Prezident İlham Əliyev: 30 il əvvəl itkin düşmüş vətəndaşlarımızın taleyinin aydınlaşdırılması ciddi ictimai hadisə olmaqla yanaşı, həm də Azərbaycan dövlətinin öz vətəndaşına verdiyi dəyərin bariz nümunəsidir. Mən itkin ailələrini əmin edirəm ki, Vətən uğrunda döyüşlərdə itkin düşmüş bütün şəxslərin taleyinin aydınlaşdırılması üçün səylərimizi əsirgəməyəcəyik.
2020-ci ilin payızında, 44 günlük İkinci Vətən müharibəsi ilə 30 il erməni işğalı altında qalan torpaqlarımız azad edildi. Dövlətimizin başçısı, Ali Baş Komandan İlham Əliyevin müzəffər sərkərdəliyi ilə milli ordumuzun qəhrəman zabit və əsgər heyəti Qarabağda üç əsrə bərabər hərbi taktika həyata keçirdi və bir qərinəyə yaxın düşmən tapdağı altında inləyən ata-baba yurdlarını soydaşlarımıza qaytardı.
Azərbaycan xalqı Zəfər qazandı. Möhtəşəm tariximizin 270 ildən artıq dövründən sonra onun səhifələrinə qürur sətirləri yazıldı. Dövlətimizin başçısının 20 illik yorulmaz fəaliyyətinin və hər dəfə söylədiyi - əgər Qarabağ sülh yolu ilə geri alınmazsa, hərb yolu ilə azad ediləcək- dəyərli fikirlərinin nəticəsi olaraq ulu yurd yerlərimiz qarış-qarış düşməndən azad edildi.
Bu torpaqlar sülh yolu ilə də azad edilə bilərdi. Bunun üçün dövlətimizin başçısı illərlə beynəlxalq təşkilatlarla, müxtəlif dövlətlərlə danışıqlar apardı. Lakin həm ölkələr, həm də təşkilatlar susdu. Azərbaycan dövləti üçün yeganə yol qaldı: torpaqları hərb yolu ilə geri almaq. Və bunu 2020-ci ildə 44 günlük Vətən müharibədə gördük və şanlı Zəfərimizin qürurunu yaşadıq.
Birinci Vətən müharibəsində olduğu kimi, minlərlə şəhidimiz, qazimiz, itkinimiz oldu. Lakin bunlar müharibənin “qanunlarıdır”. Nə şəhidsiz, nə qazisiz, nə itkinsiz, nə də dağıntısız müharibə olur. Zəfər şəhid, qazi, itkinlə qazanılır. İkinci Vətən müharibəsində əldə etdiyimiz şanlı Zəfər də çoxsaylı Vətən övladının şəhid olması, sağlamlığının məhdudlaşması və itkin düşməsi ilə qazanıldı. Təsəllimiz isə “Oğul torpaq üçün doğulur” deyimi oldu.
Lakin xalqı qarşıda yeni bir Zəfər də gözləyirdi. 2023-cü ildə Xankəndidə birgünlük antiterror əməliyyatı ilə daha böyük Zəfər qazandıq. Bu dəfə erməni nankorları torpaqlarımızı könüllü şəkildə tərk etdi və bununla da Qarabağ və Şərqi Zəngəzurun işğal altında olan əraziləri tamamilə azad olundu. Dövlətimizin ərazi bütövlüyü və konstitusiya quruluşu bərpa olundu.
İkinci Vətən müharibəsi Birinci Vətən müharibəsinə işıq saldı
İkinci Vətən müharibəsinin Zəfər günəşi Birinci Vətən müharibəsinə də işıq saldı. Belə ki, həmin dövrdə müharibədə şəhid olan, əsir götürülən və itkin düşən, ermənilər tərəfindən kütləvi, həm də vəhşicəsinə şəkildə öldürülən soydaşlarımızın məzarlıqları aydınlaşdırılmağa və müəyyən edilməyə, ailəsinə təhvil verilməyə başlandı. Bu isə Zəfərin qələbəsidir.
“İtkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması üçün milli və beynəlxalq səylərin artırılması” mövzusunda 18 sentyabr 2023-cü il tarixdə keçirilən beynəlxalq konfransın iştirakçılarına dövlətimizin başçısı İlham Əliyevin ünvanlandığı müraciətdə deyilirdi: İtkin düşmüş şəxslər məsələsi Azərbaycanın üzləşdiyi ən ağır problemlərdən biridir və konfransın mövzusu ölkəmiz üçün xüsusi aktuallıq kəsb edir. Birinci Qarabağ müharibəsi zamanı Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi nəticəsində 3890 vətəndaşımız itkin düşmüşdür. İtkin düşmüş şəxslərin ümumi sayından 872 nəfərin əsir-girov götürülməsi və ya vaxtilə işğal altında olmuş ərazilərdə qalmasına dair təkzibedilməz məlumatlar mövcuddur.
