44 günlük Vətən müharibəsindən sonra işğaldan azad edilmiş ərazilərimizin bərpasına başlanılıb və yenidənqurma proqramı həyata keçirilir. Erməni barbarlığının nəticəsi olaraq 30 ilə yaxın müddətdə işğal altında saxlanılan ərazilərimizdəki yaşayış məntəqələrimizin əksəriyyəti dağıdılıb, fərdi və çoxmənzilli yaşayış evləri yerlə-yeksan olunub. Bu ərazilərdə ermənilər tərəfindən aparılan şumlama əməliyyatı neçə əsrlik tarixi olan ölkənin sərvətlərinə qarşı sözün əsl mənasında vandallıqdır. Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin göstəriş və tapşırıqlarına əsasən, dağıdılmış infrastruktur yenidən qurulur və qısa bir zamanda yeni bir həyata başlanılıb. Ermənilərin xarabalığa çevirdiyi məkanlar mərhələli olaraq abadlaşır, çiçəklənir. Prezident İlham Əliyevin işğaldan azad olunmuş ərazilərimizdə maddi-mədəniyyət abidələrimizin, dini ocaqlarımızın bərpası və yenilərinin tikilməsi ilə bağlı verdiyi tapşırıqlara uyğun olaraq, torpaqlarımızın erməni işğal dövründə dağıdılan dini mədəniyyət abidələri - məscidlərimizin bərpası, yeni dini ocaqların inşası Azərbaycan dövlətinin xalqımızın milli-mənəvi dəyərlərinə, mədəni və tarixi zənginliyinə verdiyi qiymətin göstəricisidir. Azərbaycanın işğal altında olmuş torpaqlarında erməni işğalçılarının özbaşınalığı, tarix və mədəniyyət abidələrimizin dağıdılması və qəsdən korlanması "Arxeoloji irsin mühafizəsi haqqında" Avropa Konvensiyasına, "Ümumdünya mədəni və təbii irsin mühafizəsi haqqında" YUNESKO-nun konvensiyasına ziddir. İşğal altındakı torpaqlarımızda təqribən 403 tarixi dini abidə olub ki, onlardan 67-i məscid, 144-ü məbəd, 192-i ziyarətgahdır. 67 müsəlman məscidinin 63-ü tamamilə, 4-ü isə qismən dağıdılaraq yararsız hala salınıb.
"DAŞALTI KƏNDİNİN YENİDƏN QURULMASI LAYİHƏSİ"
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 9-da Şuşa rayonunun Daşaltı kənd məscidinin açılışında iştirak ediblər. Daşaltı kənd məscidinin təməli 2021-ci ilin noyabrında Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tərəfindən qoyulub. Məscid kəndin mərkəzində milli memarlıq üslubunda inşa edilib. İkiminarəli məscid ümumi memarlıq kompozisiyası, planlaşdırma və bədii-dekorativ xüsusiyyətlərinə görə Qarabağ memarlıq məktəbinin ənənələrinə uyğun inşa olunub. Hündürlüyü 22,5 metr olan minarələr layihələndirilərkən Yuxarı Gövhər Ağa məscidinin minarələrinin formasından istifadə olunub. İkimərtəbəli məsciddə eyni vaxtda 150-dən çox insan ibadət edə biləcək. "Daşaltı kəndinin yenidən qurulması layihəsi" yerli memarlıq irsinə sadiqlik, ekoloji davamlılıq və müasir turizm infrastrukturu ilə kənd həyatını birləşdirir. Ümumi sahəsi 65 hektara yaxın olan Daşaltı kəndində 80 otaqlı 5 mərtəbəli hotel binası, kotteclər, ticarət və ictimai obyektlər, o cümlədən, informasiya mərkəzi, sərgi binası, emalatxana inşa ediləcək. Layihəyə əsasən təbiət və tarixlə vəhdət təşkil edən, geniş turizm imkanları olan kənd məkanının yaradılması nəzərdə tutulur.
Daşaltı kəndinin rekreasiya zonası təbiətə minimal müdaxilə prinsipi ilə layihələndirilib və təbiətsevərlərin ətraf mühitlə daha sıx əlaqə qurmasına imkan yaradacaq. Layihə müxtəlif yaş qrupları və maraqlara uyğun fəaliyyətləri özündə birləşdirir, həmçinin funksionallıq, sakitlik və macəra arasında tarazlıq yaradaraq, nadir istirahət təcrübəsi təqdim edir.
