Dövlət başçısının Sərəncamı ilə İkinci Dünya müharibəsi iştirakçılarına birdəfəlik maddi yardım veriləcək
XX əsrin ən dəhşətli səhifəsi hesab edilən İkinci Dünya müharibəsi Azərbaycan üçün çoxlu qurbanlarla sona yetmiş olsa da, bu müharibə dünyada misli görünməmiş qələbə ilə başa çatdı. 9 may - alman faşizmi üzərində qələbə tarixidir. Həmin tarixdən düz 80 il ötür. Elə də qısa zaman deyil. Gör neçə bahar, qış ötüb. Qafqazdan Berlinədək şanlı döyüş yolu keçmiş azərbaycanlıların qəhrəmanlığı, şücaəti yaddaşlarda həmişə yaşayır.
Prezident İlham Əliyevin "1941–1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında" Sərəncamı bu kateqoriyadan olan vətəndaşların daim yüksək diqqət və qayğı ilə əhatə olunduqlarını bir daha təsdiq edir. Sərəncama əsasən, İkinci Dünya müharibəsində Qələbənin 80-ci ildönümü ilə əlaqədar həmin müharibənin iştirakçılarına 2500 manat birdəfəlik maddi yardım ödəniləcək. İkinci Dünya müharibəsində həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, həmin dövrdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə, İkinci Dünya müharibəsi illərində döyüş cəbhələrinin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçilərinə, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin müdafiəsinə görə müvafiq medal və döş nişanı ilə təltif edilmiş şəxslərə, habelə Leninqrad şəhərinin mühasirəsi iştirakçılarına 1250 manat məbləğində birdəfəlik maddi yardım veriləcək. Sərəncamın ümumilikdə 2469 şəxsə şamil olunacağı gözlənilir ki, onlardan 21-i İkinci Dünya müharibəsi iştirakçılarıdır. Birdəfəlik maddi yardımların verilməsi üçün Sərəncamla Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 3,2 milyon manat vəsait ayrılıb.
İKİNCİ DÜNYA MÜHARİBƏSİNİN AZƏRBAYCAN HƏQİQƏTLƏRİ
Azərbaycanlı çağırışçı və könüllülərdən formalaşdırılan 77-ci, 223-cü, 336-cı, 402-ci və 416-cı milli atıcı diviziyaları Qafqazdan Berlinədək şanlı döyüş yolu keçdi. Xalqımızın qəhrəman övladları Moskva, Leninqrad, Kiyev, Stalinqrad, Simferopol, Odessa və digər şəhərlərin düşməndən azad edilməsində rəşadət göstərmiş oldular. Həmyerlilərimiz Polşa, Çexoslovakiya, Yuqoslaviya və digər ölkələrin azad olunmasında da yaxından iştirak etdilər. Xatırladaq ki, Berlinə ilk dəfə daxil olan hərbi hissələr içərisində 416-cı diviziyası da var idi. Azərbaycan Prezidenti İlham Əliyev müsahibələrinin birində qeyd edib ki, 416-cı diviziya Berlinin götürülməsində də fərqlənib: "Kayzer Vilhelm sarayını məhz bu diviziyanın döyüşçüləri tutublar. Azərbaycanlı leytenant Məcidovun rəhbərlik etdiyi bir qrup döyüşçü isə Brandenburq darvazaları üzərinə Qələbə bayrağını sancıb". Berlin uğrunda döyüşlərdə kapitan X.Gülməmmədovun batalyonu xüsusilə fərqlənib. Kayzerin sarayı üstündə Qələbə bayrağını ilk dəfə mayın 1-də sancanlardan biri leytenant Vahab Osmanov düşmən gülləsindən həlak olub. Brandenburq qapıları üstünə mayın 2-də qələbə bayrağını taxanlardan biri isə leytenant A.Məcidov və onun döyüşçüləri olublar.
