Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi ənənəvi illik müsahibə bir daha göstərdi ki, ölkəmiz təkcə regionda deyil, qlobal siyasi və iqtisadi proseslərdə də mövqeyini möhkəmləndirən, sözün həqiqi mənasında müstəqil siyasət yürüdən güclü dövlətdir. Bu müsahibə ilin yekunlarına sadə hesabat olmaqdan daha çox, Azərbaycanın bu gününü və gələcəyini əks etdirən strateji yol xəritəsi kimi dəyərləndirilə bilər. Müsahibədə xüsusi vurğulanan əsas məqamlardan biri beynəlxalq münasibətlər sistemində baş verən fundamental dəyişikliklərdir. Prezident İlham Əliyevin açıq şəkildə ifadə etdiyi kimi, təəssüf ki, bu gün beynəlxalq hüququn norma və prinsipləri faktiki olaraq işləmir, dünya siyasətində ədalət yox, güc amili həlledici rol oynayır. Azərbaycanın son illərdə apardığı siyasət isə məhz bu reallıqları düzgün qiymətləndirməyə əsaslanır.
İkinci Qarabağ müharibəsindən beş il sonra beynəlxalq ictimaiyyətin, aparıcı dövlətlərin və nüfuzlu beynəlxalq təşkilatların yeni reallıqları qəbul etməsi Azərbaycanın haqq və ədalətə söykənən mübarizəsinin qələbəsidir. Bu Qələbə təkcə hərbi yox, eyni zamanda siyasi, diplomatik və psixoloji baxımdan da qlobal miqyasda ciddi dəyişikliklərə səbəb olub. Prezident İlham Əliyevin müsahibəsində vurğuladığı kimi, 2025-ci il Azərbaycan-Amerika münasibətləri baxımından tarixi il sayıla bilər. Strateji işçi qrupunun yaradılması barədə sənədin imzalanması iki ölkə arasında münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu göstərir. Uzun illər ərzində Azərbaycana qarşı böyük ədalətsizlik nümunəsi olan 907-ci düzəliş məsələsində də vəziyyətin dəyişməsi Tramp administrasiyasının hakimiyyətə gəlməsindən sonra mümkün olub. Bu fakt bir daha sübut edir ki, Azərbaycan prinsipial mövqeyindən geri çəkilmədən, səbir və ardıcıllıqla milli maraqlarını qoruyub. Xüsusilə Zəngəzur dəhlizinin açılmasının artıq ABŞ Prezidenti tərəfindən də təsdiqlənməsi Azərbaycanın regional və qlobal əhəmiyyətinin beynəlxalq səviyyədə qəbul edildiyini nümayiş etdirir. Bu gün Azərbaycan-ABŞ əlaqələri populist bəyanatlar üzərində deyil, praktik nəticələrə hesablanmış əməkdaşlıq modeli üzərində qurulub. Azərbaycanın xarici siyasətinin əsas üstünlüklərindən biri onun balanslı və çoxvektorlu xarakter daşımasıdır. Çinlə strateji tərəfdaşlıq, D-8 təşkilatına üzvlük və Mərkəzi Asiya Məşvərət Şurasına tamhüquqlu üzv seçilmək bunu aydın şəkildə göstərir. Çin ilə əmtəə dövriyyəsinin 4 milyard dolları keçməsi, Çin şirkətlərinin bərpaolunan enerji layihələrinə investisiya qoyması və nəqliyyat-logistika sahəsində əməkdaşlığın dərinləşməsi Azərbaycanın Asiya ilə Avropa arasında əsas körpü rolunu gücləndirir. Bu gün Mərkəzi Asiyanı Qərblə birləşdirə biləcək yeganə etibarlı ölkə Azərbaycanın özüdür. Prezident İlham Əliyevin müsahibəsində səsləndirdiyi rəqəmlər Azərbaycanın iqtisadi gücünün bariz göstəricisidir. Xarici borcun ÜDM-in cəmi 6 faizindən bir qədər çox olması, ehtiyatların xarici borcu 17 dəfə üstələməsi və ÜDM-də 3,2 faizlik artım iqtisadiyyatımızın yüksək dayanıqlığını sübut edir. Nəhəng investisiya layihələri, Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulması, regional inkişaf proqramları fonunda bu göstəricilər Prezidentin yürütdüyü düşünülmüş iqtisadi siyasətin nəticəsidir. Siyasətin mərkəzində isə daim Azərbaycan vətəndaşı dayanır. Son illərdə 16 min şəhid ailəsi və müharibə əlilinin mənzillə təmin olunması sosial ədalətin və dövlət qayğısının konkret təzahürüdür. İşğaldan azad edilmiş ərazilərin bu gün beynəlxalq tədbirlərin keçirildiyi mərkəzə çevrilməsi Azərbaycanın gücünün və nüfuzunun göstəricisidir. Artıq bu ərazilərdə 70 minə yaxın insan yaşayır, yol-nəqliyyat infrastrukturu, enerji sistemi və regional bağlantılar sürətlə inkişaf edir.
