İran ilə Azərbaycan arasındakı əlaqələrin daha da inkişaf etdirilməsi və möhkəmləndirilməsi üçün böyük əsaslar var. Hər iki xalqın eyni tarixə, dinə və milli adət-ənənələrə malik olması qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinin qurulmasında mühüm rola malikdir. Bu gün iki qonşu ölkənin münasibətləri təkcə coğrafi yaxınlıqla deyil, həm də qarşılıqlı hörmət, etimad və strateji əməkdaşlıq meyarları ilə səciyyələnir. Mövcud vəziyyətdə qarşılıqlı hörmətə və mehriban qonşuluğa əsaslanan Azərbaycan-İran əlaqələri gələcək inkişafa, iki ölkə arasında əldə edilmiş razılaşmaların və həlli zəruri olan məsələlərin icrasına töhfə verəcək. İstər Azərbaycan, istərsə də İran regional əməkdaşlıq formatına böyük dəyər verir.
Azərbaycanla İran uzun və strateji əhəmiyyətə malik quru sərhədinə malikdir. Belə ki, Azərbaycanın İranla dövlət sərhədi 765 kilometrdir. Bu amil də iki ölkə arasında əlaqələrin qurulmasını asanlaşdırır, yükdaşımalarda xərcləri azaldır, vaxtı qısaldır və təhlükəsizliyi təmin edir. Bu coğrafi yaxınlıq, ölkələr arasında iqtisadiyyat, nəqliyyat, enerji və mədəniyyət sahələrində sıx əməkdaşlıq üçün geniş imkanlar yaradır.
Nəqliyyat sahəsi ikitərəfli əməkdaşlığın əsas istiqamətlərindən biri kimi yüksək dəyərləndirilir. Bu zaman 2024-cü ildə Azərbaycan ilə İran arasında ikitərəfli yükdaşımaların həcminin 20 faiz, tranzit daşımaların isə 23 faizdən çox artması faktına əsaslanılır.
Azərbaycan-İran nəqliyyat əməkdaşlığının hazırkı gündəliyini isə Şərq – Qərb nəqliyyat dəhlizinin əsas seqmentlərindən biri olacaq “Araz dəhlizi” kimi beynəlxalq leksikona daxil olmuş regional layihə təşkil edir. Azərbaycan-İran biznes forumu zamanı “Araz dəhlizi”nin böyük diqqət cəlb etdiyinə toxunan Prezident İlham Əliyev bildirib ki, “Bu, yeni bir nəqliyyat, bağlantı layihəsidir və Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə İran ərazisindən birləşdirən bir layihədir”.
Şərq – Qərb dəhlizinin inkişaf etdirilməsinin, o cümlədən İran ərazisindən keçməklə Naxçıvanla ən qısa əlaqəni gerçəkləşdirəcək Ağbənd – Kəlalə avtomobil və dəmir yolu bağlantısının yaradılmasını və Siyahrud – Ordubad avtomobil körpülərinin inşasını nəzərdə tutan Şərqi Zəngəzur – Naxçıvan nəqliyyat infrastrukturu, yəni, Araz dəhlizi, eləcə də müvafiq sərhəd – gömrük infrastrukturunun tikintisi kimi önəmli layihələr Azərbaycan–İran iqtisadi əməkdaşlığının dərinləşməsinə, eləcə də regional və qlobal layihələrin əlverişli icrasına münbit şərati yardacaq. Ağbənd-Kəlalə avtomobil yolu körpüsünün və ona bitişik köməkçi yolun tikintisinin 2025-ci ilin sonunadək tamamlanması planlaşdırılır.
Tikinti işləri başa çatdıqdan sonra yeni yol marşrutu Şərqi Zəngəzur iqtisadi rayonunu Naxçıvan Muxtar Respublikası ilə birləşdirən ən qısa və səmərəli nəqliyyat bağlantısını təmin edəcək, Çin–Mərkəzi Asiya–Azərbaycan–İran–Türkiyə xəttini əhatə edən Şərq-Qərb nəqliyyat dəhlizinin əsas komponentlərindən biri olacaq. Eyni zamanda, Ağbənd-Cəbrayıl-Ağdam-Yevlax-Gürcüstan istiqamətində səmərəli yük və sərnişin daşımalarını mümkün edəcək. “Araz dəhlizi” Körfəz ilə Qara dənizi birləşdirən, həm relyef, həm də iqlim baxımından ən əlverişli avtomobil yolu kimi çıxış edəcək.
Bu layihənin bütün iştirakçı ölkələr üçün çox böyük səmərə gətirəcəyini, böyük fayda verəcəyini söyləyən dövlətimizin başçısı Azərbaycanın öz ərazisində bu nəqliyyat dəhlizinin fəaliyyəti üçün bütün lazımi infrastruktur layihələrini həyata keçirdiyini qeyd edərək deyib: “Bu, sadəcə olaraq bu bölgənin layihəsi deyil. Biz hesab edirik ki, bu, Asiyadan Avropaya uzanan nəqliyyat dəhlizinin bir qolu olmalıdır. Bir tərəfi Aralıq dənizinə, bir tərəfi Fars körfəzinə uzanan yeni nəqliyyat bağlantı dəhlizi olmalıdır və bir çox ölkələr bundan fayda götürəcək”.
Ülvi Fərzəliyev
YAP Neftçala rayon təşkilatının sədri