PDF Oxu

Siyasət

  • 1 390

Gələcəyə işiqli bir xatirə miras qoymaq

image

Akademik Zərifə Əliyeva peşəkar həkim-mütəxəssis, ləyaqətli ziyalı, vəfalı ömür-gün yoldaşı, həm də qayğıkeş ana kimi Azərbaycan tarixində silinməz izlər buraxıb. O, həkim kimi insanlara nur və sağlıq bəxş edib, alim kimi savadlı, peşəkar mütəxəssislərin yetişməsində fəal rol oynayıb, mənəvi baxımdan isə gənc nəslin milli-mənəvi dəyərlər əsasında tərbiyəsi üçün örnək ünvanlardan birinə çevrilib. Zərifə Əliyeva dünyada ilk dəfə olaraq, görmə orqanının peşə patologiyasını araşdıran elmi-tədqiqat laboratoriyası yaradıb və elm aləmində yeni bir istiqamətin - peşə oftalmologiyasının əsasını qoyub.Tibb sahəsinə gəldiyi çağdan peşəsini sevən və sevdirən bir imzaya çevrilib. “Xəstəyə xeyirxah, mərhəmətli münasibət həkim peşəsinin əsas mahiyyətidir. Həkimin gündəlik işi onu əhatə edən adamlara - hər şeydən əvvəl köməyə ehtiyacı olan adamlara müraciət formalarını öyrənməyi tələb edir”. Bu fikirlər ona məxsusdur və Zərifə xanım Əliyevanın peşəsinə olan vurğunluğunu sərgiləməklə bərabər ehtiva etdiyi insani dəyərlərə işıq salmaq baxımından əhəmiyyətlidir.

