"Ulu öndər Heydər Əliyevin 1993-cü ilin iyununda ikinci dəfə hakimiyyətə qayıdışı nəinki seçki sistemini, ilk növbədə ölkəmizi, o cümlədən cəmi iki yaşı olan müstəqil dövlətimizi xilas etdi". Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc deyib.Onun sözlərinə görə, biz 90-cı illərə qayıtdığımızda Sovetlər Birliyinin iflası daha çox Azərbaycana zərbə vurdu və faktiki olaraq hadisələr Qarabağda separatizmlə başladı, etnik-milli zəmində toqquşmalara çevrildi: "Daha sonra xarici dövlətlərdən, xüsusilə ABŞ Konqresi, eləcə də Avropa ölkələri ideoloji müharibə dövründə Sovetlər Birliyi ilə daha çox konfliktin tərəfi olduqları üçün bu prosesi qızışdırdılar. İki müstəvidə – həm Kreml, sovet rəhbərliyi, həm də başqa dünya dövlətləri vasitəsilə Azərbaycana təzyiqlər göstərildi və təcavüzə yardımlar edildi. Əks halda, Ermənistan əgər hərbi və siyasi köməyi görməsəydi, Azərbaycan üzərində qələbə qazana bilməzdi.Digər tərəfdən, ölkədəki xaos digər mühüm ictimai və siyasi münasibətlər sistemini də zərbə altında qoymuşdu. Faktiki olaraq iqtisadiyyat çökmüşdü, əhalinin sosial durumu 1400 faizlik hiperinflyasiya fonunda çox çətin idi. Məcburi köçkünlər – yeddi nəfərdən biri olmaqla – daha çox paytaxta və ətraf ərazilərə sığınmağa məcbur qalmışdılar.Digər tərəfdən isə 90-cı illərdə meydanlarda guya xalqın mənafeyindən çıxış edən Xalq Cəbhəsi ölkəni fəlakətin bir addımlığına gətirmişdi. Heydər Əliyevin Naxçıvandan Bakıya qayıdışı və, həm də onu deməliyik ki, muxtar respublikanın ən çətin şərtlər altında qorunması, o cümlədən daxildə hakimiyyətin Naxçıvana, Əliyev amilinə görə təzyiqlərindən sonra gəlişi, şübhəsiz, ölkəmizin gələcəkdə konstitusion idarəçiliyi üçün fundamental əsasları formalaşdırdı.Halbuki, ondan əvvəlki dövrdə Ali Qanunun qəbulunu vədini Xalq Cəbhəsi və digər qüvvələr verirdilər. Onlar söyləyirdilər ki, iqtidara gələn kimi qanunun idarəçiliyini bərqərar edəcəklər və s. Amma əksinə etdilər və ayrı cür də ola bilməzdi. Çünki onların idarəçilik təcrübələri də mövcud deyildi.Heydər Əliyevin 1993-cü il iyunun 9-da Bakıya gəlişi, onun təyyarəsinin enişi, bilirsiniz ki, bir xilaskarlıq tablosu idi. Onun Milli Məclisin sədri kimi səlahiyyətləri 15 iyunda rəsmiləşdi. Ancaq ona qədər bu toqquşmaların əsas mərkəzi olan Gəncəyə getdi. Özünün də söylədiyi kimi, o dövrdə təhlükənin ön cəbhəsində məhz Heydər Əliyev oldu. Faktiki olaraq onu əhatə edən qüvvələr əli silahlı idilər və Surət Hüseynovun çevrəsində də nəzarətsiz, kənar qruplar və xarici kəşfiyyata xidmət edən ünsürlər də xeyli çox idi.Amma artıq oktyabrın 3-də ilk olaraq məhz Heydər Əliyevin iradəsi ilə o seçkilərin keçirilməsi və xalqın mütləq əksəriyyətinin Ulu Öndərə münasibətini bildirməsi hesab edirik ki, həmin dövr üçün millətimizin xilası oldu, qurtuluş kimi qiymətləndirildi, tariximizə elə daxil oldu.Ondan sonrakı dövrdə artıq dediyimiz kimi, məhz bütün o silahlı kriminal qrupların