“Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayında Azərbaycanın bütün əsas enerji resurslarını istehsal, hasil və ixrac edən nadir ölkələrdən biri olduğunu vurğulaması ölkəmizin enerji potensialının miqyasını aydın şəkildə göstərir”.Bu sözləri SİA -ya açıqlamasında millət vəkili Ülviyyə Həmzəyeva bildirib.Onun sözlərinə görə, bu gün Azərbaycan yalnız neft və qaz ixrac edən ölkə deyil:”Xam neft, neft məhsulları, təbii qaz, elektrik enerjisi, neft-kimya məhsulları və gübrələrin istehsalı və ixracı ölkəmizin çoxşaxəli enerji və sənaye imkanlarına malik olduğunu göstərir. Yaradılmış infrastruktur və genişlənən ixrac coğrafiyası Azərbaycanın beynəlxalq enerji təhlükəsizliyində rolunu da gücləndirir.Eyni zamanda, günəş, külək və digər bərpaolunan enerji layihələrinin genişləndirilməsi Azərbaycanın gələcəyin enerji modelinə hazırlaşdığını göstərir. Ənənəvi enerji resursları ilə yaşıl enerjinin paralel inkişafı uzunmüddətli və dayanıqlı enerji siyasətinin mühüm istiqamətidir.Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində Azərbaycanın enerji potensialı yalnız iqtisadi gəlir mənbəyi deyil, ölkənin strateji imkanlarını və beynəlxalq tərəfdaşlıqlarını genişləndirən mühüm amilə çevrilib. Bu gün Azərbaycan qlobal enerji xəritəsində öz mövqeyini təbii sərvətləri ilə yanaşı, yaratdığı infrastruktur və etibarlı tərəfdaş kimi qazandığı mövqe ilə də möhkəmləndirir”.
Müəllif: Günay Hacıyeva