Müstəqil Azərbaycanın balanslaşdırılmış xarici siyasi kursunun məntiqi olaraq dünya ölkələri ilə siyasi, iqtisadi və digər sahələrdə əməkdaşlığa mühüm töhfələr verir. Sülh, tərəfdaşlıq və dostluq kimi dünya üçün əhəmiyyət daşıyan məsələlərə töhfələrini verən Azərbaycan yüksək imicə sahibdir. Qarşılıqlı anlaşma əsasında qurulan beynəlxalq əlaqələr daha da möhkəmlənir, ikitərəfli, həm də çoxtərəfli əsasda inkişaf etdirilir. Ölkəmiz Şərq və Qərb, eləcə də Şimal və Cənubla milli maraqlarını qorumaqda fəal əməkdaşlığı dövlətlərarası münasibətlərinın inkişafının göstəricisidir. Azərbaycanın xarici siyasətinin önəmli istiqamətlərindən biri də Mərkəzi və Şərqi Avropa ölkələri ilə, xüsusilə Macarıstanla əlaqələrin möhkəmləndirilməsidir. Mövcud münasibətlər təkcə siyasi və iqtisadi deyil, həm də enerji, təhlükəsizlik və regional əməkdaşlıq sahələrində də strateji tərəfdaşlığın dərinləşməsinə töhfə verir. Hər iki ölkənin strateji hədəfləri, həmçinin, Azərbaycan və Macarıstan liderlərinin qarşılıqlı əlaqələrin inkişafı ilə bağlı yürütdükləri siyasət dövlətlərarası münasibətlərdə yeni bir mərhələni təşkil edir.
Azərbaycanla Macarıstan arasında sıx siyasi dialoqun mövcud olması, beynəlxalq təşkilatlar çərçivəsində ölkələrimizin bir-birini dəstəkləməsi əlaqələrin inkişafında önəmli rol oynayan amillər sırasındadır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Macarıstanın Baş naziri Viktor Orbanın dəvəti ilə mayın 20-də Macarıstana işgüzar səfəri bu münasibətlərin uğurlu inkişafına əsaslanır. Azərbaycan Prezidenti İlham Əliyev və Macarıstanın Baş naziri Viktor Orban mətbuata bəyanatında dövlət başçımız çıxışında bildirdiyi kimi, "Macarıstan-Azərbaycan əlaqələri uğurla inkişaf edir. Biz dost ölkələrik, strateji tərəfdaşıq".
Azərbaycan Prezidenti dövlətlərimizin arasında bir çox oxşarlıqların olduğunu, onlardan birinin bizim tarixi köklərimiz olduğunu qeyd edib. Macarıstan Azərbaycanın strateji tərəfdaşı və Avropa İttifaqında ən etibarlı tərəfdaşlarından biridir.
Xatırladaq ki, Azərbaycan-Macarıstan diplomatik əlaqələri 1992-ci ildən etibarən qurulub və son onilliklər ərzində dərin və çoxşaxəli tərəfdaşlığa çevrilib. Əlaqələrin inkişafında 2014-cü ildə imzalanmış Strateji Tərəfdaşlığa dair Birgə Bəyannamə mühüm rol oynayıb. Bu proses 2023-cü ilin yanvarında imzalanan Genişləndirilmiş Strateji Tərəfdaşlığa dair Birgə Bəyannamə ilə daha da güclənib və ikitərəfli münasibətlərin yeni mərhələyə qədəm qoymasına səbəb olub. Bu dövlətlər arasında təkcə ikitərəfli münasibətlərin deyil, həm də regional və beynəlxalq əməkdaşlıq imkanlarının genişləndirilməsində mühüm sənədlərdən biridir.
Azərbaycanın enerji sahəsində etibarlı və strateji tərəfdaşlarından biri də Macarıstandır. Enerji potensialı, xüsusilə təbii qaz və bərpaolunan enerji sahələrindəki uğurlar diqqətçəkəndir. Bu əməkdaşlıq, "Cənub Qaz Dəhlizi" layihəsinin uğurlu həyata keçirilməsi ilə Avropa bazarlarına daha çox enerji təchizatının təmin edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. "Macarıstan şirkətləri Azərbaycanın əsas iki neft və qaz layihəsində pay sahibidir – "Azəri-Çıraq-Günəşli" və "Şahdəniz" yataqlarında. Gələn ilin əvvəlində növbəti kontrakt imzalanacaqdır", - deyə bildirən Azərbaycan Prezidenti ölkəmizin qurudakı neft yataqlarında Macarıstan şirkətinin fəaliyyətə başlayacağını diqqətə çatdırıb. Azərbaycan keçən ildən artıq Macarıstana təbii qazın ixracına başlayıb. Azərbaycan 12 ölkəyə təbii qaz ixrac edir və onlardan 10-u Avropa ölkəsi, 8-i isə Avropa İttifaqı üzvüdür. Dövlət başçımız bəyanatında bildirib ki, Avropa Komissiyası Azərbaycanı Pan-Avropa qaz təchizatçısı ölkə və etibarlı tərəfdaş kimi tanıyır: "Əgər biz qaz ixracının coğrafiyasına baxsaq, görərik ki, burada nəinki Avropa məkanında, dünya miqyasında boru xətti ilə nəql edilən qazın coğrafi əhatəsinə görə Azərbaycan dünyada qabaqcıl yerlərdədir".
