PDF Oxu

Siyasət

  • 761

Dilimiz, kimliyimiz: Heydər Əliyevin 1978-ci il Konstitusiya islahatında tarixi addımı

image

1978-ci il aprelin 27-də qəbul edilən Azərbaycan SSR-in yeni Konstitusiyası, təkcə sovet sisteminə uyğun inzibati-siyasi yenilənmə aktı deyildi – bu sənəd, həm də milli-mənəvi irsimizin qorunması baxımından strateji əhəmiyyətə malik oldu. Məhz bu Konstitusiyada ümummilli lider Heydər Əliyevin təşəbbüsü və siyasi iradəsi ilə Azərbaycan dili ilk dəfə olaraq rəsmi şəkildə dövlət dili statusu qazandı. Bu qərar, milli kimliyin qorunması və gələcək müstəqilliyin ideoloji təməli baxımından dönüş nöqtəsi idi.

Sovet ideologiyasının rus dilini mərkəzə çəkdiyi və ittifaq respublikalarında ana dillərin arxa plana keçirildiyi bir dövrdə bu cür addım atmaq asan deyildi. Lakin Heydər Əliyev Azərbaycan xalqının milli özünüdərkini və dilə olan mənəvi bağlılığını dərindən anlayırdı. Onun uzaqgörən siyasəti nəticəsində Konstitusiyada “Azərbaycan SSR-in dövlət dili Azərbaycan dilidir” ifadəsi yer aldı. Bu, təkcə hüquqi bir maddə deyildi – bu, xalqın dilinə, tarixinə, öz varlığına sahib çıxması demək idi.

Bununla da Ulu Öndər Heydər Əliyev həm ictimai, həm siyasi, həm də mədəni müstəvidə milli dəyərlərin qorunmasının hüquqi zəmanətini yaratdı. Azərbaycan dili o vaxtdan təkcə ünsiyyət vasitəsi deyil, həm də milli suverenlik uğrunda mübarizənin simvoluna çevrildi.

Bu maddənin Konstitusiyaya salınması sonralar müstəqil Azərbaycanın dövlətçilik platformasında ana dilinin aparıcı yer tutması üçün ideoloji-siyasi zəmin yaratdı. Heydər Əliyevin bu addımı bir daha sübut edir ki, dil – xalqın ruhudur, və bu ruhu qorumaq milli liderin əsas vəzifəsidir. Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan dilinin Konstitusiya səviyyəsində tanınması təkcə sovet çərçivəsində bir cəsarət nümunəsi deyil, həm də gələcək nəsillərin milli şüurunun formalaşmasına doğru atılmış strateji addım idi. Həmin dövrdə SSRİ-nin bir çox respublikalarında dövlət dili olaraq yalnız rus dilinə üstünlük verildiyi halda, Azərbaycan SSR-in 1978-ci il Konstitusiyasında bu normanın yer alması nadir hadisə idi.

Sovet rəhbərliyinin müxtəlif təzyiqlərinə baxmayaraq, Heydər Əliyev siyasi çeviklik və diplomatik məharətlə bu təşəbbüsü həyata keçirdi. Azərbaycan dili yalnız gündəlik ünsiyyətdə deyil, rəsmi yazışmalarda, təhsil sistemində, mədəni tədbirlərdə daha fəal istifadə edilməyə başladı. Bu, milli-mədəni dəyərlərin qorunması istiqamətində mühüm rol oynadı və xalqın dilə münasibətini gücləndirdi.

1995-ci ildə qəbul edilən müstəqil Azərbaycan Respublikasının Konstitusiyasında da dövlət dili Azərbaycan dili kimi təsbit olundu. Bu, 1978-ci ildə atılmış addımın davamı və məntiqi nəticəsi idi. Hazırda Azərbaycan dili dövlət idarəçiliyində, təhsil sistemində və beynəlxalq platformalarda özünü tam hüquqlu və nüfuzlu bir dil kimi təqdim edir.

Ulu Öndər Heydər Əliyevin 1978-ci ildəki bu siyasi iradəsi olmasaydı, müstəqillik dövründə dilin bu qədər mərkəzi yer tutması ehtimalən bu qədər güclü olmayacaqdı. Bu səbəbdən o, yalnız bir siyasi lider deyil, həm də milli-mədəni yaddaşın daşıyıcısı və qoruyucusu kimi tarixə düşüb.

Leyla Hüseynova

YAP Yasamal rayonu AMEA A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini

Digər xəbərlər