Prezident İlham Əliyev: "Ölkələrimiz arasında siyasi dialoq getdikcə güclənir və bu, yüksək səviyyəli görüşlərin intensivləşməsində özünü göstərir"
Beynəlxalq və iktərəfli əməkdaşlıq coğrafiyasını genişləndirən Azərbaycanın artan nüfuzu fonunda xarici siyasətin əsas istiqamətlərindən biri də Balkan yarımadası ölkələri ilə yaxın təmasların qurulmasıdır. Bu gün Azərbaycanın Balkan yarımadası dövlətləri ilə əməkdaşlıq əlaqələrinin genişlənməsi xarici siyasətin prioritet istiqamətlərindən biridir. Azərbaycan Balkanlarda yerləşən Şimali Makedoniya üçün də cəlbedici ölkədir. Oxşar tariximiz və inkişaf prosesləri, eyni zamanda, Azərbaycanın karbohidrogen ehtiyatları dövlətlərimiz arasındakı əlaqələrin inkişafı zərurətini meydana çıxarıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iyunun 17-də Şimali Makedoniya Respublikası Assambleyasının sədri Afrim Qaşini qəbul etməsi əlaqələrin müsbət dinamika ilə inkişafına söykənir. Söbət zamanı Azərbaycanla Şimali Makedoniya arasında münasibətlərin inkişafından məmnunluq bildirilib, əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın olduğu vurğulanıb. Əlaqələrimizin möhkəmlənməsində müxtəlif səviyyələrdə qarşılıqlı səfərlərin önəminə toxunulub, bu xüsusda Şimali Makedoniya Prezidentinin ölkəmizə rəsmi səfəri və keçirilən səmərəli müzakirələr diqqətə çatdırılıb. Qonaq vurğulayıb ki, Şimali Makedoniya Azərbaycanı dost ölkə kimi qəbul edir.
ƏLAQƏLƏRİN DƏRİNLƏŞMƏSİNƏ SÖYKƏNƏN QARŞILIQLI ƏMƏKDAŞLIQ
Görüşdə ölkələrimiz arasında siyasi, iqtisadi, enerji və digər sahələrdə əlaqələrimizin perspektivlərinə dair müzakirələr aparılıb. Azərbaycan və Şimali Makedoniyanın qanunverici orqanları arasında əməkdaşlığın genişlənməsindən məmnunluq ifadə olunub.
Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə respublikamız təkcə regional məsələlərdə deyil, bütövlükdə qlobal miqyasda baş verən proseslərə mühüm təsir etmək imkanlarına malikdir. Şimali Makedoniya Prezidenti Qordana Silyonovska-Davkovanın cari ilin 11 mart tarixində ildə Azərbaycana məlum rəsmi səfəri və qarşılıqlı əməkdaşlıq perspektivləri ilə bağlı aparılan müzakirələr əlaqələrin dərinləşməsinə söykənir. Səfər çərçivəsində dövlət başçıları görüşərək mətbuata bəyanatlarla çıxış etmişdilər. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Şimali Makedoniya Respublikasının Prezidenti Qordana Silyanovska-Davkova arasında keçirilən görüş iki ölkə arasındakı əlaqələrin inkişafına mühüm töhfədir. Görüş zamanı siyasi, iqtisadi, enerji və humanitar sahələrdə əməkdaşlığın gücləndirilməsi müzakirə edilib. Prezident İlham Əliyevin mətbuata verdiyi bəyanat bu əməkdaşlığın perspektivlərini və gələcək planlarını aydın şəkildə göstərmiş oldu. Azərbaycan və Şimali Makedoniya arasındakı ikitərəfli münasibətlərin inkişafı dinamik xarakter alır. Dövlət başçımızın qeyd etdiyi kimi, ölkələrimiz arasında siyasi dialoq getdikcə güclənir və bu, yüksək səviyyəli görüşlərin intensivləşməsində özünü göstərir.
"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev COP29 konfransı çərçivəsində ötən il noyabrın 14-də Şimali Makedoniya Respublikasının Prezidenti xanım Qordana Silyanovska-Davkova ilə görüşü də əlaqələrin inkişafında önəmli rola malikdir. Xanım Davkova sammitin mükəmməl təşkilinə və qonaqpərvərliyə görə Azərbaycana təşəkkürünü bildirmişdi.
Xatırladaq ki, Azərbaycan ilə Şimali Makedoniya arasında diplomatik münasibətlər 1995-ci ilin iyununda qurulub. Həmin ildə Azərbaycan Şimali Makedoniyanın müstəqilliyini tanıyıb.
Azərbaycan Şimali Makedoniya ilə münasibətlərin inkişafına əhəmiyyət verir və iki ölkə arasında əməkdaşlıq siyasi, iqtisadi və humanitar sahələri əhatə edir. "Siyasi əlaqələrimizin inkişafı üçün əlavə tədbirlər görülməlidir, müvafiq dövlət qurumları təbii olaraq sıx təmasda olmalıdırlar. Eyni zamanda, iqtisadi sahədə, sərmayə qoyuluşu sahəsində imkanlar araşdırılmalıdır", - deyə Azərbaycan Prezidenti çıxışlarının birində bildirmişdir. Şimali Makedoniya Respublikasının keçmiş prezidenti Qeorqe İvanov 2015, 2016, 2017 və 2018-ci illərdə müxtəlif tədbirlərdə iştirak etmək üçün Azərbaycana işgüzar səfərlər edib. Həmin səfərlər zamanı Azərbaycan Prezidenti İlham Əliyevlə keçirilən görüşlərdə regional əməkdaşlıq məsələləri müzakirə edilib. Qeyd etmək lazımdır ki, 2000-ci ildə Şimali Makedoniya və Azərbaycan parlamentlərarası işçi qrupu yaradıb və bu qrup hazırda uğurla fəaliyyət göstərir. Şimali Makedoniyanın xarici işlər naziri Buyar Osmani 2023-cü ilin aprelində Bakıya işgüzar səfəri zamanı ölkələrimiz arasında enerji sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub.
