PDF Oxu

Siyasət

  • 1 034

Erməni terrorizmi milli kimliyimiz, mədəni irsimiz və tarixi yaddaşımıza qarşı…

image

31 Mart - Azərbaycanlıların Soyqırımı Günü tariximizdə dərin izlər buraxmış ən faciəli hadisələrdən biridir. 1918-ci ilin mart-aprel aylarında baş vermiş qanlı qırğınlar sistemli şəkildə həyata keçirilən, azərbaycanlıların milli kimliyinə, mədəni irsinə və tarixi yaddaşına qarşı yönəlmiş məqsədli və planlı soyqırımı aktıdır.

XX əsrin əvvəllərində erməni millətçilərinin irəli sürdüyü mifik “Böyük Ermənistan” ideyası regionun multietnik harmoniyasına və təhlükəsizlik mühitinə ciddi zərbə vurmuşdur. Bu planı həyata keçirmək istəyən daşnak dairələri müxtəlif dövrlərdə azərbaycanlılara qarşı genişmiqyaslı zorakılıq və etnik təmizləmə kampaniyaları təşkil etmişlər. Xüsusilə 1918-ci ildə Bakı Soveti və Daşnaksutyun partiyasının silahlı dəstələrinin iştirakı ilə həyata keçirilmiş qırğınlar bu siyasətin ən dəhşətli təzahürlərindən biri olmuşdur.
1918-ci ilin 30 mart – 3 aprel tarixlərində Bakıda və ətraf bölgələrdə baş verən qanlı hadisələr zamanı 30 mindən çox azərbaycanlı və digər yerli müsəlman əhali vəhşicəsinə qətlə yetirilmişdir. Silahsız əhali qadın, uşaq, yaşlı demədən amansız şəkildə öldürülmüş, məscidlər yandırılmış, tarixi-mədəni abidələr məhv edilmişdir. Bir çox məhəllələr dağıdılmış, insanlara mənsub evlər talan edilmiş, xalqın yaşayış mühiti və sosial strukturu darmadağın edilmişdir. O dövrdə Şamaxı və Qubada törədilən soyqırımı hadisələri də xüsusi qəddarlığı ilə seçilirdi. Tədqiqatlara əsasən, Şamaxıda 14-16 min insan, Qubada isə təqribən 4 min nəfər qətlə yetirilmişdir.
1918-ci ildə yaradılmış Fövqəladə İstintaq Komissiyası həmin dövrün cinayətlərini sənədləşdirmiş, yüzlərlə şahid ifadəsi və arxiv materialları toplanmışdır. Bu sənədlər qırğınların planlı şəkildə həyata keçirildiyini sübut edən əsas mənbələrdən biridir. Komissiyanın topladığı məlumatlar o dövrdə bir sıra beynəlxalq təşkilatlara və ölkələrə göndərilsə də, həmin illərin geosiyasi reallıqları bu faktların geniş şəkildə tanınmasına mane olmuşdur.
Ulu Öndər Heydər Əliyev tərəfindən 26 mart 1998-ci il tarixində imzalanmış “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanla 31 Mart tarixi rəsmi olaraq Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunur. Bu qərar gənc nəslin tarixi şüurunun formalaşdırılması və beynəlxalq ictimaiyyətin diqqətinin soyqırımı faktlarına yönəldilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Quba rayonunda 2007-ci ildə aparılan arxeoloji qazıntılar nəticəsində aşkarlanan kütləvi məzarlıq bu vəhşiliklərin təkzibolunmaz sübutudur. Həmin məzarlıqda tapılan insan qalıqları üzərində aparılmış tibbi və antropoloji tədqiqatlar bu insanların qeyri-insani şəkildə öldürüldüyünü sübut etmişdir.
Prezident İlham Əliyevin 30 dekabr 2009-cu il tarixli Sərəncamı ilə tarixi həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, gələcək nəsillərin milli yaddaşının qorunması və soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi məqsədilə Quba şəhərində “Soyqırımı memorial kompleksi“nin yaradılmasına qərar verilmişdir. Memorial kompleks 2013-cü il sentyabrın 18-də açılmışdır.
1918-ci ilin mart hadisələri dünya tarixində insanlığa qarşı törədilmiş ən qəddar cinayətlərdən biridir. Bu hadisələrin beynəlxalq hüquq normalarına əsasən dəyərləndirilməsi və dünya ictimaiyyəti tərəfindən soyqırımı kimi tanınması üçün səylər davam etdirilir. Soyqırımı həqiqətlərinin beynəlxalq aləmə çatdırılması həm millətin haqq mübarizəsi, həm də ümumbəşəri ədalət naminə aparılan tarixi missiyadır. Həmin məsələnin gündəmdə saxlanılması, sənədləşdirilməsi və diplomatik müstəvidə mütəmadi şəkildə təqdim olunması olduqca mühüm əhəmiyyət kəsb edir.

Heydər Əsədov
Milli Məclisin deputatı

Digər xəbərlər