"Azərbaycan ABŞ-ın təşəbbüsü ilə yaradılan Trampın Sülh Şurasına təsisçi üzv dövlət olmaq dəvətini qəbul edib. Bu addım, həm ABŞ ilə Azərbaycan arasında mövcud dostluq və strateji tərəfdaşlıq münasibətlərinin, həm də ABŞ-ın regiondakı siyasətinə Azərbaycan tərəfindən göstərilən müsbət yanaşmanın nəticəsidir". Bu sözləri SİA-ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.
Onun sözlərinə görə, ABŞ tərəfindən belə bir dəvətin verilməsi, Azərbaycanın beynəlxalq səviyyədə etibarlı və məsuliyyətli tərəfdaş kimi qiymətləndirildiyini göstərir:
"Cənubi Qafqaz regionunda isə yeni regional proseslər formalaşmaqda davam edir. Son illərdə bölgədə sülh və təhlükəsizlik mövzuları dünya ictimaiyyətinin diqqət mərkəzindədir. Azərbaycan, öz siyasəti və fəal diplomatik addımları ilə bu proseslərin mühüm iştirakçısı kimi çıxış edir. Ölkəmiz sülhün və davamlı inkişafın təmin olunması, sərhəd bölgələrində gərginliyin azaldılması və iqtisadi əməkdaşlığın genişləndirilməsi istiqamətində konkret təşəbbüslər göstərir.
Bununla yanaşı, Azərbaycanın Trampın Sülh Şurasına üzv olması, ölkənin beynəlxalq səviyyədə nüfuzunun artırılmasına, diplomatik əlaqələrinin genişlənməsinə və regional əməkdaşlığın güclənməsinə də töhfə verəcək. Bu addım, həm də Azərbaycanın digər qonşu dövlətlərlə dialoqun gücləndirilməsi, qarşılıqlı etimadın bərpası və Cənubi Qafqazda dayanıqlı sülhün təmin olunması istiqamətində strateji əhəmiyyət daşıyır.
Beləliklə, Azərbaycan həm daxildə, həm də beynəlxalq arenada sülh, sabitlik və əməkdaşlıq siyasətini davam etdirərək, regionda sabitliyi və təhlükəsizliyi qorumaq istiqamətində mühüm rol oynayır".