"AVROPA AZƏRBAYCAN QAZINA EHTİYAC DUYUR"
"İki ölkə energetika sahəsində əməkdaşlığa başlamışdır. Azərbaycan qazı artıq Şimali Makedoniyanın bazarına çatdırılmışdır və bu, keçən ilin sonlarında baş verdi, bu il artıq müntəzəm olaraq Azərbaycan sizin bazarınızı təbii qazla təmin edəcəkdir. Gələcəkdə biz lazım olan həcmdə qaz təchizatını artıra bilərik. Çünki biz bu gün yeni qaz yataqlarının istismara verilməsi istiqamətində fəal iş aparırıq. Bildirməliyəm ki, hazırda Azərbaycan 12 ölkəyə təbii qaz ixrac edir və bizim müştərilərimizin coğrafi yerləşməsi də Avrasiya məkanını əhatə edir. On iki ölkədən 10 ölkə Avropa ölkəsidir. Keçən il Azərbaycan xarici bazarları 25 milyard kubmetr qaz ilə təchiz etmişdir. Təbii ki, bizim istehsalımız bundan daha çoxdur. Çünki biz yerli tələbatı da ödəyirik. Ancaq əhatə dairəsi, qaz təchizatımızın coğrafiyasının genişləndirilməsi də gündəlikdə duran məsələdir. Avropa Azərbaycan qazına ehtiyac duyur",- deyə Prezident çıxışlarının birində vurğulayıb.
Azərbaycan 2021-ci ilin iyulunda Avropa İttifaqı (Aİ) ilə imzaladığı müqaviləyə əsasən, 2027-ci ilədək Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya təbii qaz ixracının həcmini 30 milyard kubmetrə çatdıracaq. Bu gün Yunanıstanın təbii qaza olan tələbatının 18 faizini Azərbaycan ödəyir. Cari ildə Yunanıstana 1,2 milyard kubmetr təbii qazın ixrac edilməsi nəzərdə tutulub. 2028-ci ildə "Ümid" və "Abşeron" yataqlarından böyük həcmdə təbii qazın hasil edilərək dünya bazarına çıxarılması gözlənilir. Azərbaycanın təsdiq edilmiş təbii qaz ehtiyatı 2,6 trilyon kubmetrdir ki, bu da uzun müddətdə qaz ixracının artırılmasına imkan verir. Bundan başqa, 2027-ci ilin sonunadək Azərbaycan yaşıl enerji layihələri çərçivəsində 1862 MVt külək və günəş elektrik enerjisi istehsal etməyi planlaşdırıb ki, bu da 1 milyard kubmetr "mavi yanacağa" qənaət etməyə imkan verəcək.
BEYNƏLXALQ ALƏMDƏ ETİBARLI ÖLKƏ
Azərbaycan və Şimali Makedoniya arasında iqtisadi-ticarət əlaqələrinin enerji, turizm və digər sahələrində inkişaf etdirilməsi zəruridir. Hazırda Azərbaycanda Şimali Makedoniya investisiyalı 5 kommersiya qurumu qeydiyyatdadır, onlardan 3-nün fəaliyyəti aktivdir. İki dövlət arasında imzalanan "Sərmayələrin təşviqi və qarşılıqlı qorunması" haqqında saziş də hazırda icra olunur. Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında əhəmiyyətli rol oynaması Avropa İttifaqı dövlətlərinin maraqlarını təmin edir.
Ölkəmizin bir çox qlobal neft və qaz layihələri Şimali Makedoniyanın da maraq dairəsindədir. Həmçinin Cənub Qaz Dəhlizi, Trans Anadolu Qaz kəməri (TANAP), Trans Adriatik Qaz kəməri (TAP) layihələrində Azərbaycanın əməkdaşlıq etdiyi ölkələrin bir çoxunun da Şimali Makedoniya ilə yaxın əlaqələri mövcuddur. Bakı ilə Skopye arasında əməkdaşlıq ölkəmizin Qərbdə xüsusilə daha da aktuallaşan enerji təhlükəsizliyi məsələsində güclənən mövqeyini və rolunu bir daha ifadə etmiş olur. Azərbaycan bu gün həm geosiyasi səhnədə səmərəli fəaliyyəti ilə seçilərək diqqət çəkir, həm də Şimali Makedoniya kimi kiçik ölkələrin ehtiyac duyduğu təbii qaz, bərpaolunan enerji baxımından son dərəcə maraqlı tərəfdaşa çevrilir. Bütün bunlar isə deməyə əsas verir ki, Azərbaycan dünən olduğu kimi, bu gün də beynəlxalq aləmdə etibarlı tərəfdaşlığını daha da möhkəmlətmək üçün ayrı-ayrı dövlətlərlə münasibətlərin dinamik inkişafına xüsusi əhəmiyyət verir.
Şimali Makedoniya və Azərbaycan arasındakı əlaqələr bir daha təsdiq edir ki, Azərbaycan həm iqtisadi imkanlarına, həm də beynəlxalq aləmdə yürütdüyü siyasətə görə etibarlı ölkədir.
Zümrüd BAYRAMOVA