Enerji sahəsindəki əməkdaşlıq Azərbaycanın Avropa İttifaqı ilə daha yaxın əlaqələr qurmasına və qlobal enerji təhlükəsizliyinə olan töhfəsini artırmasına imkan yaradıb. Azərbaycanla Macarıstan arasındakı münasibətlər son illər ərzində əhəmiyyətli dərəcədə inkişaf edib və hər iki tərəf əməkdaşlıq sahələrini daha da genişləndirməkdə maraqlıdır. Genişləndirilmiş strateji tərəfdaşlıq və enerji sahəsindəki əməkdaşlıq regional təhlükəsizlik, eyni zamanda, iqtisadi inkişaf baxımından mühüm əhəmiyyətə malikdir. Əminliklə deyə bilərik ki, ümumilikdə Azərbaycan-Macarıstan əlaqələri hər iki ölkənin strateji məqsədlərinə xidmət edəcək şəkildə inkişafdadır.
Prezident İlham Əliyev Macarıstanın Baş naziri Viktor Orbanla mətbuata bəyanatında Ermənistan-Azərbaycan sülh prosesinə toxunub.
Azərbaycanın 30 ilə yaxın davam edən erməni işğalına son qoymasından, öz ərazi bütövlüyünü bərpa etməsini diqqətə çəkib. Azərbaycan Zəfər qazanmış dövlət olaraq, dörd il yarım əvvəl 44 günlük Vətən müharibəsində Ermənistanın 30 illik işğalına son qoymuş oldu.
Münaqişənin nizamlanması üçün 1992-ci ildə təsis olunmuş ATƏT-in Minsk qrupu fəaliyyəti dövründə problemin həllinə yox, dondurulmasına çalışıb və bununla da illər ərzində aparılan danışıqlar nəticəsiz qalıb. BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən dərhal çıxarılmasını tələb edən 4 qətnaməsi 27 il kağız üzərində qaldı. İkinci Qarabağ müharibəsi beynəlxalq hüquq çərçivəsində aparıldı və tarixi ədalət bərpa olundu. "BMT-nin Nizamnaməsinin 51-ci maddəsində hər bir ölkənin özünümüdafiə hüququ var. Biz də bu hüquqdan istifadə edərək, uzun illər işğal altında olan torpaqları düşmən qüvvələrindən azad etdik və 2023-cü ildə öz suverenliyimizi tam bərpa etdik", - deyə Prezident bildirib.
Azərbaycan regional sülh gündəliyinə sadiqdir və bu istiqamətdə qəti addımlarını davam etdirir. Yeni reallıqlar regionda davamlı sülh və sabitlik, həmçinin qarşılıqlı faydalı əməkdaşlıq üçün unikal imkanlar açır. Azərbaycan sülh danışıqlarının İkinci Qarabağ müharibəsindən sonra təşəbbüskarı olub və sülh müqaviləsinin mətninin müəllifidir. Dövlət başçımız çıxışında sülh müqaviləsinin bağlanmasında iki əsas şərtin olduğunu bildirib: "Birincisi, Ermənistan konstitusiyasında bu günə qədər Azərbaycana qarşı ərazi iddiası vardır. Bu, dəyişdirilməlidir. İkincisi isə Qarabağ münaqişəsini həll etmək üçün yaradılmış ATƏT-in Minsk qrupu ləğv edilməlidir. Bu, artıq de-fakto fəaliyyət göstərmir, de-yure bunun ləğvi zəruridir. Əfsuslar olsun ki, Ermənistan tərəfi hələ ki, bu iki şərtimizi qəbul etmək istəmir. Ancaq son illərin hadisələri və proseslərin gedişatı onu göstərir ki, gec-tez onlar bizim təklifimizlə razılaşmağa məcbur olacaqlar".
Prezident İlham Əliyevin Macarıstana səfəri, iki dövlət arasında olan əlaqələrin genişləndirilməsi, qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Natiq ALLAHVERDİYEV,
Yeni Azərbaycan Partiyası Qax rayon təşkilatının sədri