ŞUŞADA GENİŞMİQYASLI TİKİNTİ-QURUCULUQ İŞLƏRİ
Azərbaycanın mədəniyyət beşiyi sayılan Şuşa 2020-ci il noyabrın 8-də işğaldan azad edildikdən sonra burada genişmiqyaslı tikinti-quruculuq prosesinə başlanılıb. Bu gün şəhər tarixi siması və mədəni irsi qorunub saxlanılmaqla bərpa olunur, doğma sakinlərinə yenidən qucaq açır. İndiyədək Şuşaya 376 ailə, ümumilikdə 1409 nəfərdən artıq keçmiş məcburi köçkün qayıdıb.
Qeyd edək ki, indiyədək Şuşada 450 mənzildən ibarət 23 bina sakinlərin istifadəsinə verilib. Növbəti mərhələdə daha üç layihənin icrası nəzərdə tutulur. Dövlət və özəl tərəfdaşlığı çərçivəsində şəhərin mərkəzi küçəsində 10 yaşayış kompleksi inşa edilir. Onların sırasına mehmanxana, ofis binaları və digər obyektlərin tikintisi daxildir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada inşa ediləcək dördüncü yaşayış kompleksinin təməlqoyma mərasimində iştirak ediblər. Şuşa şəhərində dördüncü yaşayış kompleksinin layihəsi çərçivəsində 16 binanın inşası nəzərdə tutulub. Kompleksin ümumi sahəsi 6,2 hektardır. Ümumilikdə yaşayış kompleksində 274 mənzilin inşası planlaşdırılır. Binalarda bir, iki, üç, dörd və beşotaqlı mənzillər olacaq. Yaşayış kompleksinin ərazisində zəruri sosial infrastruktur yaradılacaq.
ŞUŞA MÜALİCƏ-SAĞLAMLIQ MƏRKƏZİ
İşğaldan azad olunmuş ərazilərimizdə Azərbaycan dövləti tərəfindən digər sahələrlə yanaşı, tibb xidmətlərinin yüksək səviyyədə təşkili üçün də genişmiqyaslı işlər həyata keçirilir. Şuşada bu cür müasir tibb ocağının yaradılması bunun əyani göstəricisidir. Şuşa Müalicə-Sağlamlıq Mərkəzi şəhərdə yaşayacaq əhalinin tibbi təminatı və sağlamlığının qorunması istiqamətində icra olunan sosial infrastruktur layihəsi kimi çox mühüm rol oynayır. Mərkəzin xidmətlərindən, eyni zamanda, ətraf şəhər və rayonların əhalisi də istifadə edə biləcək.
Mayın 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşa Müalicə-Sağlamlıq Mərkəzinin açılışında iştirak ediblər. Bu tibb ocağının təməli 2021-ci ilin noyabrında Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə qoyulub. Altı korpusdan ibarət olan mərkəz 90 çarpayılıqdır. Burada terapiya, pediatriya, cərrahiyyə və digər şöbələr fəaliyyət göstərəcək. Mərkəzdə, həmçinin konsultativ poliklinika, uşaq poliklinikası, şüa-diaqnostika, funksional diaqnostika, fizioterapiya və tibbi bərpa şöbələri, klinik diaqnostik laboratoriya yaradılıb. Şuşa Müalicə-Sağlamlıq Mərkəzi müasir standartlara cavab verən tibbi avadanlıq, o cümlədən kompüter tomoqrafiyası, rəqəmsal teleskopik rentgen, rəqəmsal stasionar USM cihazları ilə təchiz olunub. Bunlar isə öz növbəsində Mərkəzə müraciət edənlərin müayinə və müalicəsini yüksək səviyyədə aparmağa geniş imkanlar yaradır.
Tibb ocağının ərazisində Gigiyena və Epidemiologiya Mərkəzi, hemodializ və digər korpuslar inşa olunub.
"Azərişıq" Açıq Səhmdar Cəmiyyətinin "Xocalı" yarımstansiyasının və Rəqəmsal İdarəetmə Mərkəzinin açılışı da görülən işlər sırasındadır. 3200 KVA gücündə "Xocalı" yarımstansiyası və Rəqəmsal İdarəetmə Mərkəzi Xocalı rayonu ərazisində inşa edilmiş yeni yaşayış komplekslərinin, kənd təsərrüfatı və turizm obyektlərinin, eləcə də sosial-iqtisadi təyinatlı müxtəlif infrastrukturun dayanıqlı, etibarlı və fasiləsiz elektrik enerjisi təminatını həyata keçirmək məqsədi daşıyır. Yarımstansiyanın elektrik təchizatı üçün "Xankəndi-1" və "Əsgəran" yarımstansiyalarından müvafiq olaraq elektrik verilişi xətləri çəkilib. Tikintisi aparılan 35 kV-luq elektrik verilişi xətti vasitəsilə bu yarımstansiya "Ağdam-2" yarımstansiyası ilə əlaqələndiriləcək ki, bununla da Ağdam-Əsgəran-Xocalı-Xankəndi şəhərləri arasında dairəvi elektrik təchizatı sxemi yaradılacaq.
