Azərbaycan-Macarıstan əlaqələri iki ölkə arasında münasibətlərin qurulduğu tarixdən etibarən daim yüksələn xətlə inkişaf edir. Azərbaycanın Mərkəzi və Şərqi Avropa ölkələri ilə münasibətlərində Macarıstanla əməkdaşlıq xüsusi yer tutur.
Tarixin bir çox mərhələsində Macarıstan Azərbaycanla siyasi, elmi-mədəni proseslərdə ortaq mövqe sərgiləyərək etibarlı dost kimi sadiqliyini nümayiş etdirib. Respublikamız dövlət müstəqilliyini bərpa etdikdən sonra Ulu Öndər Heydər Əliyevin Macarıstanla əməkdaşlığa xüsusi önəm verməsi, diplomatik münasibətlərin yaxın tərəfdaşlıq ruhunda inkişaf etdirilməsi rəsmi Budapeşti etibarlı müttəfiqə çevirib.
Hər zaman müstəqillik və suverenlik prinsiplərindən çıxış edən ölkələrimiz müxtəlif sahələrdə uğurla əməkdaşlıq edirlər. Azərbaycanla Macarıstanın münasibətləri isə həm dövlət maraqlarına, həm cəmiyyətlərin qarşılıqlı rəğbətinə, həm də tarixə bağlıdır. Türk kökənliyi iki ölkəni və xalqı bir araya gətirən ən etibarlı bağdır. Azərbaycan getdikcə qlobal güc mərkəzlərindən birinə çevrilməkdə olan Türk Dövlətləri Təşkilatının (TDT) əsasının qoyulmasında mühüm rol oynayan dövlətlərdən biridir və hazırda da qurumun funksionallığının artmasına sanballı töhfələr verir. Cənab İlham Əliyevin Macarıstana davamlı xarakter alan səfərləri, eləcə də, Macarıstanın Baş naziri Viktor Orbanın Azərbaycana səfərləri əməkdaşlığın dinamikasını və siyasi ruhunu daha da gücləndirib, əsl dostluq platforması formalaşdırıb. Təsadüfi deyil ki, V.Orban Azərbaycanı öz doğma Vətəni adlandırır. Eləcə də Cənab İlham Əliyev Macarıstanı öz doğma evimiz hesab etdiyini bildirir. İlk dəfə olaraq Türk Dövlətləri Təşkilatının ikinci qeyri-rəsmi Zirvə görüşünün Macarıstanda keçirilməsi isə bu ölkənin Türk ailəsinin bir parçası, ayrılmaz tərəfdaşı olmasını göstərir. Bu təşkilata tamhüquqlu üzv olmasa da, Macarıstan Türk dövlətləri üçün eyni strateji dost və qardaş ölkədir, bütün məsələlərdə onlarla həmrəydir.
Macarıstanın bu ailədə öz layiqli yerini tutmasında, daha aktiv iştirakçıya çevrilməsində Azərbaycanın liderliyi isə diqqətdən qaça bilməz. Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşlərinin keçirilməsinin təşəbbüskarı olan Azərbaycan ilk Zirvə toplantısını ötən il Şuşa şəhərində təşkil etməklə xoş ənənənin əsasını qoyub və bu mütərəqqi modeli Şərqi-Avropa regionuna gətirir. Prezident cənab İlham Əliyevin bəyan etdiyi kimi Şuşa Zirvəsindən sonra estafetin Macarıstana verilməsi alqışlanmalıdır. Bu, bir daha onu göstərir ki, Macarıstan öz milli ənənələrinə, tarixi köklərinə bağlı olan dövlət kimi Türk dünyasının, Azərbaycanın daimi sadiq tərəfdaşıdır, Şuşadan sonra mötəbər toplantının ona həvalə edilməsi də təsadüfi deyil.
Azərbaycan – Macarıstan münasibətləri qarşılıqlı hörmət, etimad və strateji maraqlara əsaslanır. İki ölkə arasında yüksəksəviyyəli səfərlər münasibətlərin inkişafına təkan verib. Azərbaycan ilə Macarıstan strateji dialoqu davam etdirmək, ticarət, investisiya, nəqliyyat, təhsil və humanitar sahələrdə əməkdaşlıq imkanlarını genişləndirmək niyyətindədir. Prezident cənab İlham Əliyevin mətbuata bəyanatla çıxışı zamanı dediyi kimi, bütün başqa məsələlərdə də biz iki dost və tərəfdaş ölkə kimi birgə fəaliyyət göstəririk. Azərbaycanla Macarıstan enerji sahəsində də fəal əməkdaşlıq edir. Macarıstan Azərbaycanı enerji sahəsində etibarlı və strateji tərəfdaş olaraq görür və Avropanın enerji təhlükəsizliyinin gücləndirilməsində ölkəmizin vacib rolunu yüksək qiymətləndirir. Azərbaycanın enerji potensialı, xüsusilə təbii qaz və bərpaolunan enerji sahələrindəki uğurları, Macarıstanın enerji təminatını şaxələndirmək məqsədilə ölkəmizin layihələrinə dəstəyini daha da artırır. Bu əməkdaşlıq, həmçinin Cənub Qaz Dəhlizi layihəsinin uğurlu həyata keçirilməsi ilə Avropa bazarlarına daha çox enerji təchizatının təmin edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Dövlətimizin başçısı ölkəmizin Macarıstanın tələbatı səviyyəsində qaz təminatı təşkil edə biləcəyini söyləyərək vurğulayıb:“Bizim qaz resurs bazamız kifayət qədər genişdir və genişlənir, yeni qaz yataqları istismara veriləcək. Biz bu gün 12 ölkəyə təbii qaz ixrac edirik. Onlardan 10-u Avropa ölkəsidir, 8-i isə Avropa İttifaqı üzvüdür. Avropa Komissiyası Azərbaycanı Pan-Avropa qaz təchizatçısı ölkə və etibarlı tərəfdaş kimi tanıyır. Əgər biz qaz ixracının coğrafiyasına baxsaq, görərik ki, burada nəinki Avropa məkanında, dünya miqyasında boru xətti ilə nəql edilən qazın coğrafi əhatəsinə görə Azərbaycan dünyada qabaqcıl yerlərdədir. Bizim gələcəkdə qaz ehtiyatlarımızın işlənilməsi nəzərdə tutulur. Biz, eyni zamanda, Macarıstanla yaşıl enerji üzrə fəal işləyirik. Azərbaycanın çox böyükmiqyaslı yaşıl enerji gündəliyi vardır. Biz növbəti beş il ərzində 6 min meqavat gücündə yaşıl enerji istehsal edəcəyik. 500 meqavat son iki il ərzində yaradıldı, 6 min meqavat beş il ərzində təmin ediləcək.
Macarıstan davamlı olaraq Türk Dünyasının birgə layihələrində yaxından təmsil olunmaqla faktiki olaraq Türk dövlətlərinin ortaq maraqlarını ifadə edir, Türk Dövlətləri Təşkilatında (TDT) müşahidəçi üzv olmasına baxmayaraq, birgə layihələrdə təmsil olunub, özünü Türkdilli ölkələrin ailəsində hesab edərək regional layihələrdə iştirak edir. Türk dünyasının ortaq layihəsi olan Orta Dəhlizdə yer almaq üçün fəallığını artırır.
Mönsüm ALIŞOV
Pedaqoji elmlər doktoru, professor