PDF Oxu

Siyasət

  • 663

Azərbaycan Respublikası və Gürcüstan arasında münasibətlər - ŞƏRH

image

Azərbaycan-Gürcüstan münasibətləri qədim tarixi köklərə malikdir. Gürcüstan Azərbaycanın müstəqilliyini 1991-ci ildə tanımışdır. Azərbaycan Respublikası ilə Gürcüstan arasında diplomatik əlaqələr 1992-ci il noyabrın 18-dən qurulmuşdur. 1995-ci ilin fevral ayında Bakıda Gürcüstanın, 1996-cı ilin mart ayında isə Tbilisidə Azərbaycan səfirliyi açılmışdır. Bundan başqa, 2010-cu ildən Batumi şəhərində Azərbaycanın, 2013-cü ildən isə Gəncə şəhərində Gürcüstanın baş konsulluqları fəaliyyət göstərirlər. Azərbaycan və Gürcüstan arasında dostluq və mehriban qonşuluq münasibətləri əsrlər boyu yüksək səviyyədə olmuşdur. Tarixən Azərbaycan ərazisində gürcülər, Gürcüstan ərazisində isə azərbaycanlılar yaşamışlar. 1993-cü ilin iyunundan ulu öndər Heydər Əliyevin xarici siyasət sahəsindəki ilk addımlarından biri də məhz mövcud Azərbaycan-Gürcüstan münasibətlərinin inkişafını normal məcraya salması oldu. Hər iki ölkədə baş verən proseslər, daxili və xarici vəziyyətin oxşarlığı, geosiyasi maraqların üst-üstə düşməsi və digər amillər iki ölkə arasında partnyorluq münasibətlərinin yaranmasına gətirib çıxarmışdır. Qədim tarixi köklərə malik olan Azərbaycan–Gürcüstan münasibətləri bu günə qədər uğurlu inkişaf yolu keçərək strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmişdir. Azərbaycan Respublikası Gürcüstanla ikitərəfli əlaqələrinə xüsusi önəm verir və əməkdaşlığın bütün istiqamətlər üzrə dərinləşdirilməsi və genişləndirilməsində maraqlıdır. İki ölkə arasında ali səviyyədə formalaşmış fəal siyasi dialoq, təhlükəsizlik, müdafiə, iqtisadiyyat, ticarət, enerji, nəqliyyat-logistika, turizm, mədəni-humanitar və digər sahələrdə əldə olunmuş mühüm nailiyyətlərin əsasını təşkil edir. Bu gün Azərbaycan–Gürcüstan əlaqələrində əməkdaşlığın müşahidə olunmadığı heç bir sahə mövcud deyil. Xüsusilə enerji və nəqliyyat-logistika sahələrində həyata keçirilən birgə iri layihələr təkcə ikitərəfli münasibətlərin inkişafına yox, həm də regional və qlobal miqyasda enerji təhlükəsizliyinə və qitələrarası nəqliyyat bağlantılarına töhfə verir. Bakı–Tbilisi–Ceyhan neft kəməri, Cənub Qaz Dəhlizi kimi mühüm enerji layihələri Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır. Eyni zamanda, Bakı–Tbilisi–Qars dəmir yolu layihəsi Şərq və Qərb arasında qısa və səmərəli alternativ nəqliyyat bağlantısı yaradır.

Azərbaycan–Gürcüstan ikitərəfli münasibətlərinin inkişafında xarici işlər nazirlikləri arasında aparılan siyasi məsləhətləşmələr, iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiya və parlamentlərarası dostluq qrupları mühüm rol oynayır. İkitərəfli münasibətlər beynəlxalq təşkilatlar çərçivəsində də uğurla inkişaf etdirilir. BMT, ATƏT, GUAM, QDİƏT və digər beynəlxalq platformalarda Azərbaycan və Gürcüstan qarşılıqlı maraqları müdafiə edir, bir-birinin milli mənafelərinə həssaslıqla yanaşaraq daim dəstək göstərirlər. Prezident İlham Əliyevin apardığı düşünülmüş və uzaqgörən siyasət nəticəsində, istər regional, istərsə də qlobal məsələlərdə Azərbaycan və Gürcüstan daim eyni mövqedən çıxış edərək, ikitərəfli əlaqələri daha da dərinləşmişdir.

Şamo Qasımov

Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatının sədr müavini

Digər xəbərlər