Prezident İlham Əliyev: "Gürcüstan və Azərbaycanın birgə icra etdikləri layihələr daha böyük coğrafiya üçün böyük önəm daşıyır"
İqtisadi, siyasi, sosial və s. sahələrdə qurulan əməkdaşlıq münasibətləri dövlətlər arasında qarşılıqlı anlaşmanın qurulmasına və davamlı olmasına təsirini göstərir. Mövcud münasibətlər çoxşaxəli, qarşılıqlı maraq əsasında qurulub, əməkdaşlıq əlaqələrinin inkişafına üstünlük verilib. Azərbaycan ilə Gürcüstan arasında əlaqələr də möhkəm təməllər üzərində qurulub. İki ölkə arasında bu günə qədər imzalanmış sənədlər əməkdaşlıq üçün yeni imkanlar açıb. Aprelin 16-da Gürcüstanın Prezidenti Mixeil Kavelaşvilinin Azərbaycana rəsmi səfəri münasibətlərin yüksələn xətlə inkişafına sökənir. Qeyd edək ki, Mixeil Kavelaşvili prezident vəzifəsinə seçiləndən sonra ilk rəsmi səfəri Azərbaycana edib. Bu, Gürcüstan-Azərbaycan əlaqələrinin mahiyyətini, xalqlarımızın dostluğunu, qardaşlığını bir daha ifadə edir. Gürcüstanın Baş naziri də seçkilərdən sonra ilk rəsmi səfərini Azərbaycana etmişdir. "Təbii olaraq siyasi əlaqələr inkişaf edir, yüksəksəviyyəli təmaslar müntəzəm xarakter daşıyır, siyasi dialoq fəaldır. Yəni, iki dost, qardaş ölkə, sözün əsl mənasında, bir-birinə çox bağlıdır və beynəlxalq təşkilatlarda da daim bir-birini dəstəkləyir". Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev Gürcüstanın Prezidenti Mixeil Kavelaşvili ilə mətbuata bəyanatında söyləyib.
"NEFT-QAZ LAYİHƏLƏRİ, NEFT-QAZ KƏMƏRLƏRİ, NƏQLİYYAT-KOMMUNİKASİYA LAYİHƏLƏRİ, SÖZÜN ƏSL MƏNASINDA, BÖYÜK ƏHƏMİYYƏT DAŞIYAN LAYİHƏLƏRDİR"
İki ölkənin dövlət və hökumət başçılarının qarşılıqlı səfərləri əlaqələrin inkişafında əsas amillərdən biridir. İki ölkə arasında imzalanan sənədlər münasibətlərin yeni istiqamətlər üzrə inkişafında əhəmiyyətli rol oynayır. Dövlətlərarası əlaqələrimizin zəngin tarixi var. İki ölkə arasında diplomatik münasibətlər 1992-ci ildə qurulub. Qarşılıqlı hörmət və etimada əsaslanan Azərbaycan-Gürcüstan əlaqələri ötən illər ərzində dinamik inkişaf edib. Ölkələrimiz arasında siyasi, iqtisadi, enerji, mədəni və digər sahələrdə səmərəli əməkdaşlıq formalaşıb. 1995-ci ildə Gürcüstanın Azərbaycanda, bir il sonra isə Azərbaycanın bu ölkədə səfirliyi fəaliyyətə başlayıb.
Dövlətlərarası münasibətlər həm siyasi, həm iqtisadi, həm də sosial-humanitar sahələri əhatə edir. Gürcüstan regionda Azərbaycanın ən yaxın müttəfiqlərindəndir. Azərbaycanın öz enerji resurslarını Avropa bazarlarına çatdırmasında, eyni zamanda, Şərqdən Qərbə gedən yüklərin daşınmasında Gürcüstan mühüm tranzit rol oynayır. Ölkələrimizi birləşdirən bir çox sərmayə layihələrinin böyük coğrafiya üçün önəmli olduğunu qeyd edən dövlətimizin başçısı deyib: "Azərbaycan və Gürcüstanın birgə həyata keçirdiyi neft-qaz layihələri, neft-qaz kəmərləri, nəqliyyat-kommunikasiya layihələri, sözün əsl mənasında, böyük əhəmiyyət daşıyan layihələrdir".
