PDF Oxu

Siyasət

  • 1 928

Azərbaycan ən sabit, təhlükəsiz ölkələr sırasındadır

image

Yola saldığımız 2025-ci il Azərbaycan üçün enerji ixracının şaxələndirilməsi və regional əməkdaşlıqda əldə olunan müvəffəqiyyətlər, böyük infrastruktur layihələrinin icrası, rəqəmsal və texnoloji inkişaf, sosial və əmək bazarı sahəsində beynəlxalq proqramların fəaliyyəti və digər böyük uğurlarla yaddaşlarda qaldı. İlk günlərini yaşadığımız 2026-cı il isə ölkəmizin bütün sahələrdə müvəffəqiyyətlərini davam etdirərək,daha böyük uğurlar əldə edəcəyinə ümid verir və hər birimizi bu yolda yorulmadan çalışmağa ruhlandırır. Bu baxımdan ölkəmizin prezidenti cənab İlham Əliyevin 2026-cı ilin yanvar ayının 5-də yerli televiziya kanallarına verdiyi müsahibə görülən işlərin,əldə edilən uğurların xülasəsi olmaqla yanaşı, həm də ölkəmizin inkişafında yeni nailliyyətlərə yol açacaq layihələrə,əhəmiyyətli proqramlara işıq saçaraq yol göstərən bir mayakdır.

Dövlət başçısının müsahibəsində xüsusilə regionda cərəyan edən proseslər,sosial-iqtisadi inkişaf dinamikası, həyata keçirilən strateji layihələr, həm daxili, həm də xarici siyasətdə qarşıda duran əsas vəzifələr diqqət mərkəzində olub. Təxminən üç saat davam edən müsahibə, ilk növbədə, Prezident İlham Əliyevin media institutuna verdiyi önəmi və mətbuatla açıq, davamlı dialoqa xüsusi əhəmiyyət verdiyini nümayiş etdirir. Bu baxımdan müsahibə cari siyasi gündəmlə yanaşı, Azərbaycanın gələcək inkişaf perspektivlərinə dair konseptual baxışın təqdimatı kimi də xüsusi əhəmiyyət daşıyır.

Atılan bütün addımlar müasir müstəqil, qalib Azərbaycanın gələcəyinə xidmət edir. Azərbaycan ən sabit, təhlükəsiz ölkələr sırasındadır. Ölkəmizin hərtərəfli inkişafı üçün kompleks tədbirlər həyata keçirilir. Şəffaflığın təmin edilməsi əsas prioritetlər sırasındadır. Prezident İlham Əliyev müsahibəsində bir daha bu çağırışı etdi ki, hər halda ümumi inkişafımız üçün hər bir insan, xüsusilə vəzifə sahibi ürəklə işləməlidir, xüsusilə belə möhtəşəm və tarixi Zəfərdən sonra cəmiyyətdə indi bu qədər xoş əhvali-ruhiyyə var. Biz hamımız son beş ili, necə deyərlər, qürurlu, xoşbəxt insanlar kimi yaşayırıq.

Prezident İlham Əliyev daim vurğulayır ki, dövlətin gücü onun vətəndaşına verdiyi dəyərdən başlayır. Son illər həyata keçirilən sosial islahatlar, əməkhaqlarının, pensiya və müavinətlərin mütəmadi olaraq artırılması, yeni iş yerlərinin yaradılması, regionların kompleks inkişafı bu siyasətin bariz nümunəsidir. Müsahibə zamanı da dövlət başçısı sosial ədalətin təmin olunmasının, əhalinin həssas təbəqələrinin sosial müdafiəsinin gücləndirilməsinin prioritet istiqamət olduğunu xüsusi qeyd etdi.

Cənab Prezidentin rəhbərliyi ilə həyata keçirilən siyasət yalnız iqtisadi göstəricilərlə məhdudlaşmır. Təhsil, səhiyyə, mədəniyyət və idman sahələrində aparılan islahatlar insan kapitalının inkişafına xidmət edir. Yeni məktəblərin, xəstəxanaların, idman komplekslərinin istifadəyə verilməsi, gənclərin bilik və bacarıqlarının artırılması üçün yaradılan imkanlar vətəndaşa yönəlmiş dövlət siyasətinin mühüm tərkib hissəsidir.

Bu müsahibə bir daha sübut edir ki, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan çağırışlara vaxtında və adekvat cavab verən, milli maraqlarını qətiyyətlə qoruyan və gələcəyini aydın strateji hədəflər üzərində quran güclü dövlətdir.Dövlət başçısının ictimaiyyətə ünvanladığı bu açıq və səmimi dialoq həm cəmiyyətə inam aşılayır, həm də qarşıdakı dövrdə görüləcək işlər üçün siyasi məsuliyyət və milli birlik çağırışı kimi çıxış edir. Bu baxımdan müsahibə Azərbaycanın müasir tarixində yeni mərhələnin ideoloji və siyasi konturlarını müəyyənləşdirən mühüm proqram xarakterli çıxış kimi dəyərləndirilməlidir.

Tağı İmamverdiyev

YAP Ağstafa rayon təşkilatının əməkdaşı

Digər xəbərlər