Rəqəmsal İdarəetmə Mərkəzi vasitəsilə isə şəbəkələrin cari vəziyyətinə dair bütün məlumatlar mərkəzləşdirilmiş şəkildə toplanılır və emal olunur, avadanlıqlar məsafədən idarə edilir və real vaxtda monitorinqi rəqəmsal sistemlər vasitəsilə həyata keçirilir. Yarımstansiya bu məqsədlə yeni nəsil rəqəmsal texnologiyalar və idarəetmə avadanlıqları ilə təchiz edilib.
Bu Mərkəz şəbəkənin etibarlı istismarını dəstəkləməklə yanaşı, elektrik enerjisinin ötürülməsi zamanı itkilərin və ümumi istismar xərclərinin azaldılmasına da şərait yaradır. Yarımstansiyadan qidalanan istehlakçılara elektrik enerjisi verilişində yaranan fasilələr barədə Mərkəz vasitəsilə real vaxt rejimində əvvəlcədən məlumat ötürülmə imkanı yaradılıb. Bərpaolunan enerji mənbələrinin elektrik şəbəkələrinə inteqrasiyası prosesi Rəqəmsal İdarəetmə Mərkəzi tərəfindən mərkəzləşdirilmiş şəkildə idarə olunduğundan enerji təchizatında fasilələrin yaranma riski minimuma endirilib. Mərkəz alınan və ötürülən elektrik enerjisinin miqdarına görə yarımstansiyanın işinin multifunksional rejimdə qurulmasını, cihaz və avadanlıqların bir-biri ilə koordinasiyasını tam təmin edir.
Rəqəmsal İdarəetmə Mərkəzində 52 kVt gücündə Günəş panelləri də quraşdırılıb və istehsal olunan enerjinin şəbəkəyə ötürülməsi təmin edilib, ərazisində elektromobillər üçün sürətli enerjidoldurma cihazları quraşdırılıb.
REGİONUN İNKİŞAFINDA VƏ ƏHALİNİN RİFAHININ YAXŞILAŞDIRILMASINA TÖHFƏ
İşğaldan azad olunmuş torpaqlarımıza Böyük Qayıdış Azərbaycanın iqtisadi potensialının artmasına geniş imkanlar yaradır. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında sahibkarlıq fəaliyyətinin təşviqi biznes cəlbediciliyinin artırılmasında, regionun inkişafında və əhalinin rifahının yaxşılaşdırılmasında mühüm rol oynayır. Bölgədə yeni istehsal müəssisələrinin qurulması, məşğulluğun təmin olunması məqsədilə yerli və xarici investorların cəlbi istiqamətində dəstək tədbirləri həyata keçirilir. Regionda istehsal fəaliyyəti ilə məşğul olan rezidentlər üçün idxal edilən texnika, texnoloji avadanlıq və qurğular, habelə xammal və materiallar ƏDV və gömrük rüsumlarından, həmçinin burada fəaliyyət göstərən sahibkarlıq subyektləri mənfəət, torpaq, əmlak və sadələşdirilmiş vergidən azad olunublar.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 9-da "Qoç Ət" Kəndli Fermer Təsərrüfatı MMC-nin Xocalı rayonunun Xanabad kəndi ərazisində yerləşən heyvandarlıq kompleksinin açılış mərasimində iştirak edib. Damazlıq fermer təsərrüfatının ümumi tutumu 750 baş iribuynuzlu heyvandan ibarətdir. Hazırda təsərrüfatda 355 baş üç növ müxtəlif cins iribuynuzlu damazlıq heyvan var. Türkiyə və Almaniya texnologiyaları tətbiq olunmaqla fəaliyyət göstərən kompleks illik 100 ton ət, 2 min ton süd istehsalı gücünə malikdir. Gələcəkdə süd istehsalının illik 3 min tona çatdırılması nəzərdə tutulur. Kompleksdə istehsal olunan məhsullar daxili bazarla yanaşı, Birləşmiş Ərəb Əmirliklərinə və Qətərə ixrac olunacaq.
Müəssisənin işğaldan azad olunmuş ərazilərdəki fəaliyyəti nəticəsində 55 iş yeri yaradılıb. Gələcəkdə süd istehsalı müəssisəsinin də işə salınmasından sonra işğaldan azad edilmiş ərazilərdə şirkət tərəfindən yaradılan iş yerlərinin sayının 100-ə çatdırılması nəzərdə tutulur.
Layihə dəyəri 4,2 milyon manat olan kompleksin ərazisi 7,6 hektardır. 500 hektardan çox ərazidə isə payızlıq arpa və buğda əkilib ki, bu da təsərrüfatda yemə olan ehtiyacı qarşılayacaq.
