Son illər qloballaşan dünyamızda müxtəlif bölgələrdə dini radikalizm, terrorizm, dözümsüzlük və ksenofobiya kimi halların artdığı dövrdə Azərbaycan uğurlu bir model təqdim edir. Hər bir dinin nümayəndələri rahat yaşayır, milli bayramlarını qeyd edir, öz dilində təhsil almaq imkanına malikdirlər. Azərbaycan Prezidenti Cənab İlham Əliyevin vurğuladığı kimi, bu gün dünyada nümunəvi tolerantlıq örnəyi, sivilizasiyalararası və mədəniyyətlərarası dialoq məkanı kimi tanınan Azərbaycanda tarixən dinlər əmin-amanlıq, qarşılıqlı hörmət və etimad şəraitində fəaliyyət göstərmiş, fərqli mədəniyyətlərin təmsilçiləri olan ayrı-ayrı xalqlar və etnik icmalar ümumi Vətən sevgisi, azərbaycançılıq məfkurəsi ətrafında sarsılmaz birlik və həmrəylik nümayiş etdirmişlər: "Cəmiyyətimizdə etnik-mədəni müxtəlifliyin qorunub-saxlanılması, multikulturalizmin dəstəklənməsi və təşviq edilməsi müasir mərhələdə həyata keçirdiyimiz dövlət siyasətinin başlıca məqsədlərindən biridir. Ölkəmizdə yaşayan müxtəlif xalqlara öz milli-mənəvi dəyərlərini, dini etiqadını, adət-ənənələrini qoruyub-saxlamaq, dil və mədəniyyətini inkişaf etdirmək üçün demokratik şərait təmin edilmişdir". Çağdaş dünyamızın aparıcı güc mərkəzləri, bəzi iddialı ölkələr insan hüquqları, din azadlığı anlayışından öz geosiyasi, geoiqtisadi maraqlarını təmin etmək üçün bir vasitə kimi istifadə edirlər. Müxtəlif siyasi, iqtisadi və coğrafi şəraitlərdə yaşayan xalqların ədalətə çıxışı ilk növbədə çoxmədəniyyətliliyin təmin edilməsindən asılıdır. Dünyanın diqqətində olan ölkəmizdə – Azərbaycanda isə nümunəvi dövlət-din münasibətləri uğurla həyata keçirilir və tolerant mühit hökm sürür. Əlbəttə ki, mövcud vəziyyət, dövlət siyasəti bəşəri dəyərlər sisteminə, xüsusilə beynəlxalq təhlükəsizliyə qarşı yaranmış təhdidlərin qarşısının alınmasında çox önəmli strategiyaya çevrilib.
AZƏRBAYCAN CƏMİYYƏTİNİ SƏCİYYƏLƏNDİRƏN ƏNƏNƏ
Dini dözümlülük, tolerantlıq kimi dəyərlər Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Əsas Ana Qanunumuzda irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi mövqeyindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyi nəzərdə tutulmuş, insan və vətəndaş hüquqlarının və azadlıqlarının göstərilən əsaslara mənsubiyyətinə görə məhdudlaşdırılması qadağan edilib. Ölkəmizdə yaşayan qeyri-xalqların nümayəndələri ilə xalqımızın əmin-aman şəraitdə yaşaması, birlik, həmrəylik nümayiş etdirməsi şübhəsiz ki, əsrlərin sığından çıxan dəyərlərdən qaynaqlanır. Ölkədə formalaşan bu və ya digər dəyərlər artıq Azərbaycan cəmiyyətini səciyyələndirən ənənəyə çevrilib.
