PDF Oxu

Siyasət

  • 927

"Əməkdaşlığın yol xəritəsini Prezidentin müsahibəsində gördük" - ŞƏRH EDİLDİ

image

"Azərbaycan Prezidentinin "Vietnam News Agency" agentliyinə müsahibəsi Çinin media orqanları ilə geniş əməkdaşlıqdan sonra başlanmış prosesin davamı və uzantısı kimi dəyərləndirilə bilər". Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Aydın Quliyev deyib.O bildirib ki, Azərbaycanın xarici, iqtisadi, ticarət, investisiya əlaqələrinin inkişafında Cənub-şərqi Asiyaya doğru yeni bir istiqamət açılır: "İndiyə kimi bu istiqamətin əsas ağırlıq gücünü Çinə yönəlik görürdük. İndiki şəraitdə Çinlə bağlı planlar və fəaliyyətlər öz yerində qalmaq şərtilə Cənub-Şərqi Asiyanın inkişaf etmiş ölkələrinə, o cümlədən də Vyetnama, digərlərinə yönəlik istiqamətdə yeni fəaliyyətlərin şahidi oluruq. Hansı ki, Azərbaycan Vyetnamla hərtərəfli iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsində çox geniş tarixi fundamentə malikdir. Hələ Sovet dövründən həm SSRİ-nin xətti ilə, həm də SSRİ-nin bir respublikası olaraq Azərbaycanla Vyetnamın arasında mədəni, elmi, təhsil sahələrində xeyli yığılmış təcrübə mövcuddur. Bu nöqteyi-nəzərdən Vyetnamla Azərbaycanın əməkdaşlığının indiki şəraitdə genişləndirilməsi həm tarixi zərurətdir, həm də ənənələrə sadiqliyin nümunəsi kimi ortaya çıxır. Həm Sovet dövründən bazası qoyulmuş hərtərəfli əməkdaşlıq davam etdirilir, həm də bu gün Prezidentin müsahibəsində də ifadə olunduğu kimi Azərbaycan və Vyetnam əlaqələrinin çox geniş potensialları mövcuddur. Xüsusilə, ölkə Prezidentinin Azərbaycanla Vyetnamın arasında ticarət, təhsil, tələbə mübadiləsi sahəsində əməkdaşlıqlarla yanaşı tam yeni istiqamətlər üçün də böyük potensialların və imkanların olduğu göstərildi. Prezidentin müsahibəsində o fikirlər çox təqdirəlayiqdir ki, Azərbaycanla Vyetnamın arasında yaşıl enerji sahəsində, investisiya qoyuluşu, turizm sahələrində əməkdaşlığı genişləndirmək imkanları çox böyükdür. Bu cəhətdən həm qarşılıqlı investisiyalar, həm kənd təsərrüfatı, həm mədəni əlaqələr, həm də Vyetnamda yaşıl enerjinin, bərpa olunan enerji infrastrukturlarının yaradılmasında Azərbaycanın təcrübəsinin tətbiqi iki dövlətin arasındakı münasibətlərdə çox böyük önəm daşıyacaq. Həm də Prezidentin müsahibəsində göstərdiyi istiqamətlərdə əməkdaşlığın açılması və inkişaf etdirilməsi Azərbaycan-Vyetnam əlaqələrini dövlətlər üçün bir nümunə və təcrübə mənbəyi səviyyəsinə gətirib çıxaracaq gücə malik olduğunu görürük. Yəni bu istiqamətdə işlər görülsə, Azərbaycan-Vyetnam əlaqələri çox dövlətlərin arasında münasibətlər üçün bir nümunə modelinə çevrilə bilər.Bir sözlə, cənub-şərqi Asiya ölkələrinə yönəlik Azərbaycanın xarici iqtisadi fəaliyyətinin yeni imkanları açılır. Bunun bariz nümunəsi isə Vyetnamdır. Hansı ki, Vyetnamla əməkdaşlığın hərtərəfli şəkildə genişləndirilməsinin yol xəritəsini məhz Prezidentin müsahibəsində gördük. Ona görə, bu müsahibəni geniş şəraitdə Azərbaycan-Vyetnam iqtisadi-ticarət əlaqələrinin yol xəritəsi də hesab etmək olar".

Müəllif: Söylü Ağazadə

Digər xəbərlər