AZƏRBAYCANIN NƏQLİYYAT POTENSİALININ GENİŞLƏNMƏSİNƏ XİDMƏT
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinin açılışında iştirak edib.
Ağdamın müasir şəhər statusuna uyğun inkişafına xidmət edən strateji infrastruktur layihəsi olan Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinin təməli 2022-ci il oktyabrın 4-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə qoyulub.
Dəmir yolu vağzalı gündəlik 800-1000 nəfər sərnişinin daşınmasına imkan verəcək. Avtovağzal isə gündəlik 1300-1500 nəfər sərnişinə xidmət edəcək. Kompleks vahid nəqliyyat qovşağı kimi fəaliyyət göstərəcək. Ərazisi 8 hektara yaxın olan bu infrastruktur obyektində bütün zəruri otaqlar, həmçinin gözləmə zalları, bilet kassaları, kitabxana, mağazalar, əyləncə zonaları, restoran və istirahət guşələri yaradılıb. Sərnişinlərin həm qatar perronuna, həm də avtobuslar üçün nəzərdə tutulmuş dayanacaqlara rahat keçidi təmin olunub.
Kompleksin ərazisində, həmçinin müxtəlif növ nəqliyyat vasitələrinin servis binaları və sərnişin platforması tikilib. Ərazidə fərdi, orta və iritutumlu nəqliyyat vasitələri üçün yerüstü avtodayanacaqlar, şəhərlərarası və rayondaxili marşrutlar üzrə avtobuslar üçün perronlar, velosiped dayanacaqları, park və elektromobillər üçün elektrik doldurma məntəqəsi də yaradılıb. İşğaldan azad olunmuş rayonlarımızda aparılan genişmiqyaslı bərpa-quruculuq işlərinin tərkib hissəsi kimi bu ərazilərimizdə mühüm yol-nəqliyyat layihələrinin icrasına da xüsusi diqqət yetirilir. Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksi bölgədə ictimai nəqliyyatın əlçatanlığını artırmaqla yanaşı, rayonun sosial-iqtisadi dirçəlişinə və regionlararası əlaqələrin genişlənməsinə mühüm töhfə verəcək, öz ata-baba yurdlarına qayıdan soydaşlarımızın digər şəhər və rayonlara rahat şəkildə səfər etməsində böyük rol oynayacaq, ümumilikdə Azərbaycanın nəqliyyat potensialının genişlənməsinə xidmət edəcək. Bu cür mühüm infrastruktur layihəsinin həyata keçirilməsi Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin kəsişməsində yerləşən ölkəmizdə nəqliyyat sahəsində görülən işlərin ardıcıl və yüksək keyfiyyətlə davam etdiyinin bariz nümunəsidir.
SABAHIMIZ OLAN UŞAQLAR
Ölkəmizdə yeni uşaq müəssisələrinin yaradılması prosesi işğaldan azad olunmuş ərazilərimizdə də uğurla davam edir. Həyata keçirilən bu layihələr həmin ərazilərimizə köçən uşaqların asudə vaxtlarının səmərəli təşkili və onların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində görülən işlərin uğurlu nəticələrindəndir. Kəngərli kənd körpələr evi-uşaq bağçasının açılışı da həyata keçirilən layihələr sırasındadır. Müasir standartlara uyğun inşa edilmiş 120 yerlik körpələr evi-uşaq bağçasında azyaşlıların təlim-tərbiyəsi ilə məşğul olmaq, onların sağlam mənəvi və fiziki mühitdə yetişmələri üçün hər cür şərait var. Otaqların hamısı zəruri avadanlıqla təchiz olunub. Körpələr evi-uşaq bağçasında 6 qrup fəaliyyət göstərəcək. Bağçanın ərazisində uşaqların əylənməsi üçün meydança yaradılıb, müxtəlif attraksion və idman qurğuları quraşdırılıb, geniş abadlıq işləri görülüb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da Kəngərli kənd körpələr evi-uşaq bağçasının açılışında iştirak edib.
Bütün bunlarla yanaşı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da Ağdamın Kəngərli kəndində yerli icra strukturları üçün inşa edilmiş çoxfunksiyalı inzibati binada yaradılan şəraitlə tanış olub. Burada əhaliyə göstəriləcək xidmətlərin vahid məkandan təqdim olunmasına imkan yaranacaq. Binada müxtəlif tədbirlərin keçiriləcəyi iclas zalı və işçilərin yüksək səviyyədə fəaliyyət göstərmələri üçün iş otaqları yaradılıb.
Bu gün Qarabağ və Şərqi Zəngəzur yeni inkişaf dövrünü yaşayır. İşğaldan azad olunan ərazilərdə böyük abadlıq-quruculuq işləri ardıcıl olaraq davam etdirilir.
Nəzakət ƏLƏDDİNQIZI