TOLERANT MÜHİT - BƏRABƏRLİYİN, DEMOKRATİYANIN, SOSİAL RİFAHIN VƏ ƏDALƏTİN BƏRQƏRARI
Azərbaycan müstəqillik illərində dövlət dini azlıqların hüquqlarının qorunması və təminatı sahəsində çox mühüm və ciddi addımlar atıb. Müxtəlif dini mənsubiyyətə malik insanlar cəmiyyətimizin ayrılmaz tərkib hissəsi olaraq dövlətin diqqət, qayğı və himayəsini eyni dərəcədə üzərlərində hiss edirlər. Bu gün ölkəmizdə bütün millətlərin və dinlərin nümayəndələri tam qarşılıqlı anlaşma, milli həmrəylik şəraitində yaşamaları üçün bütün şərait yaradılıb. Təbii ki, tolerant mühitin olması cəmiyyətdə bərabərliyin, demokratiyanın, tərəqqinin, sosial rifahın, ədalətin bərqərarı deməkdir.
Dünyanın ən qədim xristian dövlətlərindən birinin yerləşdiyi məkan olan Azərbaycanda xristian icması əsrlər boyunca tariximizin formalaşmasında iştirak edib. Azərbaycan Prezidenti çıxışlarının birində bildirdiyi kimi, tarix və coğrafiyamız nümayiş etdirir ki, biz yalnız tərəfdaşlıq və qarşılıqlı hörmət ruhunda uğura nail ola bilərik. "Azərbaycanın bugünkü sürətli inkişafı da məhz bu mədəni irsimizə və cəmiyyətimizin bütün nümayəndələrinin nümayiş etdirdiyi həmrəyliyə əsaslanır. Biz tariximiz, tarixi abidələrimizlə fəxr edirik. Onlar da əsrlər boyu müxtəlif dinlərin nümayəndələrinin Azərbaycanda yaşayıb-yaratdıqlarını göstərir. Biz qədim tariximizlə fəxr edirik",
BÜTÜN XALQLARIN TARİXİ BİRLİYİ VƏ QARDAŞLIĞI
Çətin, ağır, eləcə də xoş günlərdə də bütün xalqların nümayəndələri bir-birinin yanındadırlar. Azərbaycan Respublikasındakı etnik icma rəhbərləri Ermənistanın 2020-ci il iyul ayının 12-dən etibarən, Azərbaycanın Tovuz bölgəsində törətdiyi hərbi təcavüz aktlarını, təxribatları qətiyyətlə pislədilər. Bununla bağlı Azərbaycan Respublikasındakı etnik icma rəhbərləri birgə bəyanat yaydılar. Belə ki, Talış Mədəniyyət Mərkəzi, Azərbaycanda Rus İcması, Azərbaycan-Avar İcması İctimai Birliyi, Bakı Dağ Yəhudiləri Dini İcması, Azərbaycan Respublikasının Alban-Udi Xristian Dini İcması, Avropa Yəhudilərinin Bakı Dini İcması və digər icma rəhbərləri təmsil etdikləri Azərbaycan xalqları adından Azərbaycanın Tovuz bölgəsində törətdiyi hərbi təcavüz aktlarını, təxribatları qətiyyətlə pislədilər. Həmin təcavüz aktları nəticəsində Azərbaycanın ondan çox hərbi qulluqçusu, o cümlədən yüksək rütbəli zabitlər və bir dinc sakini həlak olmuşdur. Milli ordumuzun sıralarında Azərbaycanda yaşayan xalqların yüzlərlə nümayəndələri - əsgər və zabitləri var. Vətən Müharibəsi dövründə müxtəlif xalqların övladları da Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin çağırışına səs verərək, könüllü olaraq orduda xidmət etmək, Azərbaycanın ərazi bütövlüyünü qorumaq, torpaqlarımızı mənfur düşməndən təmizləmək istəyi ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət etmişdilər. Azərbaycanda elə bir xalq yoxdur ki, bu müqəddəs amal uğrunda mübarizədə şəhid verməsin. Ermənistan dəfələrlə Azərbaycanda yaşayan xalqların içərisinə ədavət toxumu səpməyə, süni qarşıdurma yaratmağa çalışmış, lakin öz mənfur niyyətinə nail ola bilməmişdir. Azərbaycanın ən böyük sərvəti onun etnik müxtəlifliyi, burada yaşayan bütün xalqların tarixi birliyi və qardaşlığıdır. Ölkəmizdə indiyədək etnik və dini zəmində qarşıdumaların baş verməməsi Azərbaycanın yürütdüyü milli siyasətin parlaq təzahürüdür.