Etibarlı məlumatlara əsasən, itkin düşmüş şəxslər Ermənistan tərəfindən işgəncələrə məruz qalmış, qətlə yetirilmiş və Azərbaycanın əvvəllər işğal olunmuş ərazilərində kütləvi məzarlıqlarda basdırılmışdır.
İtkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi məsələsi daim Azərbaycan dövlətinin diqqət mərkəzində olmuşdur. 1993-cü ildə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası yaradılmış və bu illər ərzində səmərəli fəaliyyət göstərmişdir.
2020-ci ildə Azərbaycanın torpaqlarının işğaldan azad edilməsi Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması üçün yeni imkanlar açdı. Lakin Ermənistan tərəfindən ərazilərimizin minalarla və partlamamış hərbi sursatlarla çirkləndirilməsi kütləvi məzarlıq yerlərinin müəyyən olunması, ekshumasiya işlərinin aparılması prosesinə ciddi maneələr yaradır.
Dövlət başçısının müraciətində daha sonra deyirdi ki, Vətən müharibəsindən dərhal sonra Dövlət Komissiyasının imkanlarının gücləndirilməsi istiqamətində mühüm addımlar atılmış, işğaldan azad edilmiş ərazilərdə kütləvi məzarlıqların yerlərinin müəyyən olunması, zəruri qazıntı və ekshumasiya işlərinin aparılmasına başlanılmışdır.
Beləliklə, ötən il Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası tərəfindən şəxsiyyəti müəyyən olunmuş 73 nəfər Azərbaycan vətəndaşına dair məlumatlar açıqlandı. Onlardan 64 nəfəri naməlum şəhid məzarlarından tapılan şəxslər idi. 9 nəfərin meyit qalığı isə Edilli, Daşaltı və Sarıcalı kəndində aşkarlanmış kütləvi məzarlıqlardan götürülmüşdü: Beyləqan rayonunun Şəfəq qəsəbəsində yerləşən “Peyğəmbər” qəbiristanlığı – 10 nəfər. Gəncə şəhərindəki Şəhidlər xiyabanı – 22 nəfər. Bakı şəhəri I və II Şəhidlər xiyabanı – 13 nəfər. Tərtər şəhərindəki Şəhidlər xiyabanı – 13 nəfər. Füzuli rayonu ərazisində – 6 nəfər. Xocavənd rayonunun Edilli kəndi (kütləvi məzarlıq) – 4 nəfər. Şuşa rayonunun Daşaltı qəsəbəsi (kütləvi məzarlıq) – 2 nəfər. Ağdam rayonunun Sarıcalı kəndi (kütləvi məzarlıq) – 3 nəfər.
30 il əvvəl itkin düşmüş vətəndaşlarımızın taleyi aydınlaşdı
Vətən müharibəsi bitəndən, xüsusilə 2023-cü ildəki birgünlük antiterror əməliyyatlarından sonra azad edilmiş torpaqlarda taleyi aydınlığa çıxarılan soydaşlarımızın adını eşitdik. Çünki Qarabağ və Şərqi Zəngəzur tamamilə erməni terrorçularından xilas edildi. Sərhədlərimiz möhkəmləndirildi. Və bu sərhədlər daxilində artıq 30 illik itkinlərimizi axtarıb tapa bildik. 30 ildən artıq bir dövrdə gözü yollarda nigaran qalan valideynlərinə, yaxınlarına onlar haqında məlumat verildikcə, dəfn olunub məzarı bilindikcə, o insanların üzündəki ifadə adamı qürurlandırdı. Bu, sevinc ifadəsi, balasının naməlum taleyinə salınan işığın sevinci idi. Gözlərinin yollardan yığılmasının, həsrətin bitməsinin, doğmasına qovuşmanın sevinci idi. Bir məzarın təsəlli sevinci idi.
