Çoxşaxəli xarici siyasət kursu Azərbaycanın beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi mövqeyini möhkəmləndirib. Şərq ilə Qərb arasında körpü rolunu oynayan Azərbaycan dünyanın aparıcı dövlətləri, o cümlədən Çin Xalq Respublikası ilə əməkdaşlığı prioritet istiqamətlərdən biri kimi dəyərləndirir. Milli maraqlara qarşılıqlı hörmət, suverenliyə və ərazi bütövlüyünə dəstək prinsiplərinə əsaslanan Azərbaycan-Çin əlaqələri zaman keçdikcə daha da möhkəmlənərək hərtərəfli strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib.
Prezident İlham Əliyevin Çinin nüfuzlu Sinxua agentliyinə verdiyi məxsusi müsahibə bu münasibətlərin çoxşaxəli xarakterini nümayiş etdirir. Dövlətimizin başçısı iki ölkə arasında əməkdaşlığın əsas istiqamətləri və gələcək perspektivlərini diqqətə çatdırıb.
Dünyada yüksək nüfuza malik olan dövlətlər kimi Azərbaycan ilə Çin beynəlxalq müstəvidə əməkdaşlığı xüsusi diqqət mərkəzində saxlamaqla bir-birinin maraqlarının qorunmasına böyük önəm verirlər. “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə”nin qəbulu iki ölkə arasında qarşılıqlı inam və strateji yaxınlığın təsdiqi kimi diplomatik münasibətlər tarixində dönüş nöqtəsi olaraq dəyərləndirilir. Birgə Bəyannamə təkcə siyasi əlaqələrin deyil, həmçinin iqtisadi, nəqliyyat, humanitar, rəqəmsal və yaşıl enerji sahələrində əməkdaşlığın yeni mərhələyə qədəm qoyduğunu göstərir.
Aprelin 22-də Prezident İlham Əliyevin Çin Xalq Respublikasına dövlət səfəri iki ölkə arasında münasibətlərin inkişafı, həmçinin yeni geosiyasi reallıqlar fonunda formalaşmaqda olan beynəlxalq nizamda strateji mövqelərin möhkəmləndirilməsi baxımdan böyük əhəmiyyət daşıyır. Bu səfər çoxşaxəli mahiyyət daşıyır və Azərbaycan-Çin münasibətlərində yeni bir mərhələnin əsasını qoyacaqdır.
Səfər çərçivəsində keçirilən görüşlərin əsas məğzini qarşılıqlı siyasi etimadın daha da gücləndirilməsi, iqtisadi və ticari əlaqələrin yeni mərhələyə yüksəldilməsi, nəqliyyat və enerji sahələrində strateji əməkdaşlığın dərinləşdirilməsi, eləcə də qlobal təşəbbüslər çərçivəsində birgə fəaliyyət mexanizmlərinin formalaşdırılması təşkil edir. Aprelin 23-də liderlər “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat”ı imzalayaraq ikitərəfli münasibətləri keyfiyyətcə yeni mərhələyə –hərtərəfli strateji tərəfdaşlıq səviyyəsinə yüksəltmişlər. Bu mühüm sənəd Azərbaycan-Çin münasibətlərinin gələcək inkişaf istiqamətlərini müəyyən edən strateji yol xəritəsi rolunu oynayır.