"MUSİQİ ATLASI" LAYİHƏSİ
Azərbaycanda yaşayan milli azlıqlar öz dillərindən istifadə edir, maddi-mənəvi mədəniyyətlərini qoruyub saxlayır, özlərinin milli-mədəni birliklərini, assosiasiyalarını və ittifaqlarını yaradırlar. Belə təşkilatlardan Talış Mədəni Mərkəzi, Kürd Mədəni Mərkəzi (Ronai), Ləzgi Mədəni Mərkəzi (Samur), Ləzgilərin Mifologiyasını Öyrənən Mərkəz, "Saxur" Mədəni Mərkəzi, Şeyx Şamil adına Avar Cəmiyyəti, udilərin "Orayin" Mədəni Mərkəzi, tatların "Azəri" Mərkəzi, Buduq Mədəni Mərkəzi, Azərbaycan slavyanlarının Mədəni Mərkəzi, Rus İcması Cəmiyyəti, Xınalıq Mədəni Mərkəzi, Azərbaycan Tatlarının İcması, Azərbaycan Gürcülərinin Cəmiyyəti, Azərbaycan Ukraynalılarının Cəmiyyəti, Azərbaycan Avropa Yəhudilərinin İcması, Almanların Milli - Mədəni Cəmiyyəti, Azərbaycan Yəhudiləri Cəmiyyəti, Axıska türklərinin Vətən Cəmiyyəti və s. nümunə göstərmək olar. Təsadüfi deyil ki, azsaylı xalqların zəngin musiqi folkloru Azərbaycanın mənəvi mədəniyyətinin ayrılmaz tərkib hissəsini təşkil edir. Azərbaycanın ənənəvi "Musiqi Atlası" layihəsi Azərbaycan musiqi folklorunun rəngarəng dialektlərini də əhatə edir.
Bütün xalqların dini-mədəniyyət abidələri dövlətimiz tərəfindən qorunur. Şəki rayonunun Kiş və Qəbələ rayonunun Nic kəndlərindəki kilsələr, Qax rayonu ərazisində xristian kilsəsi, Masallı rayonunun Ərkivan kəndində XIX əsr məscidi və s misal göstərmək olar.
Dünyada baş verən dinlərarası münaqişələr və müxtəlif ölkələrdə getdikcə artmaqda olan anti-semitizm və irqçilik fonunda Azərbaycanda bütün xalqların, o cümlədən yəhudilərin azad və dinc şəraitdə birgə yaşamaları, tam dini etiqad azadlığına malik olmaları çox təqdirəlayiqdir. Azərbaycanda yaşayan yəhudilər də hər il öz bayramlarını qeyd edirlər. Bayram vaxtı sinaqoqda ibadət edir, şofar (musiqi aləti) səsləndirir, xüsusi ayinlər yerinə yetirir, yardıma ehtiyacı olan şəxslərə kömək göstərir, bir masa ətrafına toplaşaraq günahlarının bağışlanması üçün dualar edirlər. Azərbaycanda qeyd olunan Roş-Ha-Şana və digər yəhudi bayramlarının unikal cəhəti müsəlmanlarla xristianların yəhudi bacı-qardaşlarının sevincini, xoşbəxtliyini bölüşməsi kimi xarakterizə olunur. Azərbaycan Prezidenti İlham Əliyevin çıxışlarının birində vurğuladığı kimi, "Ölkəmizin bütün xalqları, o cümlədən yəhudi icması Azərbaycanda həmişə əmin-amanlıq şəraitində yaşamış, heç bir ayrı-seçkiliyə məruz qalmadan dil və mədəniyyətini, adət-ənənələrini qoruyub saxlamışdır. Müstəqil Azərbaycan dövləti bu gün də öz mütərəqqi tarixi ənənələrinə sadiqdir. Müasir demokratik prinsiplərə uyğun olaraq ölkədə insan haqlarının təminatı, milli azlıqların etnik-mədəni dəyərlərinin qorunması və inkişaf etdirilməsi dövlət siyasətinin prioritet istiqamətlərindəndir".