"ƏGƏR BİZ BU GÜN AVROPANIN ENERJİ TƏHLÜKƏSİZLİYİ HAQQINDA DANIŞIRIQSA, BUNU AZƏRBAYCANSIZ, GÜRCÜSTANSIZ TƏSƏVVÜR ETMƏK MÜMKÜN DEYİL"
Gürcüstanla Azərbaycanı hər şeydən əvvəl Bakı-Supsa, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum və TRASEKA kimi qlobal enerji, nəqliyyat-kommunikasiya layihələri birləşdirir. Bununla paralel olaraq, GUAM, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı və digər qurumlar daxilində əməkdaşlıq ikitərəfli strateji əlaqələri daha da möhkəmləndirib. Tarixi dövrə nəzər salsaq görərik ki, 1998-ci il sentyabrın 7–8-də keçirilmiş Tarixi Böyük İpək yolunun bərpası üzrə Beynəlxalq Konfrans keçirilib. 1998-ci il oktyabrın 7-də Azərbaycanın Gürcüstanla sərhədində yeni körpünün açılışı olub, 1999-cu il aprelin 17-də isə Bakı-Supsa neft kəməri işə salınıb. Ötən dövrdə hər iki ölkənin həyatında tarixi əhəmiyyətə malik olan Bakı-Tbilisi-Ceyhan neft ixrac kəmərinin tikintisi sahəsində intensiv işlər aparılıb. Ulu Öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Azərbaycan Prezident İlham Əliyevin ölkəyə rəhbərliyi dövründə bu münasibətlər daha da dərinləşmişdi. Nəhayət, 2005-ci il mayın 24–25-də neft kəmərinin Azərbaycan, oktyabrın 12-də isə Gürcüstan hissəsinin istifadəyə verilməsi mərasimi keçirildi. "Əgər biz bu gün Avropanın enerji təhlükəsizliyi haqqında danışırıqsa, bunu Azərbaycansız, Gürcüstansız təsəvvür etmək mümkün deyil. Hazırda Gürcüstan daxil olmaqla Azərbaycan 12 ölkəyə təbii qaz ixrac edir və bu ixrac Gürcüstan vasitəsilə həyata keçirilir. Nəqliyyat-kommunikasiya sahəsində əldə olunmuş nailiyyətlər, yeni inşa edilmiş dəmir yolları, limanlar həm Azərbaycanda, həm də Gürcüstanda böyük sinergiya yaratmış və əslində, Orta Dəhlizin ayrılmaz hissəsinə çevrilmişdir. Əgər bu gün biz Cənubi Qafqazda Orta Dəhliz layihəsindən danışırıqsa, bu, Azərbaycandan və Gürcüstandan keçən dəhlizdir. İldən-ilə ölkələrimizin ərazisindən keçən yüklərin həcmi artır və bu yüklərin həcminin artırılması üçün əlavə addımlar atılır", - deyə Azərbaycan Prezidenti bildirib.
"BUNDAN SONRA CƏNUBİ QAFQAZIN QARA SƏHİFƏLƏRİ BAĞLANACAQ VƏ TARİXDƏ QALACAQ"
"Cənubi Qafqazda sülhün, əmin-amanlığın bərqərar edilməsi də bizim birgə maraqlarımızda olan məsələdir və burada həm Gürcüstan, həm Azərbaycan öz töhfəsini verir. Əfsuslar olsun ki, uzun illər ərzində Cənubi Qafqaz münaqişə, müharibə arenasına çevrilmişdir", - deyən Azərbaycan Prezidenti bildirib ki, bundan sonra Cənubi Qafqazın qara səhifələri bağlanacaq və tarixdə qalacaq: "Gürcüstan-Azərbaycan əlaqələri haqqında çox danışmaq olar. Sadəcə, onu bildirmək istəyirəm ki, bundan sonra da bizim əlaqələrimiz yüksələn xətlə inkişaf edəcək".
"Gürcüstan və Azərbaycan bir-birinin suverenliyini və ərazi bütövlüyünü qətiyyətlə dəstəkləyir və buna görə cənab Prezidentə bir daha təşəkkür etmək istərdim". Bu sözləri Gürcüstanın Prezidenti Mixeil Kavelaşvili Azərbaycan Prezidenti İlham Əliyev ilə mətbuata bəyanatında deyib. Mixeil Kavelaşvili bildirib ki, Gürcüstan həmişə Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin güclü tərəfdarı olub.