Ötən il iyul ayında araşdırmalar nəticəsində nəşi tapılan Birinci Qarabağ müharibəsində itkin düşmüş və şəxsiyyəti müəyyənləşdirilən on şəhidimiz haqqında əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayandan sonra qalıqları Xocalı rayonu ərazisində aşkar edilən şəhidlər Usubəli Süleyman oğlu Qarayev, Şahin Talış oğlu Məmişov, Ələddin Bəhlul oğlu Paşayev, Nemət Musa oğlu Şahmuradov və Zakir Kamran oğlu Usubovun nəşi Xocalı şəhərində dəfn olundu. Bu zaman hər kəsi təsirləndirən Xocalı şəhidi Zakir Usubovun oğlu Elmir Usubovun xatırlamadığı atasının tabutunu çiynində məzara endirməsi oldu. Xocalı faciəsi baş verəndə 1 yaşı olan Elmir şəhid atasının nəşinin 32 ildən sonra dəfn edilməsinin ailələri üçün böyük təskinlik olduğunu bildirmişdi: bütün ailəmizin gözü aydın olsun. Atamla heç vaxt şəklim olmayıb, indi onun məzarı ilə ilk şəklimi çəkdirdim”.
İşgəncə, fiziki zorakılıq və qeyri-insani rəftara məruz qalan soydaşlarımız
Ötən ilin mart ayında işğaldan azad edilmiş Xocalı şəhərinin mərkəzində (keçmiş xalça fabrikinin yaxınlığında) həyata keçirilən əsaslı bərpa-quruculuq işləri çərçivəsində aparılan qazıntı işləri zamanı basdırılmış vəziyyətdə kütləvi insan qalıqları aşkar olundu və fakt ilə bağlı araşdırmalara başlandı.
Bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat verdi. Məlumatda bildirilirdi ki, qeyd olunan ərazidə həyata keçirilən baxış-istintaq hərəkəti nəticəsində aşkar edilmiş insan qalıqlarının müayinəsi zamanı onların 18 nəfər şəxsə məxsus olması (4 nəfərin azyaşlı olması ehtimal edilir), müxtəlif üsullarla işgəncə, fiziki zorakılıq və qeyri-insani rəftara məruz qalmaları, fərdi şəkildə və mənsub olduqları dinin tələblərinə uyğun qaydada dəfn olunmamaları, tapıla bilmələri üçün lazımi qaydada qorunmaları və nişanlanmalarının təmin olunmaması müəyyən edilib.
Aşkar edilmiş insan qalıqlarının xüsusiyyətlərinə görə ən azı 25 il əvvəl basdırıldığı da müəyyən edilmişdi.
Kütləvi məzarlıqda aşkar olunan insan qalıqlarından 10 nəfərin şəxsiyyəti müəyyən edilmişdi. Söz yox ki, yüzlərlə soydaşımız belə işgəncə, fiziki zorakılıq və qeyri-insani rəftara məruz qalıb. İşğaldan azad edilmiş ərazilərimiz minalardan tamamilə təmizləndikdən sonra araşdırmalar davam edəcək və hələ neçə belə qəbiristanlıqlar aşkarlanıb ortaya çıxarılacaq.
Həm İkinci, həm də Birinci Vətən müharibəsinin LİDERİ
Böyük Zəfərdən bu günədək taleyi araşdırılan və nəşi Vətənində torpağa tapşırılan Vətən övladlarından söhbət açdıq. Onların övladlarına, övladların valideynlərinə qovuşması ilə hansı hissləri yaşadıqlarını ifadə etməyə çalışdıq. Məqsədim isə həm İkinci, həm də ondan düz 30 il əvvəl baş vermiş Birinci Vətən müharibəsinin Liderinə çevrilən dövlətimizin başçısının xalqımız qarşısında xidmətlərinə nəzər salmaq idi.
Bəli, cənab İlham Əliyev hər iki müharibənin Liderinə çevrildi. Əvvəlcə torpaqlarımızı düşməndən alıb soydaşlarımıza bəxş etməsi, ümumilikdə xalqın şərəf məsələsini həll etməsi ilə, sonra isə 30 ildən artıq bir dövrdə gözləri yollarda qalan ana-ataların, bacı-qardaşların övlad həsrətinə son qoymasi ilə.
Bir də cənab Prezident ona görə hər iki müharibənin Lideri ola bildi ki, vaxtilə torpaqların işğal olunmasında bilavasitə günahı olan ozamankı hakimiyyət mənsublarının böyük səhvini çox çətinliklə olsa da, düzəltdi. Onlara göstərdi ki, torpağı qorumaq, onun əsl sahibinə çevrilmək, dövlətə və dövlətçiliyə sədaqət, xalq-dövlət birliyini yarada bilmək, bir yumruq altında birləşib, onu gücə çevirmək necə olur.
Elə bu səbəblərdən də bizim Prezident hər bir azərbaycanlının Prezidenti ola bildi.
Mətanət Məmmədova