezidentlərin mətbuata birgə bəyanatları iki ölkə arasında əlaqələrin bu gününün və gələcəyinin təqdimatı oldu. Belə ki, “Noyabr ayında görüş əsnasında mən Sizi Azərbaycana rəsmi səfərə dəvət etmişəm və şadam ki, mənim dəvətimi qəbul edib bu gün rəsmi səfərdəsiniz. Biz ikitərəfli münasibətlərimizin inkişafı üçün fəal iş aparırıq. Şadam ki, ölkələrimiz arasında siyasi dialoq dinamik xarakter alır. Bizim xanım Prezidentlə ikinci görüşümüz qısa müddət ərzində bunun əyani sübutudur” söyləyən dövlət başçısı İlham Əliyev onu da qeyd etdi ki, siyasi əlaqələrimizin inkişafı üçün əlavə tədbirlər görülməlidir, müvafiq dövlət qurumları təbii olaraq sıx təmasda olmalıdırlar. Eyni zamanda, iqtisadi, sərmayə qoyuluşu sahəsində imkanlar araşdırılmalıdır. Təəssüf hissi ilə vurğulandı ki, bu günə qədər ticari-iqtisadi sahədə o qədər böyük nəticələr əldə edilməyib. Səfərdən və nümayəndə heyətlərinin təmaslarından sonra bu boşluğu da dolduracağıq.
İki ölkə energetika sahəsində əməkdaşlığa başlayıb. Azərbaycan qazı artıq Şimali Makedoniyanın bazarına çatdırılmışdır və bu, keçən ilin sonlarında baş verdi. Cənab İlham Əliyev bu əminliyi də ifadə etdi ki, gələcəkdə biz lazım olan həcmdə qaz təchizatını artıra bilərik. Çünki bu gün yeni qaz yataqlarının istismara verilməsi istiqamətində fəal iş aparırıq. Hazırda Azərbaycan 12 ölkəyə təbii qaz ixrac edir. Onlardan 10-nu Avropa ölkəsidir. Keçən il Azərbaycan xarici bazarları 25 milyard kubmetr qaz ilə təchiz etmişdir. Qaz təchizatımızın coğrafiyasının genişləndirilməsi gündəlikdə duran məsələdir. Avropa Azərbaycan qazına ehtiyac duyur. Təxminən üç il bundan əvvəl Bakıda imzalanmış Avropa İttifaqı ilə Azərbaycan arasında energetika sahəsində strateji tərəfdaşlıq Bəyannaməsi bunun əyani təzahürüdür. Bu gün Azərbaycan qazı bir çox Avropa ölkəsinin enerji təhlükəsizliyini təmin edir və Avropadakı tərəfdaşlarımızın xahişlərinə hər zaman böyük diqqətlə yanaşılır. Energetika sahəsində ikitərəfli formatda əməkdaşlıq tərəflər üçün çox önəmlidir. Prezident İlham Əliyev bildirdi ki, bu praktiki əməkdaşlıq digər sahələrdə də əməkdaşlığa gətirib çıxaracaq.
Hər bir səfər münasibətlərdə yeni səhifənin başlanğıcıdır. Şimali Makedoniya Prezidentinin ölkəmizə rəsmi səfəri çərçivəsində gündəmə gətirilən məsələlər əlaqələrin gələcək inkişafında əhəmiyyətli rol oynayacaq. Qordana Silyanovska-Davkovanın qeyd etdiyi kimi, səfər dərin dostluğun təməli olacaq.

Etibar Hacıyev
YAP Ağstafa rayon təşkilatının sədri

Digər xəbərlər