Azərbaycanın xarici siyasətində Avropa ölkələri ilə, xüsusilə Macarıstanla əlaqələrin möhkəmləndirilməsi prioritet istiqamətlərindən biridir. Macarıstanla əlaqələrimiz təkcə siyasi və iqtisadi sahələrdə deyil, həm də enerji, təhlükəsizlik və regional əməkdaşlıq sahələrində inkişaf edir. Avropa İttifaqının ən fəal üzvü olan Macarıstan Azərbaycanın Birlik ölkələri ilə əlaqələrinin inkişafında mühüm rol oynayır. Azərbaycan Prezidenti İlham Əliyevlə Macarıstanın Baş naziri Viktor Orban arasında formalaşmış səmimi dostluq münasibətləri ikitərəfli əlaqələrin daha da möhkəmlənməsinə sirayət edib. Macarıstanın Baş nazirinin Türk Dövlətləri Təşkilatı (TDT) dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə iştirak üçün ötən il Şuşaya səfər etməsi həmin dövrdə bu ölkənin Avropa İttifaqı (Aİ) Şurasına sədrlik etməsi baxımından mühüm tarixi hadisə idi. Azərbaycanla Macarıstan beynəlxalq təşkilatlar çərçivəsində də yaxından əməkdaşlıq edir, bir-biri dəstəkləyir”. Bunu açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.
Deputat Prezident İlham Əliyevin Viktor Orbanın dəvəti ilə Macarıstana işgüzar səfəri zamanı əlaqələrin daha da inkişaf etdirilməsində mühüm rol oynayacaq amillərə də diqqət edib: “İki dövlət liderinin görüşdən sonra mətbuata bəyanatla çıxış etmələri və bu əlaqələri dostluq, strateji tərəfdaşlıq kimi dəyərləndirilməsi böyük perspektivlər vəd edir. İlham Əliyev Macarıstanla Azərbaycanın tarixi kökləri barədə danışarkən burada oxşarlıqların olduğunu deyib. Azərbaycanın Cənubi Qafqazda müstəqil siyasət yürütdüyünü deyən Cənab Prezidentimiz Macarıstanın Avropada ədalətin, sülhün yanında dayandığını bildirib və bunu “əsl qəhrəmanlıq” adlandırıb. Macarıstan faktiki olaraq Avropanın enerji təhlükəsizliyinə mühüm töhfələr verən Azərbaycanla dostluq əlaqələrini genişləndirməklə həm də qitənin enerji qapısı kimi görülür. Bu əməkdaşlıq, həmçinin “Orta Dəhliz” layihəsinin uğurlu həyata keçirilməsi ilə Avropa bazarlarına daha çox enerji təchizatının təmin edilməsi baxımından mühüm əhəmiyyətə malikdir. Avropanın Rusiyadan və Cənubdan istiqamətlənmiş marşrutları kəsildiyindən alternativ xətt kimi Xəzərdən Adriatik sahillərinə qədər uzanan enerji kəmərinə böyük ehtiyac duyulduğunu nəzərə alsaq, avropalılar Azərbaycan-Macarıstan əməkdaşlığını yalnız alqışlamalıdırlar”.