Azərbaycan dövləti tərəfindən mədəniyyətlərarası dialoqun təşviqi məqsədilə həm beynəlxalq, həm də milli səviyyədə həyata keçirilən tədbirlər ölkəmizin beynəlxalq arenada nüfuzunu artırmaqla yanaşı, xalqımızın milli həmrəyliyini daha da möhkəmləndirir və ölkəmizi mədəniyyətləri qovuşduran məkan kimi beynəlxalq aləmə təqdim edir. Bu gün Azərbaycan dünyada azlıq və ya çoxluğun fərqinin hiss edilmədiyi ölkələr sırasında ilk yerlərdən birində qərarlaşmışdır. Azərbaycan dövlətinin apardığı milli siyasət göstərir ki, xalqlar bir-biri ilə mehriban yaşaya bilərlər və bu baxımdan ölkəmiz dünyaya nümunədir.
Son illər ərzində Azərbaycan dini, milli və etnik tolerantlıq sahəsində böyük uğurlara nail olub. Dövlət tərəfindən atılan məqsədyönlü addımlar Azərbaycan xalqının bütün dövrlərdə mehriban ailə, dost, qardaş olaraq yaşamaq ənənələrini daha da möhkəmləndirir.
"Bizim tariximiz mədəni müxtəliflik tarixidir və bu gün həmin tarixi irs əsasında Azərbaycan dünyaya mədəniyyətlərarası dialoqun ölkələri yaxınlaşdırmağın, müxtəlif mədəniyyət və sivilizasiya nümayəndələri arasında yeni körpülərin qurulmasının yeganə yol olduğunu nümayiş etdirir", - deyə Prezident bildirib.
Bildiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyevin məlum sərəncamları ilə ölkəmizdəki mövcud dini konfessiyaların fəaliyyətini dəstəkləmək, habelə multikultural dəyərlərin daha da inkişaf etdirilməsi və yüksək tolerantlıq mühitinin qorunması məqsədi ilə maliyyə yardımları ayrılır. Prezidentin qeyd olunan sərəncamları Qafqaz Müsəlmanları İdarəsi, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyası dini qurumu, Bakı şəhəri Dağ yəhudiləri dini icması, Avropa yəhudilərinin Bakı dini icması, Azərbaycan Respublikasında Katolik Kilsəsinin Apostol Prefekturası dini qurumuna və s. şamil olunur.
Dünyada xalqlar arasında etimadın möhkəmləndirilməsində mühüm rolu nəzərə alınmaqla müxtəlif mədəniyyətlər arasında əməkdaşlıq üçün qlobal platformanın təsis edilməsi və xalqımızın tolerant mədəniyyətinin, tarixi ənənələrinin beynəlxalq aləmə tanıdılması məqsədilə Azərbaycanda 2011-ci ildən başlayaraq Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu təşkil edilir. Ötən illər ərzində bu forum qloballaşan dünyamızı narahat edən ən mühüm məsələlərə dair fikir mübadiləsi aparmaq üçün beynəlxalq platformaya çevrilib. Bakıda Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu keçirildi. Azərbaycanın əldə etdiyi uğurlar, həyata keçirilən inkişaf siyasəti öz növbəsində ölkəmizin beynəlxalq nüfuzunun artmasına, qlobal əhəmiyyətli tədbirlərin keçirildiyi məkana çevrilməsinə səbəb olub. Bakı Beynəlxalq Humanitar Forumu göstərir ki, Azərbaycan mədəniyyətlərarası dialoqun mərkəzi, həmçinin, humanitar məsələlərin müzakirə olunduğu məkandır.
Bütün bunlar deməyə əsas verir ki, Azərbaycan müxtəlif etnosların və millətlərin, fərqli dinlərə sitayiş edən insanların tarixən dostluq və qardaşlıq şəraitində yaşadığı tolerant ölkədir.
Nəzakət ƏLƏDDİNQIZI