Bəyanatda qarşılıqlı siyasi dəstək, beynəlxalq hüququn prinsiplərinə hörmət, suverenlik və ərazi bütövlüyünün tanınması, eləcə də qorunması kimi fundamental prinsiplər təsbit olunub. Çin Xalq Respublikasının ölkəmizin ərazi bütövlüyünə davamlı dəstəyi, “Vahid Çin” siyasətinə dövlətimizin verdiyi birmənalı və ardıcıl dəstək qarşılıqlı hörmətə əsaslanan münasibətlərin təməlini təşkil edir. Bəyanatda Azərbaycanın Çin tərəfindən irəli sürülmüş “Qlobal Təhlükəsizlik Təşəbbüsü”, “Qlobal İnkişaf Təşəbbüsü” və “Qlobal Sivilizasiyalar Təşəbbüsü”nə dəstək verməsi xüsusilə vurğulanıb. Həmin təşəbbüslər beynəlxalq münasibətlərdə yeni və daha inklüziv yanaşmanın tətbiqini hədəfləyir. Azərbaycan bu çağırışlara özünün çoxtərəfli xarici siyasət doktrinası çərçivəsində müsbət cavab verib, bu da ölkənin qlobal miqyasda etibarlı tərəfdaş statusunu bir daha təsdiqləyir.
Terrorizm, ekstremizm və separatizmə qarşı birgə mübarizə məsələləri də diqqət mərkəzində olmuşdur. Bu məsələlər yalnız təhlükəsizlik sahəsində əməkdaşlıq baxımdan deyil, həm də siyasi sabitliyin qorunması və suverenliyin gücləndirilməsi kontekstində aktualdır. Si Cinpin Azərbaycanın COP29-a ev sahibliyini yüksək qiymətləndirərək qlobal iqlim gündəliyinin formalaşmasında ölkəmizin oynadığı rolu xüsusi vurğulamışdır. Bu, Azərbaycanın təşəbbüskar və məsuliyyətli tərəfdaş kimi tanınmasının daha bir göstəricisidir.
Dövlətlərarası münasibətlərdə nəqliyyat-logistika əməkdaşlığı xüsusi yer tutur. Azərbaycanın təşəbbüsü və iştirakı ilə reallaşan beynəlxalq nəqliyyat layihələri Çin tərəfindən irəli sürülmüş “Kəmər və yol” təşəbbüsü ilə uyğunluq təşkil edir. Azərbaycan bu təşəbbüsü ilk dəstəkləyən ölkələrdən biri olmaqla regionun nəqliyyat mərkəzinə çevrilməkdə qərarlı addımlar atmışdır. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Bakı-Tbilisi-Qars dəmir yolu, eləcə də müasir avtomobil magistralları və dəmir yolu infrastrukturunun gücləndirilməsi Azərbaycanın tranzit potensialını artırmış, Çin-Avropa ticarət marşrutlarında mühüm həlqəyə çevrilməsini təmin etmişdir. Bu dəhlizlər vasitəsilə yüklərin səmərəli və sürətli daşınması təkcə iqtisadi deyil, həm də geosiyasi baxımdan böyük əhəmiyyət daşıyır. Azərbaycan Avrasiyanın geoiqtisadi xəritəsində mühüm tranzit ölkə kimi çıxış edir.
Səfər çərçivəsində tərəflər, həmçinin “Kəmər və yol” təşəbbüsü kontekstində əməkdaşlığın dərinləşdirilməsi məsələlərini də müzakirə etmişdir. Azərbaycanın tranzit-logistika imkanları, ölkəmizin beynəlxalq nəqliyyat dəhlizlərində rolu və digər geostrateji məsələlər Pekində yüksək dəyərləndirilir. Çin üçün Azərbaycan Avrasiyanın logistik qovşaqlarından biri kimi önəmli tərəfdaşa çevrilmişdir.
Eyni zamanda, səfər çərçivəsində sənaye, kənd təsərrüfatı, yaşıl enerji və rəqəmsal texnologiyalar sahəsində əməkdaşlığın genişləndirilməsi, birgə layihələrin həyata keçirilməsi üçün real imkanlar nəzərdən keçirilmişdir. Xüsusilə süni intellekt, “ağıllı şəhərlər” və alternativ enerji texnologiyaları sahəsində əməkdaşlıq iki ölkə arasında innovasiyayönümlü tərəfdaşlığın inkişafını sürətləndirəcək.