Zərifə Əliyeva oftalmologiya üzrə milli kadrların hazırlanmasında böyük rol oynayıb, elmin bu sahəsinin inkişafına dəyərli töhfələr verib. Onun həyat yolu, ömür fəlsəfəsi də çoxşaxəli və zəngin səciyyə daşıyır, bir çox beynəlxalq konfrans və simpoziumlarda alimlərin müzakirə mövzusuna çevrilən elmi nailiyyətləri Azərbaycan səhiyyəsinin dünyaya çıxışına yol açıb. Zərifə xanım Əliyevanın alim kimi qazandığı böyük uğurların Azərbaycan tibb elminin tarixində ayrıca bir mərhələ təşkil etdiyi mühüm məqamlardan biridir.
Onun ötən əsrin qırxıncı illərinin sonunda Azərbaycanda gözü zədələyən və ağır nəticəyə, hətta tam korluğa səbəb olan traxoma infeksion xəstəliyinə qarşı apardığı effektiv mübarizə təkcə oftalmologiya elmi üçün deyil, bütövlükdə respublikanın səhiyyəsi üçün mühüm əhəmiyyət daşıdı. Belə bir dövrdə Zərifə xanım traxoma xəstəliyinə qarşı aparılan müalicəvi və profilaktik tədbirlərin təşkilində və keçirilməsində fəal iştirak edir, Azərbaycanda traxoma xəstəliyinin daha geniş yayıldığı rayonlara gedir, həkim-oftalmoloqlara məruzələr oxuyur. Xüsusilə, uşaq evlərində tərbiyə alan kimsəsiz uşaqlar arasında yayılan traxoma xəstəliyinin qarşısını almaqda xüsusi xidmət göstərib. Sonradan bu uğurlu tədqiqatların nəticələri Z.Əliyevanın 1960-cı ildə müdafiə etdiyi “Traxomanın digər terapiya üsulları ilə birlikdə sintomisinlə müalicəsi” mövzusunda namizədlik dissertasiyanın mövzu predmetinə çevrildi.
Alim öz tədqiqatlarında oftalmologiyanın bir sıra aktual məsələlərinə xüsusi diqqət yetirirdi: diaqnostika, qlaukomanın və görmə orqanının iltihabının müalicəsi və s. Onun diqqətini oftalmologiyanın elmi cəhətdən az araşdırılmış sahəsi – görmə orqanının patologiyası cəlb edib. Həm də ona görə ki, bu sahəyə dair ciddi araşdırma meydanda yox idi, bir çox yeni kimyəvi birləşmələrin görmə orqanına təsirin demək olar ki, elmi şəkildə tədqiqata cəlb olunmamışdır. Bu, elə Zərifə xanımın doktorluq dissertasiyana gedən yolun əsasına çevrildi. “Azərbaycanın bir sıra kimya müəssisələri işçilərinin görmə orqanının vəziyyəti” mövzusunda yazdığı dissertasiya işini Zərifə Əliyeva dünyanın ən nüfuzlu oftalmologiya mərkəzlərindən birində – H.Helmqolts adına Moskva Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunda müdafiə etmişdir. Zərifə Əliyevanın dissertasiya işi alim-oftalmoloqların yüksək qiymətini almış, 1977-ci ildə Zərifə Əliyevaya tibb elmləri doktoru elmi dərəcəsi verilmişdir. 1981-ci ildə oftalmologiyanın inkişafına verdiyi böyük töhfəyə – görmə orqanının peşə patologiyası sahəsində apardığı elmi tədqiqatlara görə isə oftalmologiya aləmində ən yüksək mükafata – SSRİ Tibb Elmləri Akademiyasının akademik M.İ.Averbax adına mükafatına layiq görüldü. Çoxillik elmi-tədqiqat işlərinə görə professor Z.Əliyeva 1983-cü ildə Azərbaycan Respublikası Elmlər Akademiyasının akademiki seçilmişdir.
Zərifə Əliyeva üçün həkimlik - böyük bir missiya sayılırdı. Yunan filosofu Platonun ilə eyni nöqtədə dayanırdı bu məsələdə: “Həkimlərin buraxdığı ən böyük səhv ondadır ki, onlar qəlb haqqında düşünməyərək, birinci növbədə bədəni müalicə edirlər”.
Ona görə həkim yalnız cismin deyil, həm də ruhun və qəlbin xilaskarı olmalı idi. Zərifə xanımın bir nəcib insan və həkim kimi daim tibbi praktikada əxlaqi meyarlara böyük üstünlük verməsi, ilk növbədə, onun yüksək intellektual mövqeyindən irəli gələn ən mühüm amillərdən biri idi. Amma həkimlik peşəsinə münasibətdə göstərdiyi peşəkarlıqla da o, eyni maarifçi dalğanın içində görünür. Nur paylamaq, bütün ömrünü insanlara işıq bağışlamağa həsr etmək, zülmət və qaranlıqla mübarizə aparmaq! Maarifçilər düşüncədə inqilaba, şüur oyanıqlığına nail olmaq üçün bu yolu intixab etmişdilər. Zərifə xanım Əliyeva də işığını itirmiş gözlərin nurunu insanlara qaytarmaqla özündə ilahi, sakral bir oyanış, diriliş ruhu daşıyır. Eyni zamanda, 150-yə yaxın elmi əsərin, 12 monoqrafiyanın, dərslik və dərs vəsaitlə¬ri¬nin, 1 ixtira, 12 səmərələşdirici təklifin müəllifi və həmmüəl¬lifi olaraq bu missiyanın öhdəsindən ləyaqətlə gələrək adını tarixin əbədiyyətinə yazdırmağı bacarmışdır.
Ümummilli lider Heydər Əliyevin ömür-gün yoldaşı Zərifə Əliyeva haqqında səsləndirdiyi simvolik bir fikir onun bütün tərəflərini və dəyərlərini yetərində uğurla işarələyir: “Azərbaycan xanımının mənəvi dəyərlərini özündə təcəssüm etdirən Zərifə xanım bir qadın, bir həyat yoldaşı, bir ana, bir həkim, bir alim, bir ictimai xadim olaraq elə sağlığında əfsanəviləşməyi bacarıb və daşıdığı bu titulları mərhəmət, şəfqət, humanizm kimi ali hisslərlə bütövləşdirərək əsl insanlıq zirvəsinə yüksəlib... Gənc yaşlarımdan mənim həyatım dövlət işi ilə bağlı olubdur. Mən bütün həyatımı buna sərf etmişəm və bu gün də bu yolda çalışıram. Bu yolda mənim həmişə səmərəli, müvəffəqiyyətlə çalışmağımda hesab edirəm ki, ailə vəziyyətimin çox böyük rolu olub. Zərifə xanım kimi həyat yoldaşım olduğuna və o, ailəmdə çox yüksək mənəvi mühit yaratdığına görə mən xoşbəxt olmuşam. Həyatımın bütün dövrlərində işlə məşğul olduğuma görə ailə məsələlərinə fikir verməyə vaxtım olmayıb. Bunların hamısı Zərifə xanımın üzərinə düşüb və o da bu vəzifəni şərəflə, sədaqətlə, çox böyük məharətlə yerinə yetirib”.
Bir də Prezident İlham Əliyevin Zərifə xanım haqqında incə ruhlu düşüncələrini xatırlatmağa ehtiyac var: “Mənim anam əsl alim idi. O, tibbin bütün incəliklərini öyrənməyə səy göstərirdi. Bununla bərabər mənimlə, Sevillə məşğul olmağa, bizi Azərbaycanın layiqli vətəndaşları kimi tərbiyə etməyə, böyütməyə vaxt tapırdı. O, həmişə mənim qəlbimdədir”.
Rus şairi Andrey Voznesenski hind xalqının böyük övladı İndira Qandinin özündən sonra nəsillərin dünyagörüşünə göstərdiyi təsiri bu sözlərlə xarakterizə edir: “Qandi tarixə qovuşdu”! Zərifə xanım Əliyeva da sağlığında gerçəkləşdirdiyi əməllərlə, nəcib dəyərlərilə, alimlik və insanlıq statusu ilə adını tarixin əbədiyyətinə yazdırmağı bacarıb və özündən sonra sevənlərinə, gələcək nəslə işıqlı bir xatirə miras qoyub.

Elnarə Akimova
YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı,
filologiya elmləri doktoru

Digər xəbərlər