“Azərbaycan dövləti uğurlu xarici siyasət həyata keçirir. Bu siyasət dünya ölkələri ilə bərabərhüquqlu münasibətlərin inkişaf etdirilməsini şərtləndirən əsas amillərdəndir. Uğurlu xarici siyasət dünyada dostlarımızın sayını əhəmiyyətli dərəcədə artırır. Belə ölkələrdən biri də Avropa İttifaqının üzvü olan Macarıstandır. Prezident İlham Əliyevin mayın 20-də bu ölkəyə işgüzar səfəri yüksək səviyyədə olan əlaqələrin daha da inkişafına və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın gücləndirilməsinə mühüm töhfə verəcək”.
Bu fikirləri YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Pərvin Kərimzadə deyib.
Deputat bildirib ki, hər zaman müstəqillik və suverenlik prinsiplərindən çıxış edən ölkələrimiz müxtəlif sahələrdə uğurla əməkdaşlıq edirlər. Azərbaycanla Macarıstanın münasibətləri isə həm dövlət maraqlarına, həm cəmiyyətlərin qarşılıqlı rəğbətinə, həm də tarixə bağlıdır. Türk kökənliyi iki ölkəni və xalqı bir araya gətirən ən etibarlı bağdır. Azərbaycan getdikcə qlobal güc mərkəzlərindən birinə çevrilməkdə olan Türk Dövlətləri Təşkilatının (TDT) əsasının qoyulmasında mühüm rol oynayan dövlətlərdən biridir və hazırda da qurumun funksionallığının artmasına sanballı töhfələr verir. Macarıstan isə 2018-ci ildən etibarən TDT-da müşahidəçi statusuna malikdir və son illərdə təşkilatla əlaqələrini daha da gücləndirərək qumun tamhüquqlu üzvü olmağı hədəfləyib. Rəsmi Budapeştin Türk dünyası ilə sıx inteqrasiyaya çalışması təsadüfi deyil. Bu, bilavasitə tarixlə bağlıdır. Mayın 21-də Macarıstanın TDT-nin qeyri-rəsmi ev sahibliyi etməsi də bu baxımdan xüsusi vurğulanmalıdır. Qeyd olunan reallıqlar fonunda iki ölkə arasında dinamik səciyyə daşıyan siyasi dialoq formalaşıb. Belə ki, 1991-ci il dekabrın 26-da Azərbaycanın müstəqilliyini tanıyan Macarıstanla diplomatik münasibətlər 1992-ci il aprelində qurulub. 2004-cü ildə Azərbaycanın Macarıstanda, 2009-cu ildə isə Macarıstanın ölkəmizdə səfirliyi təsis olunub. İki ölkə arasında parlamentlərarası münasibətlər də yüksək səviyyədə inkişaf edir. Hər iki ölkənin parlamentində dostluq qrupları fəaliyyət göstərir. Çoxtərəfli formatlarda, xüsusilə BMT, ATƏT, NATO, Aİ və digər beynəlxalq platformalar çərçivəsində iki ölkə arasında davamlı əməkdaşlıq əlaqələri inkişaf etdirilir. Əlaqələrin inkişafında 2014-cü ildə imzalanmış Strateji Tərəfdaşlığa dair Birgə Bəyannamə mühüm rol oynayıb. Bu proses 2023-cü ilin yanvarında imzalanan Genişləndirilmiş Strateji Tərəfdaşlığa dair Birgə Bəyannamə ilə daha da güclənib və ikitərəfli münasibətlərin yeni mərhələyə qədəm qoymasını şərtləndirib.
Millət vəkilinin sözlərinə görə, Azərbaycan ilə Macarıstan strateji dialoqu davam etdirmək, ticarət, investisiya, nəqliyyat, təhsil və humanitar sahələrdə əməkdaşlıq imkanlarını genişləndirmək niyyətindədir. Prezident İlham Əliyevin mətbuata bəyanat zamanı dediyi kimi, bütün başqa məsələlərdə də biz iki dost və tərəfdaş ölkə kimi birgə fəaliyyət göstəririk. Azərbaycanla Macarıstan emerji sahəsində də fəal əməkdaşlıq edir. Macarıstan Azərbaycanı enerji sahəsində etibarlı və strateji tərəfdaş olaraq görür və Avropanın enerji təhlükəsizliyinin gücləndirilməsində ölkəmizin vacib rolunu yüksək qiymətləndirir. Azərbaycanın enerji potensialı, xüsusilə təbii qaz və bərpaolunan enerji sahələrindəki uğurları, Macarıstanın enerji təminatını şaxələndirmək məqsədilə ölkəmizin layihələrinə dəstəyini daha da artırır. Bu əməkdaşlıq, həmçinin Cənub Qaz Dəhlizi layihəsinin uğurlu həyata keçirilməsi ilə Avropa bazarlarına daha çox enerji təchizatının təmin edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Dövlətimizin başçısı ölkəmizin Macarıstanın tələbatı səviyyəsində qaz təminatı təşkil edə biləcəyini söyləyərək vurğulayıb: “Bizim qaz resurs bazamız kifayət qədər genişdir və genişlənir, yeni qaz yataqları istismara veriləcək. Biz bu gün 12 ölkəyə təbii qaz ixrac edirik. Onlardan 10-u Avropa ölkəsidir, 8-i isə Avropa İttifaqı üzvüdür. Avropa Komissiyası Azərbaycanı Pan-Avropa qaz təchizatçısı ölkə və etibarlı tərəfdaş kimi tanıyır. Əgər biz qaz ixracının coğrafiyasına baxsaq, görərik ki, burada nəinki Avropa məkanında, dünya miqyasında boru xətti ilə nəql edilən qazın coğrafi əhatəsinə görə Azərbaycan dünyada qabaqcıl yerlərdədir. Bizim gələcəkdə qaz ehtiyatlarımızın işlənilməsi nəzərdə tutulur. Biz, eyni zamanda, Macarıstanla yaşıl enerji üzrə fəal işləyirik. Azərbaycanın çox böyükmiqyaslı yaşıl enerji gündəliyi vardır. Biz növbəti beş il ərzində 6 min meqavat gücündə yaşıl enerji istehsal edəcəyik. 500 meqavat son iki il ərzində yaradıldı, 6 min meqavat beş il ərzində təmin ediləcək”.
“Mətbuata bəyanat zamanı dövlətimizin başçısı bəyan etdi ki, BMT-nin Nizamnaməsinin 51-ci maddəsinə əsasən uzun illər işğal altında olan torpaqlarımızı azad etdik və 2023-cü ildə öz suverenliyimizi tam bərpa etdik. Ermənistanla Azərbaycan arasında sülh prosesinə gəlincə, cənab İlham Əliyev sülh müqaviləsinin mətninin razılaşdırıldığını diqqətə çatdırıb. Sülh müqaviləsi Azərbaycanın iki şərti yerinə yetirildikdən sonra imzalanacaq. Birincisi, Ermənistan konstitusiyasında dəyişiklik edilərək Azərbaycana qarşı ərazi iddialarının aradan qaldırılması, ikincisi isə ATƏT-in Minsk qrupunun ləğv edilməsidir. Prezident İlham Əliyev, eləcə də Baş nazir Viktor Orbanın Macarıstanın müstəqil siyasət yürütməsində, dövlət və milli maraqlarını qorumasında rolunu yüksək dəyərləndirib”, - deyən Pərvin Kərimzadə vurğulayıb ki, bütövlükdə Azərbaycan Prezidenti İlham Əliyevin Macarıstana işgüzar səfəri iki ölkə arasında əlaqələrin daha da güclənməsinə töhfə verəcək.