PDF Oxu

Siyasət

  • 477

Poetik fikir salnaməsinə yeni səhifələr yazan şair

image

Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq şairi, Dövlət Mükafatı laureatı Rəsul Rza milli poetik fikir salnaməsinə yeni səhifələr yazan novator sənətkar kimi böyük şöhrət qazanmış, ana dilinin zənginliklərindən uğurla faydalanmışdır.

"Poeziya zəhmət və ilhamdır" avtobioqrafik qeydlərində R.Rza öz tərcümeyi-halına nəzər salaraq belə yazırdı: "Deyilənə görə, mən 1910-cu ildə mayın 19-da anadan olmuşam. Deyilənə görə deyirəm, çünki bu tarix düzgün olmaya bilər. Anadan olduğum ili və günü babam əlyazması Quranın səhifələrindən birində qeyd edibmiş. Babamı dəfn edən zaman (mənim onda üç-dörd yaşım olardı) Quran yoxa çıxıb".

Uşaqlıq yaşlarından dövrü mətbuatla yaxından tanış olan R.Rzanın mənəvi tərbiyəsində bu amillərin mühüm rolu olmuşdur. O, uşaqlıqdan ədəbi söhbətlərin getdiyi bir ailədə tərbiyə almışdır. Şair hələ uşaqlıqdan Məhəmməd Füzulinin, Xurşidbanu Natəvanın, Mirzə Ələkbər Sabirin şeirlərini anasının dilindən eşitmişdi. "İndi yaddaşımın səhifələrini varaqladıqca mən bir daha inanıram ki, mənim könlümə şeirə olan məhəbbətimin ilk qığılcımlarını anam atmışdır. Anam məndə klassik poeziya xəzinəsinə, həm də xalq yaradıcılığına dərin hörmət hissi tərbiyə etmişdir", - deyə R.Rza yazırdı. 1925-ci ildə isə Gəncə Sənaye və Kənd Təsərrüfatı Texnikumuna daxil olmuş, ancaq təhsili yarımçıq qoyub bir neçə aydan sonra evə, anasının yanına qayıtmışdır. O, 1930-cu ildə Bakıya köçür və burada ədəbi aləmdə yaxşı tanınan Mikayıl Müşfiq, Süleyman Rüstəm, Mehdi Hüseyn, Səməd Vurğun, Mikayıl Rəfili, Əli Nazim, Mirzə İbrahimov və başqaları ilə yaxından tanış olur, onlarla bir cəbhədə yeni ədabiyyatın yaradıcılıq və təşkilati vəzifələrinin həyata keçirilməsində bilavasitə yaxından iştirak edir. Onunla bağlı mənbələrdə o da qeyd olunur ki. R.Rza ilk şeirləri ilə mətbuatda çıxış etməyə başlayanda yeni, inqilabi bir ədəbi proses təzəcə formalaşırdı; bir tərəfdə təcrübəli yazıçılar, digər tərəfdə isə yeni yazıçılar nəsli fəaliyyət göstərirdi və qeyd olunmalıdır ki, yeni ədəbiyyat uğrunda mübarizə, bu ədəbiyyatın ideya-bədii prinsiplərini müdafiə və qızğın təbliğ etmək bu prosesin çox mühüm bir tərəfi idi.

