Ağdam rayonunun işğaldan azad olunmasından beş il ötür. 20 Noyabr – Ağdam şəhəri günü təkcə bir tarix deyil, həm də Azərbaycanın mədəniyyət və dövlətçilik yaddaşı üçün dərin mənaya malikdir. İşğaldan azad edildikdən sonra Ağdam təkcə dağıntılar simvolu kimi deyil, həm də yenidən qurulma, dirçəliş və gələcəyə inamın nişanəsi kimi tarixə düşdü.
1993-cü il iyulun 23-də Ağdam şəhəri də daxil olmaqla, rayonun böyük hissəsi ermənilər tərəfindən işğal edilmişdi. Ermənilərin Azərbaycanın Qarabağ bölgəsini işğal etmək məqsədi ilə 1988-ci ilin fevralından başladığı müharibəyə ilk cəlb olunan rayonlardan biri məhz Ağdam oldu. 1993-cü il iyul ayının 23-də isə Ermənistan silahlı qüvvələrinin hücumu nəticəsində Ağdam şəhəri işğal olundu. Həmin hücum nəticəsində rayonun 1094 kvadratkilometrlik ərazisinin 882 kvadratkilometri qəsb edildi, 122 kənd, 24 min 446 yaşayış binası, 48 sənaye və tikinti müəssisəsi, 160 məktəb binası, 65 səhiyyə mərkəzi, 373 mədəniyyət ocağı, 1 teatr, 3 məscid və 2 muzey yandırılıb tamamilə məhv edildi. Ermənilər uşaq və böyüyə, qadın və kişiyə fərq qoymadan insanları vəhşicəsinə qətlə yetirərək bəşəriyyətə qarşı ən dəhşətli cinayət törətdilər.
Qafqazın “Xirosiması, “ruhlar şəhəri” adlandırılan Ağdamın 27 il davam edən işğalına 20 noyabr 2020-ci ildə son qoyuldu. Həmin il sentyabrın 27-də başlayan və 44 gün davam edən İkinci Qarabağ müharibəsində işğalçı Ermənistan ağır məğlubiyyətə uğradı və kaputulyasiya aktına imza atmağa məcbur oldu. Döyüş meydanında rüsvayçı məğlubiyyətə düçar olan Ermənistanın imzaladığı kapituliyasiya aktına əsasən, noyabrın 20-də Ağdam rayonu Müzəffər Ali Baş Komandanın İkinci Qarabağ müharibəsində yürütdüyü hərbi-siyasi uğurun davamı olaraq bir güllə atılmadan azad edildi və düşmən rayondan çıxmağa məcbur edildi.
Bununla da 27 il ərzində işğal altında olan Ağdam rayonu qan tökülmədən qəsbkarlardan tamamilə azad edildi, Azərbaycan Ordusunun bölmələri rayona daxil oldu. Həmin il noyabrın 23-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam şəhərində oldular. Dövlət başçısı Ağdamda Azərbaycanın üçrəngli bayrağını ucaltdı.
Hazırda Ağdam şəhərində və rayonun bir sıra kəndlərində böyük bərpa-quruculuq işləri həyata keçirilir. Ağdama yeni nəfəs, yeni həyat qayıdır. 2026-cı ilin sonunadək Ağdam şəhərinə və ətraf kəndlərə, ümumilikdə, 42 min insanın köçürülməsi qarşıya məqsəd qoyulub.
Bu gün Ağdam yenidən qurulma, dirçəliş və gələcəyə inamın nişanəsi kimi tarixə düşüb. Bu kontekstdə “Ağdam şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı” regionun uzunmüddətli inkişaf modelini müəyyənləşdirən mühüm strateji sənəd kimi çıxış edir. Baş planın əsas məqsədi Ağdamı mədəni, iqtisadi və sosial cəhətdən tamamilə yenilənmiş, müasir şəhər standartlarına cavab verən, dayanıqlı və yaşıl şəhər konsepsiyasına uyğun müasir məkan kimi formalaşdırmaqdır. Planın mərkəzində “ağıllı şəhər” yanaşması dayanır. 2040-cı ilədək nəzərdə tutulmuş Baş plan Ağdamın gələcəyini yalnız bərpa deyil, həm də inkişaf konsepsiyası üzərində qurur. Ağdamın Baş planında şəhərsalma xüsusi yer tutur. Şəhərin əsas simvollarından biri olacaq Mədəniyyət Kompleksi, Ağdam Dram Teatrının bərpası və “İmarət” kompleksi kimi tarixi abidələrin müasir tərzdə dirçəldilməsi planlaşdırılır. Bu, Ağdamın tarixini gələcək nəsillərə çatdırmaqla yanaşı, şəhərə yeni turizm potensialı qazandıracaq.
Baş plan Ağdamın iqtisadi həyatının yenidən qurulmasını da hədəfləyir. Sənaye parklarının yaradılması, aqrar sahənin modernləşdirilməsi və çevik logistika sistemlərinin qurulması regionda minlərlə yeni iş yerinin açılmasını nəzərdə tutur. Ağdamın coğrafi mövqeyi logistik mərkəzə çevrilməsi üçün əlverişli imkanlar yaradır ki, bu da həm yerli, həm də regional iqtisadi dövriyyəni genişləndirəcək.
Bu günlərdə Ağdamın işğaldan azad olunmasının beşinci ilini böyük sevinc və qürur hissi ilə bayram edirik. Ağdam bu gün yenidən doğuşun, inamın və ümidin şəhəridir. İşğaldan sonra daimi köçkün həyatı yaşayan Ağdam sakinləri üçün doğma torpaqlara qayıdış, yəni Böyük Qayıdış artıq realdır.
Gündüz Bayramov
YAP Samux rayon təşkilatının sədri