zərərsizləşdirilməsi ölkənin hüquq müstəvisinə gətirilməsinə şərait yaratdı. Həmin dövrdə seçki sistemindən, onun köklü olaraq işləkliyindən və beynəlxalq uğurlu təcrübələrin, beynəlxalq normaların tam bərqərarından danışmaq düz deyildi. Çünki dediyimiz kimi, münasibətlər artıq dərəcədə silah üzərində qurulmaqda idi.Heydər Əliyev ölkə həyatını normal bir müstəviyə gətirərkən, dediyimiz kimi, beynəlxalq uğurlu əlaqələr, müqavilələr, konvensiyalara qoşulmalar həyata keçirildi. Bilirik ki, 2000-ci illərdə Avropa İnsan Hüquqları Konvensiyası ratifikasiya edildi, ölkəmiz Avropa Şurasına üzv oldu. Lakin hesab edirik ki, onunla paralel seçki sistemi də təkmilləşdirildi, qanunvericilik sisteminin əsasları möhkəmləndi və s.Amma əlbəttə ki, zaman etibarilə həmin dövrdə digər qüvvələrin qanunvericilik sistemini tanımayaraq daim silahlı vasitələrlə hakimiyyəti ələ almaq istəkləri ondan sonrakı dövrdə də bu sahədə ciddi dəyişikliklərə və islahatlara səbəb oldu.Hazırkı zamanda 90-cı illərin meydan xaosunda, yeni Qarabağ dalğasında partiyalar quran və mübarizəni məhz o səviyyədə aparan qüvvələr indi artıq ideologiyasız, siyasi hədəfsiz qalıblar. Çünki real mənzərə ondan ibarətdir ki, hesab edirik, ən önəmli məsələ artıq ideoloji proqramlar, nizamnamələr yenilənib, dəyişib və faktiki ölkəmiz yeni bir dövrə qədəm qoyub.Ali Baş Komandan İlham Əliyevin liderliyi ilə qazandığımız Zəfər öz-özlüyündə ölkəmizin bütün həyatını köklü şəkildə dəyişdirməkdədir. Qalib ölkə, 100 ilin başlaması deməkdir, məğlub ölkə statusu dəyişibdir. Erməni məsələsi bizim coğrafiyamızdan kənara çıxıb.Digər tərəfdən, ən önəmli məsələ hesab edirik ki, belə bir şəraitdə biz ona şahidlik edirik ki, Azərbaycanın geosiyasi statusu dəyişir və ölkə rəhbərimizin bu gün, bu şərhi verdiyimiz gündə Yeni Azərbaycan Partiyasının VIII Qurultayında artıq ölkəni fərqli bir eraya, yeni bir yüzilliyə daşımaq üçün o fundamentlərin yaradılmasıdır.Cənab Prezident haqlı olaraq vurğulayıb ki, biz süni olaraq özümüzə hansısa bir ideya axtarmağa ehtiyacımız yoxdur, bunu yaratmışıq. Düşünürəm ki, bu, Zəfər ideologiyasıdır və onu ölkənin bütün həyat sferalarında bərqərar etmək lazımdır.Gələcək dövrdə Azərbaycan gücləndikcə, bu coğrafiyada Böyük Qayıdışla əhalimizin yaşayışı bərqərar olduqca hesab edirəm ki, seçki sistemi də onunla paralel güclənəcəkdir.Amma qələbəmizin müəllifi birinci növbədə Ulu Öndərdir. Çünki bu təməllər – həm neft müqaviləsinin imzalanması, ölkənin beynəlxalq əlaqələrinin güclənməsi, xalq arasındakı həmrəylik, dövlət-vətəndaş arasındakı münasibətlər və cənab Prezidentin liderliyi ilə ötən 20 ildə keçilən yol – ən nəhayətində 44 günlük Zəfərə, Qurtuluş savaşına gətirib çıxara bildi.Ona görə də gələcək dövrə biz inamla baxırıq və hesab edirik ki, Ulu Öndərin kursu əbədi olaraq Azərbaycan dövlətçiliyinin quruculuğuna, möhkəmlənməsinə və inkişafına xidmət edəcək bir idealdır".
Müəllif: Lətifə Musayeva