CƏBHƏ HƏYATININ ÇƏTİNLİKLƏRİNİ MƏNƏN YAŞAYAN ŞAİR

Dərc olunan ilk şeiri "Bu gün" idi. O zamandan başlayaraq öz dəst-xətti ilə poeziya alminə qədəm qoydu. 1941-ci ilin axırlarında şair bir qrup siyasi işçilərlə hərbi müxbir kimi Krıma gedir, Azərbaycan diviziyasında hərbi müxbir vəzifəsində çalışır, cəbhə qəzeti "Döyüşən Krım"da işləməyə başlayır. O, müxbir kimi tez-tez ön cəbhə xəttinə gedir, müharibəni bilavasitə müşahidə edir, cəbhə həyatının çətinliklərini mənən yaşayıb, bütün bunlar da şeirlərində öz təkrarsız ifadəsini tapırdı. Onun burada yazdığı ilk əsər "Bəxtiyar" şeri idi. Həmin dövrdə o, xalqın qəhrəmanlıq mübarizəsini, qələbəyə inamını, humanizmini əks etdirən əsərlər yaratmış, 1942-ci ildə "Vətən", "Ölməz qəhrəmanlar", 1943-cü ildə "İntiqam! İntiqam...", "Qəzəb və məhəbbət" və "Vəfa" adlı şeir, hekayə və oçerklər kitablarını nəşr etdirmişdir. Qələm dostunun yaradıcılığına yüksək qiymət verən Xalq şairi Səməd Vurğun o illərdə qeyd edirdi: "Rəsul Rza romantik bir qəlblə yazdığı "İntiqam" şeiri ilə insanları, yerləri və göyləri, dağları və daşları belə intiqama-faşist cəlladlarının başına od yağdırmağa çağırdı".

GÜLLƏLƏR AÇILMASIN, AMANLI YA AMANSIZ

Onun fəlsəfi lirikası da diqqəti çəkəndir. R.Rzanın bu poeziyasında "Rənglər" silsiləsinin ayrıca yeri vardır. Silsilə ilk dəfə 1962-ci ildə "Azərbaycan" jurnalında dərc olmuşdur. Silsilənin bu nəşri 27 şeirdən ibarət idi və bu həcmdə şairin "Duyğular və düşüncələr" kitabına daxil edilmişdir. Silsilə dərhal ədəbi tənqiddə kəskin tənqidlə qarşılandı. Lakin şair bu tənqidlərdən geri çəkilmədi; bir daha silsiləyə qayıtdı. O, "Qırmızının ümid çaları", "Firuzəyi", "Qırmızının inam çaları", "Mavinin təsəlli çaları", "Sürməyi", "Saman sarısı" poetik mətnlərini yazdı və bu yeni şeirlər "Dözüm" kitabına daxil edildi. Bütövlükdə silsilə 33 şeirdən ibarətdir. Şeirlərində həyat sevgisi, həyatın lövhəsi var:

Mən istəyirəm: buludlar ağlasın

uşaqlar ağlamasın; analı ya anasız.

Mən istəyirəm: güllər açılsın,

güllələr açılmasın, amanlı ya amansız.

Göz yaşı bulaq kimi axmasın

dünyanın heç bir yerində.

Hər şey insana baxsın.

Bakı kinostudiyasında ssenari şöbəsinin rəisi, Azərbaycan Dövlət Filarmoniyasının müdiri, Azərbaycan Sovet Yazıçıları İttifaqının sədri, Bakı kinostudiyasının müdiri, kinematoqrafiya idarəsində rəis, Azərbaycan SSR kinematoqrafiya naziri, Azərbaycan Sovet Ensiklopediyasının baş redaksiyasının baş redaktoru, Ümumdünya Sülhü Müdafiə Komitəsi Rəyasət Heyətinin üzvü, Afrika və Asiya Ölkələri Sovet Həmrəylik Komitəsi rəyasət heyətinin üzvü və respublika üzrə sədri, SSRİ Yazıçılar İttifaqı rəyasət heyətinin üzvü, "Novosti" Mətbuat Agentliyinin Azərbaycan şöbəsi idarəsinin sədri, Azərbaycan Respublikası Ali Sovetinin (VII çağırış) deputatı, Azərbaycan KP təftiş komissiyasının üzvü seçilmiş, Lenin və SSRİ Dövlət mükafatları komitəsinin üzvü olmuşdur.

Belə bir yaradıcılıq yolu keçən və ictimai fəaliyyəti ilə diqqətdə olan Rəsul Rza yarım əsrə yaxın dövr ərzində daim yüksək bədii dəyəri ilə seçilən çox sayda əsərlər yaratmış, eyni zamanda ölkənin ictimai və mədəni həyatında yaxından iştirak edərək, genişmiqyaslı dolğun fəaliyyəti ilə tanınmışdır.

Nəzakət ƏLƏDDİNQIZI

Digər xəbərlər