Qarabağda və Şərqi Zəngəzurda tətbiq olunan idarəetmə modeli gələcəkdə ölkənin digər bölgələri üçün də nümunə ola bilər: “Dairəvi enerji sisteminin qurulması, alternativ enerji potensialının reallaşdırılması və müasir nəqliyyat şəbəkəsinin yaradılması strateji baxımdan xüsusi əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin vurğuladığı kimi, Azərbaycan heç vaxt qazandığı uğurlarla arxayınlaşmayıb. Son beş il ərzində ordu quruculuğu ardıcıl şəkildə davam etdirilib, yenidən silahlanma prosesi aparılıb, hərbi sənaye kompleksi gücləndirilib. Artıq 7 özəl şirkətin hərbi təyinatlı məhsul istehsal etməsi və ötən il bu sahədə 1,4 milyard manatlıq istehsal Azərbaycanın müdafiə potensialının göstəricisidir. Azərbaycan heç kimin naminə öz vətəndaşlarının həyatını riskə atmaq niyyətində deyil. Bu prinsipial mövqe ölkəmizin beynəlxalq aləmdə etibarlı və məsuliyyətli tərəfdaş kimi qəbul olunmasını təmin edir. Bütün bunlar isə Azərbaycanı regionda və qlobal səviyyədə daha aktiv və strateji oyunçu kimi göstərir.
Prezident İlham Əliyevin müsahibəsində Azərbaycan dili, milli kimlik və təhsil məsələlərinə verdiyi önəm xüsusi diqqət çəkir. Dil dövlətçiliyin əsas atributudur və Azərbaycan dövləti öz dilinin qoruyucusudur. 50 milyondan çox azərbaycanlının ana dili olan Azərbaycan dili heç vaxt heç bir dilin kölgəsində ola bilməz. İnkişafın əsas şərti isə zəka, təhsil və elmdir. Son 20 ildə yaradılan yeni ali təhsil müəssisələri, gənclərə göstərilən dəstək və süni intellekt, IT sahəsində HAB mərkəzinə çevrilmək hədəfi Azərbaycanın gələcəyə inamla baxdığını göstərir. Prezident İlham Əliyevin müsahibəsi bir daha sübut etdi ki, Azərbaycan bu gün öz taleyini özü müəyyən edən, güclü iqtisadiyyata, qüdrətli orduya, müstəqil xarici siyasətə malik dövlətdir. Dünyanın qeyri-sabit və gözlənilməz bir dövründə Azərbaycanın sabitliyi, inkişafı və artan nüfuzu məhz Prezidentin uzaqgörən, prinsipial və milli maraqlara söykənən siyasətinin nəticəsidir.
Müsahibə yalnız 2025-ci ilin yekunu deyil, eyni zamanda, gələcək yol xəritəsinin, yeni mərhələdə siyasi və iqtisadi prioritetlərin təqdimatıdır.
Mehriban Vəliyeva
Milli Məclisin deputatı