Bu tarixi qələbədə Azərbaycanın, onun övladlarının və neftinin əhəmiyyəti böyükdür. İkinci Dünya müharibəsində qələbənin qazanılmasında Bakı nefti əvəzsiz rol oynamışdır. 1941-1945-ci illər müharibəsi zamanı Sovet İttifaqının istifadə etdiyi neftin 70 faizindən çoxu, benzinin 80 faizi, motor yağlarının isə 90 faizi Azərbaycanın payına düşürdü. Azərbaycan Berlinin alınması zamanı Almaniya səmasında uçuşlar həyata keçirən 7 min hərbi təyyarənin yanacaq təchizatında da mühüm rol oynadı. Xalqımız cəbhəyə 7 tondan çox donor qanı göndərərək, döyüşən ordunun ərzaq və isti geyimlə təchizatında fəallıq göstərdi. 1941-1945-ci illərin alovunu Azərbaycanın hər bir vətəndaşı yaşıyıb. Müharibə illərində Azərbaycanın bütün iqtisadiyyatı da müharibə tələblərinə uyğun qurulmuşdu. Fəhlə və qulluqçular üçün iş günü 11-12 saata qaldırılmışdı. Məzuniyyətlər ləğv olunmuşdu. Ərzaq, gündəlik tələbat və çox işlənən sənaye məhsullarının satışı üzrə kartoçka sistemi tətbiq edilmişdi. Orduya səfərbər edilmiş işçilərin yerinə qadınlar və yeniyetmələr cəlb olunmuşdu. Bütün sənaye sahələri cəbhə üçün məhsul istehsal etməyə başlamışdılar. Azərbaycan hərbi əməliyyat meydanına çevrilməsə də, müharibənin əvvəlindən axırınadək, bu meydanda fəal iştirak etdi. Bakıda - indiki Səttərxan adına zavodda müharibə üçün silah-susat istehsal olunurdu. "Katyuşa" raketi, "Şpakin pulemyotu", "YAK-3" qırıcı təyyarəsi yığılırdı. Bütün qüvvələr faşizm üzərində qələbəyə yönəldilmişdi.
"QƏLƏBƏMİZ UĞRUNDA CANLARINDAN KEÇƏNLƏRİN MÜQƏDDƏS XATİRƏSİNİ EHTİRAMLA YAD EDİRİK"
Azərbaycanda hazırda İkinci Dünya müharibəsi veteranları yaşayır. 9 may-faşizm üzərində qələbədən 80 il ötsə də, həmin illərin ağrısını-acısını yaşayan insanlar hələ də var, müharibənin canlı şahidləri. Həmin illərdə baş verən hadisələrin, müharibənin şahidi və iştirakçısı olan insanların qələbə istəyi ilə Berlinə qədər getmələri, fədakarlıqları və ərənlikləri yaddaşlardan, tariximizdən heç vaxt silinməyəcək.
Müharibədə od-alov püskürən cəbhələrdə ölümlə üz-üzə dayanan, qəhrəmanlıq göstərən insanlara və müharibə veteranlarına Azərbaycanda böyük diqqət və qayğı göstərilir. Veteranlara ikinci həyatı isə öz diqqət və qayğısı ilə Ulu Öndər Heydər Əliyev bəxş etmişdir. Ümummilli Lider Heydər Əliyev hakimiyyətdə olduğu bütün dövrlərdə müharibə veteranlarının problemlərinə xüsusi diqqət yetirmiş və onlara hərtərəfli qayğı ilə yanaşmışdır. Müstəqilliyin ilk illərində veteranlara ədalətsiz münasibət heç kimin yadından çıxmayıb, AXC-Müsavat iqtidarı dövründə, hətta 9 May Qələbə Gününü də ləğv etmək fikrində idilər. Ulu Öndər Heydər Əliyev 1993-cü ildə Azərbaycanda hakimiyyətə qayıdışından sonra bu ədalətsiz münasibət aradan götürüldü, ədalət bərpa olundu və veteranlara layiq olduqları hörmət göstərilməyə başlandı. "Tarix bu gün də bilməlidir ki, İkinci Dünya müharibəsində Azərbaycan Respublikasının xidməti, fəaliyyəti, rolu çox böyük olmuşdur", - deyən Dahi Öndər Heydər Əliyev müharibə veteranlarını "Xalqımızın Qızıl Fondu" adlandırırdı.
Ölkəmizdə müharibə veteranlarına qayğının və onların sosial müdafiəsinin gücləndirilməsi dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Ulu Öndər Heydər Əliyevin bu sahədəki siyasətini uğurla davam etdirən Prezident İlham Əliyev İkinci Dünya müharibəsinin ağır və çətin sınaqlarından keçmiş veteranların qayğılarına həssaslıqla yanaşır. "Biz ümumi Qələbəmiz uğrunda canlarından keçənlərin müqəddəs xatirəsini ehtiramla yad edirik", - deyən dövlət başçısı Azərbaycanda veteranların diqqət və qayğı ilə əhatə olunduğunu bildirib.
Ölkəmizdə müharibə veteranlarına qayğının və onların sosial müdafiəsinin gücləndirilməsi dövlət siyasətinin əsas istiqamətlərindən biridir. İkinci Dünya müharibəsində od-alov püskürən cəbhələrdə ölümlə üz-üzə dayanan, qəhrəmanlıq göstərən insanlara və müharibə veteranlarına da Azərbaycanda böyük diqqət və qayğı göstərilir. Prezident İlham Əliyevin imzaladığı məlum Sərəncam Azərbaycanın dövlət siyasətinin insan amilinə söykənməsi və humanist mahiyyət kəsb etməsinin növbəti təzahürüdür.
Zümrüd BAYRAMOVA