PDF Oxu

Siyasət

  • 1 170

Regional təhlükəsizlik mexanizmlərinin qurulması vacibdir

image

“İkinci Dünya müharibəsindən sonra qurulan dünya düzəni Qərbin “soyuq müharibə”dəki qələbəsindən sonra tədricən öz əhəmiyyətini itirməyə başladı. Avroatlantik məkanda yaranan daxili ixtilaflar, ABŞ-ın Avropa ilə yollarını ayırması, beynəlxalq hüquq sisteminin sıradan çıxması, “güclü olan haqlıdır” prinsipinin hakim olması, liberal dəyərlərin yerini ultra-radikalizmin tutması və beynəlxalq təşkilatlara olan inamın aradan qalxması ölkələri yeni axtarışlara, yeni dünya düzəni qurmağa sövq edir.

Ukraynanın ərazi bütövlüyünün və suverenliyinin geosiyasi bazarlığa çıxarılması, Yaxın Şərqdə dünyanın gözü qarşısında beynəlxalq hüququn heçə sayılması “kimə inanmalı” və “nəyə arxalanmalı” suallarını ortaya çıxarır. Bakıda keçirilən XII Qlobal Bakı Forumda da bu suallara cavab axtarıldı. Müzakirələr zamanı çox maraqlı, bəzən də üst-üstə düşməyən yanaşmalar, mövqelər ortaya qoyuldu. Azərbaycan Prezidenti İlham Əliyevin Forumun açılışında etdiyi çıxış, səsləndirdiyi konseptual fikirlər iştirakçılar tərəfindən maraqla qarşılandı. Xüsusilə də, ölkə başçısının ənənəvi qlobal düzənin sıradan çıxması fonunda ölkələrin yeni çağırışlara, siyasi şəraitə hazır olmaları üçün hansı addımlar atmalı olduqlarına dair yanaşması diqqət çəkdi. Cənab Prezident Forum zamanı “Euronews” televiziyasına verdiyi müsahibədə qlobal dünya düzəni və Azərbaycanın bu prosesdəki yeri barədə daha ətraflı məlumat verdi”. Bunu Milli Məclisin deputatı Tahir Mirkişili bildirib.Onun sözlərinə görə, həm XII Qlobal Bakı Forum, həm də Prezidentin “Euronews”a müsahibəsi beynəlxalq siyasətin, dünya düzəninin hazırkı durumunu və çıxış yollarını öyrənmək baxımından ciddi əhəmiyyət kəsb edir: “Formun əhəmiyyətini 50-dən artıq sabiq dövlət və hökumət başçısının iştirakı təsdiq etdi. Ölkə başçısı Forumun dünya siyasətinə təsirini vurğulayaraq, müxtəlif ölkələrdən yüksək səviyyəli siyasətçilərin iştirakını və burada fərqli fikirlərin toqquşmasını müsbət hal kimi qiymətləndirdi. Beynəlxalq hüququn selektiv tətbiqi dünya nizamının pozulmasında böyük rol oynadı. Qlobal cəngəlliyi xatırladan geosiyasi vəziyyət, xüsusilə də, inkişaf etməkdə olan ölkələrin qarşısına yeni şərtlər qoyur. Qeyri-müəyyən durumla üzləşməmək üçün ölkələr vaxtında öz yollarını, istiqamətlərini müəyyənləşdirməlidirlər. Cənab Prezidentin məsələyə yanaşması isə olduqca maraqlı və məntiqlidir. Hər bir ölkə öz təhlükəsizliyini və maraqlarını qorumaq üçün güclü olmalı, öz gücünə arxalanmalı, digər ölkələrlə ikitərəfli əlaqələri gücləndirməlidir. Qlobal çağırışlara qarşı immun sistemini gücləndirən Azərbaycanın xarici siyasəti bir çox ölkələr üçün yol xəritəsinə çevrilib. Super güclərin Şərq və Qərb cəbhələrində “əsas güc” olduqlarını sübut etmək üçün atdıqları təhlükəli addımlar siyasi və hərbi gərginliyi daha da artırır, ölkələrin müstəqilliyini, suverenliyini təhdid edir. Sanki ötən əsrin əvvəllərində olduğu kimi, dünya yenidən bölüşdürülür. Dağılan şəhərlər, məhv edilən iqtisadiyyat, ekoloji təhlükələr, didərgin düşən, öldürülən, yaralanan milyonlarla insanın taleyi gözləri qanla örtülmüş dövlətləri narahat etmir. Üç il öncə Ukrayna kimi bir dövləti böyük ümidlər, vədlər verib müharibəyə sürükləyən Qərb bu gün Kiyevi təslim olmağa çağırır. Suveren bir dövlətin taleyini onun iştirakı olmadan həll edirlər. Bütün bunlar onu göstərir ki, dünyanın aparıcı dövlətlərinə, beynəlxalq təşkilatlara, onların yaratdıqları sistemə güvənmək, etibar etmək olmaz. Hər bir ölkə milli təhlükəsizliyini özü təmin etməli, qlobal güclərin geosiyasi savaşında tərəfə çevrilməməlidir. Hər bir ölkə belə bir vəziyyətlə üzləşməmək üçün siyasi həll axtarışında olmalıdır. Ukrayna ordusunun ehtiyatda olan polkovniki, Ukrayna Prezidenti Ofisi rəhbərinin keçmiş müşaviri Aleksey Arestoviçin qeyd etdiyi kimi, belə vəziyyətə düşməmək üçün İlham Əliyev olmağı bacarmaq lazımdır”.Millət vəkili bildirdi ki, Azərbaycan əraziləri 30 ilə yaxın ermənilərin işğalı altında qaldı. BMT torpaqlarımızın erməni silahlıları tərəfindən boşaldılması və sahibinə qaytarılması üçün 4 qətnamə çıxardı. Biz ilk illərdə beynəlxalq hüquqa çox inanırdıq. Düşünürdük ki, bu qətnamələr icra olunacaq. Görəndə ki, Ermənistan kimi kiçik bir ölkə BMT kimi nüfuzlu qurumun qətnamələrini heçə sayır, münaqişəni həll etməli olan Fransa, ABŞ və Rusiya kimi dövlətlər Qarabağ məsələsində vahid mövqe sərgiləyərək Azərbaycanı güzəştə məcbur etmək istəyirlər, ölkə rəhbərliyi onlardan ümidini üzdü. Suverenliyini təmin etmək üçün iqtisadi, hərbi gücünü artırdı, ölkələrlə ikitərəfli əlaqələr qurdu. 2020-ci ildə Ordumuz 44 gün ərzində Qarabağı azad etdi, 2023-cü ilin sentyabrında isə ölkəmizdə separatçıların tabutunua sonuncu mismarı vurduq. Biz Cənubi Qafqazda, dünyada yeni reallıqlar yaratdıq. Sübut etdik ki, hərbi yolla da münaqişələri həll etmək, düşməni sülhə məcbur etmək olar. Ayrı-ayrı ölkələrin təxribat cəhdlərinə, bəyanatlarına baxmayaraq, dünya Azərbaycanın qələbəsini tanıdı. Cənubi Qafqazda uzun illər davam edən düşmənçilik arenasının hazırda fərqli müstəvidə yeni səhifədə davam etdiyini söyləyən Prezident indi nisbətən sakit dövrdə yaşadığımızı diqqətə çatdırdı. Sabitliyin davam etməsi üçün regional təhlükəsizlik mexanizmlərinin qurulması vacibdir”.

Digər xəbərlər