Ağdərə rayonunun Həsənriz kəndinə ümumilikdə 70 ailə (238 nəfər) köçürülüb
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ildə 44 gün davam edən Vətən müharibəsindəki tarixi qələbədən dərhal sonra Ermənistan tərəfindən vandallığa məruz qalan ərzilərimizdə bərpa və yenidənqurma işləri başladı. Dağıdılmış kəndlərin və şəhərlərin yerində qısa müddətdə "ağıllı kənd"lərin təməli qoyuldu. Əzəli sakinlərimiz doğma torpaqlarına qayıdırlar və Böyük Qayıdış davam etməkdədir. Zəfər qazanmağımızdan 4 ildən artıq bir müddət keçsə də görülən işlərin miqyası genişdir. Sürətlə aparılan işlər və Azərbaycan Prezidenti İlham Əliyevin bu ərazilərə mütəmadi olaraq səfər etməsi, eləcə də imzaladığı sərəncamlar, verdiyi tapşırıq və qərarlar Qarabağ və Şərqi Zəngəzurun sürətlə və keyfiyyətli yenidən qurulmasında özünü göstərir. Azərbaycanın iqtisadi gücü işğaldan azad olunan ərazilərdə yeni həyatın başlanmasına imkan verir. Dayanıqlı sülhə, tərəqqiyə əsaslanan Azərbaycan Vətən müharibəsindən ötən müddətdə azad olunmuş ərazilərin minalardan və partlamamış hərbi sursatdan təmizlənməsi, müasir yaşayış, istehsal və xidmət infrastrukturunun qurulması istiqamətində kifayət qədər layihələri həyata keçirib. Eləcə də nəqliyyat-kommunikasiya xətlərinin bərpası, xüsusilə Zəngəzur dəhlizinin açılması istiqamətində mühüm işlər görülüb. İşğaldan azad olunan ərazilərimiz kimi, Ağdərə də yeni dövrünü - abadlıq-quruculuq dövrünü yaşayır. Ağdərə rayonunun Həsənriz kəndinə növbəti köç prosesi gerçəkləşib. Qeyd edək ki, Həsənriz kəndi İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən, Rusiya sülhməramlı kontingentinin nəzarətində idi. 2023-cü il sentyabrın 20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror əməliyyatı nəticəsində Həsənriz kəndi Azərbaycanın nəzarətinə qayıtmışdır. 5 dekabr 2023-cü ildə kənd Ağdərə rayonunun tərkibinə daxil edilib. Həsənriz kəndində təxminən 500-cü ildə tikilmiş Alban məbədi yerləşir.
MƏRHƏLƏLİ ŞƏKİLDƏ DAVAM EDƏN KÖÇ KARVANLARI
2025-ci il martın 3-də Ağdərə rayonunun Həsənriz kəndinə ilk köç karvanı çərçivəsində 25 ailədən ibarət, ümumilikdə 91 nəfərlik birinci sakin qrupu köçürülmüşdür. İlk mərhələdə kəndə köçənlər Azərbaycanın müxtəlif bölgələrində müvəqqəti olaraq yataqxanalarda, sanatoriyalarda və inzibati binalarda məskunlaşmış keçmiş məcburi köçkün ailələri olmuşdur. 2025-ci il martın 6-da Həsənriz kəndinə daha 75 nəfərdən ibarət 25 ailə köçürülmüşdür. Onlar kənddə yeni inşa edilmiş fərdi yaşayış evlərinə yerləşdirilmişlər. 2025-ci ilin mart ayına olan məlumata görə, ümumilikdə kəndə 166 nəfərdən ibarət 50 ailə köçürülmüşdür. İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində Ağdərə rayonunun Həsənriz kəndinə bir müddətdir mərhələli şəkildə köç davam edir. Aprelin 11-də 72 nəfərdən ibarət 20 ailə olmaqla yurd yerlərinə köçürülüb. Bu gün də daxil olmaqla kəndə ümumilikdə 70 ailə (238 nəfər) köçürülüb. Aprel ayının sonunadək daha 40 ailə bura köç edəcək. Kənddə yenidənqurma, tikinti və bərpa işləri də gedir. Həsənriz kəndində bütün sosial və kommunal xidmətlər yenidən qurulub. Kənd fasiləsiz olaraq elektrik enerjisi, içməli su və təbii qazla təmin edilib.
"RAHAT YAŞAMAQ, İŞLƏMƏK ÜÇÜN BÜTÜN İMKANLAR VAR"
Qeyd edək ki, Ağdərə rayonunun Suqovuşan kəndində də yeni həyat başlayıb. Vurğulamaq yerinə düşər ki, kəndə köçlə bağlı ümumilikdə 180 ailə (591 nəfər) siyahıya alınıb. 2,3 hektar sahədə yaradılan kompleks 5 mərtəbəli olmaqla 5 yaşayış binasından ibarətdir. Bu binalarda ümumilikdə bir, iki, üç və dördotaqlı 190 mənzil var.
