Noyabrın 20-də Yeni Azərbaycan Partiyası (YAP) Veteranlar Şurasının və partiyanın Binəqədi rayon təşkilatının birgə təşkilatçılığı ilə YAP-ın təsis edilməsinin 33-cü ildönümünə həsr olunmuş “Yeni Azərbaycan Partiyası: Heydər Əliyev dühası və siyasi varislik” mövzusunda tədbir keçirilib.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin YAP Binəqədi rayon təşkilatının inzibati binası qarşısındakı abidəsi ziyarət edilərək önünə gül dəstələri düzülüb.
Tədbirdə Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbiri giriş sözü ilə açan YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov Ümummilli Lider Heydər Əliyevin mənalı ömür yolu, zəngin və çoxşaxəli irsi barədə danışıb. O, Yeni Azərbaycan Partiyasının ötən dövr ərzində şərəfli yol keçərək ümumxalq partiyasına çevrildiyini deyib. V.İsmayılov qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin yaradıcısı olduğu Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin rəhbərliyi ilə müstəqillik yolunda inamla irəliləyir, Azərbaycanın hərtərəfli inkişafına mühüm töhfələr verir.
Çıxış edən YAP Veteranlar Şurasının sədri, partiyanın İdarə Heyətinin üzvü Arif Rəhimzadə bildirib ki, Ümummilli Lider Heydər Əliyevin genişmiqyaslı fəaliyyəti dövlətçilik məktəbidir və Ulu Öndər yolunun alternativi yoxdur. Millətinin və dövlətinin ali mənafeyini öz fəaliyyətində daim təməl prinsip kimi qəbul edən Ümummilli Lider müstəqil Azərbaycanın qurucusudur.
YAP Veteranlar Şurasının sədri Ulu Öndərin rəhbərliyi ilə 1992-ci ilin noyabr ayının 21-də Yeni Azərbaycan Partiyasının yaradılmasının müasir dövlətçilik tariximizdə əlamətdar hadisə olduğunu, regionun aparıcı siyasi qüvvəsinə çevrildiyini deyib. O vurğulayıb ki, Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev Heydər Əliyev siyasətini uğurla davam etdirir: “Dövlət başçımız xalqımıza tarixi Zəfər bəxş etmiş Müzəffər Liderdir. Bu gün bütün Azərbaycan xalqı, o cümlədən partiya sıralarında birləşən hər bir üzv qürurludur”.
Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev müasir Azərbaycan tarixinin böyük bir dövrünün dahi şəxsiyyət, müdrik siyasətçi Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlı olduğunu deyib. O qeyd edib ki, Ümummilli Liderin ölkəmizə rəhbərliyi dönəmində Azərbaycan bütün sahələrdə misilsiz inkişaf yolu keçib. E.Allahverdiyevin sözlərinə görə, Heydər Əliyev siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycan regionun lider dövlətinə çevrilib, ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam təmin edilib.
Tədbirdə, həmçinin YAP Veteranlar Şurasının sədr müavini, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Sədaqət Qəhrəmanova, “91-lər”dən, YAP Veteranlar Şurasının üzvü Tahir Məmmədov və YAP Veteranlar Şurasının üzvü Tahir Quliyev çıxış edərək Heydər Əliyevin çoxəsrlik Azərbaycan dövlətçiliyinin möhkəmlənməsində və Yeni Azərbaycan Partiyasının formalaşmasında əvəzsiz xidmətləri barədə danışıblar.
Vurğulanıb ki, Heydər Əliyev dühası ölkəmizin sabitlik, inkişaf və müasirlik yolunu müəyyən edən əsas strateji xətt kimi bu gün də aktuallığını qorumaqdadır. Ümummilli Lider Heydər Əliyevin ölkəmizin tərəqqisi naminə həyata keçirdiyi mühüm islahatlar və irimiqyaslı layihələr Prezident İlham Əliyevin rəhbərliyi ilə müasir dövrün çağırışlarına uyğun olaraq uğurla davam və inkişaf etdirilir.
Daha sonra partiya sıralarına yeni qəbul olunan şəxslərə üzvlük vəsiqələri təqdim olunub.
Tədbirin rəsmi hissəsi Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.
Sonda bədii hissə təqdim olunub.