ADA Universitetində dünyanın müxtəlif beyin mərkəzlərinin iştirakı ilə toplantıların keçirilməsi artıq ənənə halını alıb. Aprelin 9-da ADA Universitetində “Yeni dünya nizamına doğru” mövzusunda keçirilən beynəlxalq forum günümüzlə səsləşir. Bu Forum Azərbaycanın diplomatik gücünü və beynəlxalq məsələlərə çevik yanaşmasını bir daha nümayiş etdirir. Forumda 80 əcnəbi nümayəndənin iştirak etməsi Azərbaycanın beynəlxalq dialoqda və siyasi əməkdaşlıqda mühüm yer tutduğunu göstərir. Dövlətimizin başçısı qlobal gündəlikdə duran mühüm məsələlər ətrafında çoxsaylı tanınmış beynəlxalq ekspertlərlə fikirlərini bölüşmüş, dünyada baş verən mühüm proseslərə dair mövqeyini açıqlamış, bu dəyişikliklər fonunda ölkəmizin geosiyasi portretinin çizgilərini çəkmişdir. Cənab İlham Əliyev Azərbaycanın tarixi ərazilərinin azad edilməsi ilə bağlı mövzuya toxunaraq qondarma Qarabağ probleminin tarixi kökləri barədə forum iştirakçılarını məlumatlandırmaqla yanaşı Azərbaycanın bugünkü reallığı və beynəlxalq dəstək olmadan ölkənin ərazi bütövlüyünün öz gücü və siyasi-hərbi yolla bərpasının unikal presedent olduğunu iştirakçıların diqqətinə çatdırmışdır.
Forumda dövlətimizin başçısı Azərbaycanın beynəlxalq təşkilatlarla əməkdaşlığına da xüsusi yer ayırıb. Azərbaycanın xarici siyasət kursunda beynəlxalq təşkilatlarda fəal təmsilçilik istiqaməti mühüm yer tutur. Prezident İlham Əliyev beynəlxalq forumda beyin mərkəzlərinin təmsilçilərinin suallarını cavablandırarkən hazırda respublikamızın müxtəlif coğrafiyaları və siyasi-iqtisadi qütbləri təmsil edən bir sıra nüfuzlu təsisatlarla əməkdaşlığının kifayət qədər yüksək səviyyədə olmasından məmnunluğunu ifadə edib. Diqqəti çəkən mühüm məqamlardan biri ondan ibarətdir ki, ölkəmizin müxtəlif beynəlxalq təşkilatlarla münasibətləri bir qayda olaraq qarşılıqlı maraqlara əsaslanır. Məlumdur ki, bəzi dövlətlər sırf öz maraqlarının təmin edilməsi naminə beynəlxalq təsisatların sıralarına daxil olurlar. Azərbaycan isə tamam fərqli bir nümunə ortaya qoyur. Belə ki, respublikamız geniş imkanlarını təqdim etməklə üzv olduğu təşkilatların nüfuzunun artmasına, qlobal həmrəyliyin güclənməsinə davamlı töhfələr verir. 120 dövləti birləşdirən Qoşulmama Hərəkatı ilə genişlənən əməkdaşlıq Azərbaycanın beynəlxalq təsisatlarda fəal iştirakçılığına əyani nümunədir. Prezident İlham Əliyev forumda ökəmizin Qoşulmama Hərəkatında (QH) yaxşı irs qoyduğuna xüsusi diqqət çəkib. Qeyd edək ki, Azərbaycan QH-nın sıralarında nisbətən yeni təmsil olunan ölkədir. Respublikamız təşkilata 2011-ci ildə tamhüquqlu üzv qəbul olunub. Qoşulmama Hərəkatı dövlət və hökumət başçılarının 25-26 oktyabr 2019-cu il tarixlərində Bakıda keçirilmiş 18-ci Zirvə Görüşündə quruma sədrlik Azərbaycana həvalə olunub. Ölkəmizin beynəlxalq təsisata sədrliyi 2022-ci ildə bitməli idi. Ancaq Azərbaycanın səmərəli fəaliyyətinin yüksək dəyərləndirilməsinin əlaməti olaraq QH-na üzv dövlətlər respublikamızın sədrlik dövrünün daha bir il uzadılması ilə bağlı müraciət ünvanladılar. Azərbaycan isə bu etimada qarşılıq verərək müraciəti qəbul edib. Qısa müddətdə QH-da Azərbaycana belə yüksək inamın formalaşması isə heç də təsadüfi deyil, bu, bilavasitə ölkəmizin təsisatla xoş mərama əsaslanan səmərəli əməkdaşlıq münasibətləri qurmasının nəticəsidir.
