PDF Oxu

Siyasət

  • 435

Regional əməkdaşlığın yeni mərhələsi

image

Azərbaycan və Özbəkistan münasibətlərində son illərdə müşahidə olunan dinamik inkişaf bu iki qardaş xalq arasında strateji tərəfdaşlığın yeni məzmun qazanmasına səbəb olub. Prezident İlham Əliyevin Özbəkistan Milli İnformasiya Agentliyinə verdiyi eksklüziv müsahibə isə bu əməkdaşlığın gələcək konturlarını daha da dəqiqləşdirdi.

Müsahibə zamanı Dövlət başçısı regional inteqrasiya, iqtisadi layihələr, humanitar əlaqələr və təhlükəsizlik məsələlərinə toxunaraq bildirdi ki, Orta Asiya və Cənubi Qafqaz arasındakı əməkdaşlıq bölgənin geosiyasi mənzərəsini gücləndirən əsas amillərdəndir. O vurğuladı ki, birgə enerji və nəqliyyat layihələri təkcə iki ölkənin deyil, bütövlükdə geniş Avrasiya məkanının iqtisadi sabitliyinə töhfə verir.

Prezident İlham Əliyev həmçinin Özbəkistan ilə mədəni-humanitar sahədə əlaqələrin sürətlə genişləndiyini qeyd edərək, ortaq tarixi və mənəvi dəyərlərin bu prosesin təməlində dayandığını bildirdi.Dövlət başçısı , gələcəkdə gənclər arasında mübadilə proqramlarının, birgə elm və texnologiya təşəbbüslərinin artırılmasının vacibliyini xüsusi olaraq vurğuladı.

Müsahibənin ən mühüm hissələrindən biri regional təhlükəsizlik məsələləri ilə bağlı idi. Prezident İlham Əliyev qeyd etdi ki, həm Azərbaycan, həm də Özbəkistan sabitliyin və davamlı inkişafın qorunması üçün fəal əməkdaşlıq etməyə hazırdır. Bu çərçivədə beynəlxalq təşkilatlarda qarşılıqlı dəstəyin genişləndirilməsi də prioritet istiqamətlərdən biri kimi göstərildi.

Ümumilikdə, Prezident İlham Əliyevin müsahibəsi iki ölkə arasında strateji tərəfdaşlığın daha dərin, daha konkret və daha praktiki mexanizmlərlə inkişaf etdiriləcəyinin anonsu kimi dəyərləndirilə bilər. Bu isə Azərbaycan–Özbəkistan münasibətlərinin yeni mərhələsinin başlandığını göstərir.

Çingiz İbrahimov

YAP Göyçay rayon təşkilatının əməkdaşı

Digər xəbərlər