"Təəssüf ki, son vaxtlar ölkələrimiz dəfələrlə ikili standartların və xarici qüvvələrin daxili işlərə müdaxiləsinin obyektinə çevrilib. Çoxsaylı səylərə baxmayaraq, biz bu təhlükələri qətiyyətlə aradan qaldırırıq, regionun təhlükəsizliyini və sabitliyini təmin edirik", - deyən Gürcüstanın Prezidenti bildirib ki, heç bir üçüncü ölkə və ya təşkilatın xalqlarımız üçün nəyin yaxşı olduğunu bizdən yaxşı bilməsi mümkün deyil: "Şadam ki, Azərbaycan ilə Gürcüstan arasında ümumi maraqların müdafiəsi sahəsində əməkdaşlıq intensivləşib".
ÇOXƏSRLİK DOSTLUQ VƏ QARDAŞLIQ MÜNASİBƏTLƏRİ MÖHKƏM TƏMƏL ÜZƏRİNDƏDİR
Bildiyimiz kimi, Azərbaycan-Gürcüstan dostluğunun çox qədim tarixi kökləri var. Əsrlər boyu qonşu olan Azərbaycan və gürcü xalqları arasında heç bir zaman ciddi problem, münaqişə olmayıb. Azərbaycan-Gürcüstan dostluğu Cənubi Qafqazda əməkdaşlığın və təhlükəsizliyin qarantına çevrilib. Gürcüstanda yaşayan azərbaycanlılar Gürcüstanın dövlətçiliyinə dəstək olmuşlar. Dövlətlər tarixi dostluq, mehriban qonşuluq əsasında yaşamışlar. Regionda sabitliyin, sülhün və təhlükəsizliyin möhkəmləndirilməsi üçün bir çox səmərəli addımlar atılıb. Əlbəttə ki, bu münasibətlər qarşılıqlı etimada əsaslanır.
Humanitar sahədə əməkdaşlığı da xüsusi vurğulamaq lazımdır. Heydər Əliyev Fondu tərəfindən Gürcüstanda bir çox layihələr həyata keçirilib. Məsələn, Tbilisi şəhərində Azərbaycanın görkəmli şəxsiyyətlərinin - Mirzə Şəfi Vazehin, Mirzə Fətəli Axundovun, Həsən bəy Ağayevin və Fətəli xan Xoyskinin qəbirüstü abidələri yenidən qurulub və xiyaban yaradılıb. Marneuli rayonunun Algeti (Gorarxı) kənd inzibati dairəsində yerləşən 3 kəndə içməli su xətti çəkilib, Algeti kəndində XVI əsrə aid qədim məscid bərpa olunub, Bolnisi rayonunun Həsənxocalı və Cəfərli kəndlərində yeni məktəb binaları inşa edilib, Qardabani şəhərindəki 3 saylı, Tbilisi şəhərində M.F.Axundzadə adına 73 saylı Azərbaycan məktəblərinin, Dmanisi şəhərindəki 2 saylı məktəbin və bu rayonun Kirovisi kəndində məktəbin, Marneuli şəhərində 3 və 7 saylı məktəblərin binaları əsaslı təmir olunub, Qardabani rayonunun Qaracalar kəndində məktəb binası inşa edilib və Dmanisi şəhərində Heydər Əliyev adına Təhsil Mərkəzi yaradılıb. Gürcüstanın paytaxtı Tbilisi şəhərində Ümummilli Lider Heydər Əliyevin adını daşıyan böyük küçə, park və abidə vardır. Dost ölkədə azərbaycanlılara aid Heydər Əliyev adına Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrı, "ERA Teatrı" və yeni yaradılmış "Beez" uşaq teatrı, M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyi fəaliyyət göstərir. Bu muzey M.F.Axundzadənin, C.Məmmədquluzadənin və N.Nərimanovun ev-muzeylərini özündə birləşdirir.
Gürcüstan prezidentinin Azərbaycana səfəri ölkələrimiz arasında yüksək səviyyədə olan əlaqələrin daha da inkişafına və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın gücləndirilməsinə töhfə verəcəkdir. Ölkələrimiz arasında əlaqələrin və əməkdaşlığın inkişaf dinamikası onu deməyə əsas verir ki, Azərbaycan-Gürcüstan münasibətləri gələcəkdə daha da genişlənəcək və yeni sahələri əhatə edəcək. Sınaqdan çıxmış yüksəksəviyyəli strateji və mehriban qonşuluq münasibətləri daha da möhkəmlənəcək, Gürcüstanın və Azərbaycanın milli maraqlarının həyata keçirilməsində yeni müstəviyə keçəcək. Göründüyü kimi, dövlətləri birləşdirən çoxtərəfli əlaqələr, eləcə də çoxəsrlik dostluq, qardaşlıq münasibətləri möhkəm təməl üzərindədir.
Zümrüd BAYRAMOVA