Azərbaycanın Çinlə əməkdaşlıqda maraqlı olması həm də bu əlaqələrin ölkələrin dayanıqlı inkişafına töhfə verəcəyinə inamdan qaynaqlanır. Çin dünyanın ən böyük iqtisadi güclərindən biri kimi müxtəlif sahələrdə – texnologiya, sənaye, nəqliyyat və kənd təsərrüfatı sahələrində əməkdaşlıq üçün geniş imkanlara malikdir. Azərbaycan isə öz növbəsində mühüm coğrafi mövqeyi, dayanıqlı sabitliyi və inkişaf edən infrastrukturu ilə bu əməkdaşlığa real töhfə verə biləcək tərəfdaşdır. Prezident İlham Əliyevin vurğuladığı kimi: “Ölkələrimiz arasında qarşılıqlı maraq doğuran bütün sahələrdə əməkdaşlığın inkişafına xüsusi əhəmiyyət veririk və ikitərəfli münasibətlərin dərinləşməsini Azərbaycanın xarici siyasətinin mühüm istiqamətlərindən biri kimi qiymətləndiririk”.
Azərbaycan və Çin beynəlxalq münasibətlərdə də ortaq mövqelərə malikdirlər. Hər iki ölkə ədalətli dünya nizamının qurulmasını dəstəkləyir, güc amilinə deyil, beynəlxalq hüquqa əsaslanan sistemin formalaşmasının vacibliyini önə çəkirlər. Dövlətlərin suverenliyinə və daxili işlərinə qarışmama prinsipini müdafiə edən Azərbaycan və Çin beynəlxalq platformalarda, o cümlədən BMT çərçivəsində bir-birinin mövqeyinə hörmətlə yanaşır və dəstək nümayiş etdirirlər.
Azərbaycan və Çin arasında humanitar sahədə əməkdaşlıq da diqqətəlayiqdir. Təhsil, mədəniyyət və informasiya mübadiləsi sahəsində həyata keçirilən layihələr əlaqələrin möhkəmlənməsini təşviq edir. Çin universitetlərində azərbaycanlı tələbələrin sayı artır, eyni zamanda, ölkəmizdə Çin dili və mədəniyyətinə maraq genişlənir.
Prezident İlham Əliyevin bu səfəri Azərbaycan diplomatiyasının strateji xarakteri və qlobal çevikliyinin növbəti təcəssümüdür. Dünya nizamının yenidən formalaşdığı bir dövrdə rəsmi Bakı öz xarici siyasətində prioritetləri dəqiq müəyyənləşdirərək regionda və daha geniş coğrafiyada maraqlarını irəli aparmaq iqtidarında olduğunu bir daha sübut etmişdir. Çinlə qurulan hərtərəfli strateji tərəfdaşlıq Azərbaycan üçün yalnız siyasi və iqtisadi dividendlər deyil, həm də beynəlxalq arenada daha güclü dəstək deməkdir.
Nəticə etibarilə, bu səfər gələcək onilliklər üçün Azərbaycan-Çin münasibətlərində yeni mərhələnin əsasını qoymuşdur. İki dövlət arasında bir-birinə hörmət və strateji əməkdaşlıq əsasında qurulan münasibətlər beynəlxalq sistemdə sülh, təhlükəsizlik və qarşılıqlı faydaya əsaslanan əməkdaşlıq nümunəsi kimi dəyərləndirilir. Bu çərçivədə siyasi dialoqun intensivləşməsi, iqtisadi-ticarət və nəqliyyat sahələrində əməkdaşlığın dərinləşməsi regional sabitlik və inkişaf üçün mühüm imkanlar yaradır. Bu, yalnız ikitərəfli münasibətlərin möhkəmlənməsi baxımından deyil, həm də Asiya ilə Avropa arasında geostrateji körpünün güclənməsi baxımdan xüsusi əhəmiyyət daşıyır.
Asif Əsgərov
Milli Məclisin deputatı