Dünya ictimaiyyəti son zamanlar Azərbaycanın həm Mərkəzi Asiyada, həm də Yaxın Şərqdə cərəyan edən proseslərə əhəmiyyətli iqtisadi və siyasi münasibətlərə malik iştirakçı qismində cəlb edildiyinin şahididir. Ölkə rəhbərinin fikrincə, bu, qismən bizim yerləşdiyimiz coğrafiya və Azərbaycan xalqının tarixi, eyni zamanda, Azərbaycanın Şərqlə Qərb arasındakı məkanda əsrlər boyunca necə inkişaf etməsi, ölkəmizin neft-qaz, enerji və təhlükəsizliklə bağlı proseslərdə güclənən beynəlxalq mövqeyi ilə bağlıdır, Əlbəttə ki, coğrafiya hər bir ölkə üçün mühüm amildir. Lakin o, siyasətimizdə dominantlıq edən yeganə amil deyil… Beləliklə, artıq qurulmuş bu platforma bizə Mərkəzi Asiya və Avropa regionu arasında coğrafi, siyasi, iqtisadi və nəqliyyat körpüsü olaraq önəmli rol oynamağa imkan verir. Biz indi istər Avropa İttifaqı və ya Amerika Birləşmiş Ştatları olsun, istərsə də digər beynəlxalq təşkilatlar olsun, Qərbdən Mərkəzi Asiyaya və əlbəttə ki, həmin regionla uzunmüddətli əməkdaşlığın qurulmasının planlaşdırılmasına böyük marağın olduğunu bilirik. Azərbaycanın nəzərə alınmamasının mümkünsüz olduğunu anlamaq üçün, sadəcə, xəritəyə nəzər salmaq kifayət edər. Ermənistanın revanşist meylləri sülh prosesinə ciddi əngəl yaradır, lakin Azərbaycan beynəlxalq təzyiqlərə qarşı öz maraqlarını qorumaqda qərarlıdır. Dövlətimiz hərbi gücünü artırmaqla gələcəkdə baş verə biləcək hər hansı təhdidə qarşı hazırlığını möhkəmləndirir və bununla da regional təhlükəsizliyi təmin edir. Bu yanaşma Azərbaycanın strateji mövqeyini daha da gücləndirir və Cənubi Qafqazda sabitliyin qorunmasına böyük töhfə verir.
Prezident İlham Əliyev, həmçinin forumda Azərbaycan ilə Çin arasında strateji tərəfdaşlıq haqqında Bəyannamənin əhəmiyyətini vurğulayıb. Çin ilə olan əməkdaşlıq iqtisadi, texnoloji və infrastruktur sahələrində yeni imkanlar yaratmaqla yanaşı, ölkəmizin beynəlxalq mövqeyini daha da gücləndirir. Dövlətimizin başçısı qeyd edib ki, yaşıl ictimai nəqliyyat vasitələri istehsal edən Çin şirkəti tərəfimizdən seçilib və bu il artıq istehsal edilmiş ilk avtobuslar istifadəyə veriləcək. Bu faktorlar Azərbaycanın nəqliyyat sektorunda modernləşmənin və yaşıl enerji siyasətinin tərkib hissəsi olacaq. Bu dost dövlətlər arasında enerji sahəsində əməkdaşlığın inkişaf etdirilməsi və həmin sahədə yeni layihələrin həyata keçirilməsi üzrə mütərəqqi planlar mövcuddur.
ADA Universitetinin və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən 7-ci ADA Siyasi Forumu Azərbaycanın dünya siyasətində müstəqil bir aktor kimi qlobal sabitliyin təmin olunmasına yönəlmiş siyasətini davam etdirəcəyini bir daha nümayiş etdirir.
Ayaz Cəbrayılov
Yeni Azərbaycan Partiyası
Kürdəmir rayon təşkilatının sədri