Kənddə yararsız vəziyyətdə olan 144 şagird yerlik tam orta məktəbin binasında da əsaslı təmir işləri aparılıb. Bundan əlavə, ümumi gücü 7,8 meqavat olan "Suqovuşan-1" və "Suqovuşan-2" Kiçik Su Elektrik stansiyaları yenidənqurmadan sonra istifadəyə verilib. Suqovuşanda "istirahət kompleksi layihəsi" icra olunub. Ərazisi 6 hektar olan kompleksdəki 16 kottec və 2 mərtəbəli hotel binasında əsaslı təmir işləri aparılıb. "Burada yaşamaq üçün bütün şərait var. Evlər çox gözəl, geniş, işıqlı evlərdir. Təbiət də təbii olaraq bu bölgəyə əlavə dəyər verir. Gözəl su anbarının yanında yaşamaq, əlbəttə ki, adamın zövqünü oxşayır. Ona görə burada yaxşı, rahat yaşamaq, işləmək üçün bütün imkanlar var və şadam ki, artıq Suqovuşan kəndində də keçmiş köçkünlər yerləşirlər", - deyə Prezident bildirib. Suqovuşan İkinci Qarabağ müharibəsinin ilk həftəsində işğalçılardan azad edilib. Suqovuşan Azərbaycan Ordusu üçün çox böyük strateji əhəmiyyətə malik ərazilərdən idi. Suqovuşanın azad edilməsi ilə mühüm əhəmiyyətə malik təminat yolları Azərbaycanın nəzarətinə keçdi. Bu döyüşlərdə Ermənistan ordusu xeyli canlı qüvvə və texnika itirdi. Suqovuşan strateji baxımdan çox əhəmiyyətli olduğundan bu yaşayış məntəqəsinin azad edilməsi Azərbaycan Ordusuna ətrafdakı əraziləri nəzarətdə mühüm rol oynadı. "Bu kənd İkinci Qarabağ müharibəsinin ilk həftəsində işğalçılardan azad edilmişdir. Bu, bizim birinci əhəmiyyətli uğurlarımızdan, hərbi qələbələrimizdən biri idi. Bildiyiniz kimi, 44 gün ərzində bizim Ordumuz, bütün Silahlı Qüvvələrimiz ancaq irəliyə gedirdi və hər bir kəndin, hər bir qəsəbənin azad olunması Ordumuza, bütün xalqımıza əlavə ruh verirdi. Özü də böyük yaşayış məntəqəsinin işğalçılardan azad edilməsi xüsusi əhəmiyyətə malik idi", - deyə Prezident diqqətə çatdırıb: "Suqovuşan kəndi birinci kənd idi ki, işğalçılardan azad edildi. Təkcə bununla bu kəndin əhəmiyyəti məhdudlaşmır. Çünki bildiyiniz kimi, bunun çox böyük strateji əhəmiyyəti var. Bax, bu kəndin ətrafında və su anbarının ətrafında yerləşən bütün mövqelərdə qanunsuz silahlı birləşmələr, Ermənistan ordusunun şəxsi heyəti yerləşmişdi".
SEPARATÇILARIN QOVULMASI İLƏ ÖLKƏMİZİN SUVERENLİYİ VƏ ƏRAZİ BÜTÖVLÜYÜ TAM BƏRPA OLUNDU
Xatırladaq ki, Azərbaycan Ordusu antiterror tədbirlərinin qarşısını alaraq tariximizə uğurlar həkk etdi. Cəmi 23 saat 43 dəqiqə ərzində keçirilən əməliyyatın əsas məqsədi Qarabağda qanunsuz yerləşdirilmiş erməni silahlı qüvvələrinin zərərsizləşdirilməsi, onların hərbi obyektlərinin məhv edilməsi və Azərbaycanın ərazi bütövlüyünün tam təmin olunması idi. Əməliyyat zamanı Azərbaycan Ordusu müasir hərbi texnika və yüksək dəqiqliklik vasitələrdən istifadə edərək strateji mövqelərdə yerləşdirilmiş qanunsuz erməni silahlı qüvvələrini sıradan çıxardı. Beləliklə, Ağdərə, Xoçavənd, Xocalı və Xankəndidən separatçıların qovulması ilə ölkəmizin suverenliyi və ərazi bütövlüyü tam bərpa olundu. Tədbir zamanı şanlı ordumuz tərəfindən mülki əhali və infrastruktur obyektləri qətiyyən hədəf alınmamış, yalnız legitim hərbi hədəflər sıradan çıxarılmışdır. Bütün bu tədbirlər sübüt edir ki, Azərbaycan dövləti hər zaman erməni əsilli əhalisinin təhlükəsizliyini təmin etmək üçün tədbirlər görməyə hazırdır.
HƏDƏFLƏRƏ ÇATMAĞA XİDMƏT EDƏN MÜHÜM SƏNƏD
Məlumdur ki, ərazilərdə təhlükəsiz yaşayışı və dövlət idarəetməsini təşkil etmək, şəhər, qəsəbə və kənd yaşayış məntəqələrinin tikintisini və dayanıqlı infrastrukturla təminatını həyata keçirmək, müasir standartlara uyğun xidmətlərin yaradılmasını təmin etmək, ərazilərdə məskunlaşacaq əhalinin sosial müdafiəsini gücləndirmək, əhalinin məşğulluq imkanlarını artırmaq, dayanıqlı sosial-iqtisadi inkişafı təmin etmək və s. məqsədi ilə Azərbaycan Prezidenti İlham Əliyev "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət proqramı"nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb. İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış Azərbaycanın 2030-cu ilədək beş Milli Prioritetindən biri kimi müəyyən olunub. Bu Milli Prioritetlərə əsaslanan "Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası" yeni inkişaf mərhələsindəki hədəflərə çatmağa xidmət edən mühüm sənəddir. I Dövlət Proqramına uyğun olaraq, işğaldan azad olunmuş ərazilərin yenidən qurulması, dayanıqlı inkişafı və həmin ərazilərdə yüksək həyat səviyyəsinin təminatı üçün genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir.
Zümrüd BAYRAMOVA