PDF Oxu

Siyasət

  • 535

“8 Noyabr” Elektrik Stansiyası həm də regional və qlobal həmrəylik layihəsidir

image

“Uğurlu siyasət nəticəsində ölkəmizin enerji potensialı daha da güclənməkdədir. İyunun 24-də Prezident İlham Əliyevin iştirakı ilə Mingəçevirdə istifadəyə verilən Cənubi Qafqazın ən nəhəng energetika infrastrukturu - “8 Noyabr” Elektrik Stansiyası Azərbaycanın iqtisadi qüdrətinin, bölgədə möhtəşəm güc və əzminin, tarixi Zəfərdən sonra yazdığı uğur salnaməsinin növbəti nümunəsidir”. Bu fikirləri Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Pərvin Kərimzadə deyib.

Deputat bildirib ki, Prezident İlham Əliyevin müdrik seçimi olan “8 Noyabr” adının Mingəçevirdəki ən böyük və nəhəng energetika müəssisəsinə verilməsi təsadüfi deyil. Mingəçevir hər zaman Azərbaycanın və regionun işıqlı mərkəzi olub. Mingəçevir, həm də Azərbaycanın strateji və milli təhlükəsizlik simvollarından biridir, bu şəhərdə yerləşən nəhəng obyektlər, o cümlədən “Azərbaycan” Elektrik Stansiyası və Mingəçevir Su Elektrik Stansiyası hər zaman ümumi enerji-iqtisadi-sənaye inkişafının dayaqlarından biri olub. Bu enerji mərkəzi Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasəti sayəsində böyüyərək milli inkişafımızın atributlarından birinə çevrilib. Heydər Əliyevin 1974-cü ildə əsasını qoyduğu və 1981-ci ildə istifadəyə verdiyi “Azərbaycan” İstilik Elektrik Stansiyası hələ sovet dövründə Qafqazın önəmli energetika mərkəzlərindən biri olub. Müstəqillik dövründə stansiya bərpa edilərək dayanıqlılığını qoruyub saxlayıb. Prezident İlham Əliyev tərəfindən isə 2018-ci ildə “Azərbaycan” İstilik Elektrik Stansiyasının yenidən qurulmasının təməli qoyulub və 2020-ci il iyunun 25-də stansiyaya yeni həyat verilib. Eləcə də, Mingəçevir Su Elektrik Stansiyasının gücü 400 meqavatan çatdırılıb. Nəticədə Mingəçevir şəhəri Azərbaycanın generasiya güclərinin artmasında, enerji potensialının və sənaye qüdrətinin yüksəlməsində öz mövqeyini daha da artırıb.

Millət vəkilinin sözlərinə görə, Mingəçevir enerji-sənaye mərkəzi, milli enerji təhlükəsizliyin zəmanətlərindən biri kimi Qarabağ müharibəsi dövründə strateji əhəmiyyəti ilə seçilib. İşğalçı Ermənistan bu şəhərin məhz xüsusi əhəmiyyətini nəzərə alaraq Azərbaycanı təhdid edirdi. Prezident İlham Əliyevin açılış mərasimində qeyd etdiyi kimi Ermənistan İkinci Qarabağ müharibəsindən regionun enerji mərkəzi olan Mingəçeviri bombalamaq, su bəndini dağıtmaq və Mingəçevir Elektrik Stansiyasını sıradan çıxarmaq kimi təhdidlər də səsləndirirdi. “İkinci Qarabağ müharibəsində Ermənistan nəinki bizim şəhər-kəndlərimizi və yaşayış obyektlərini məqsədyönlü şəkildə atəş altında saxlayırdı, hətta buraya da - Mingəçevirə də öz raketlərini göndərməyi də unutmamışdı - əgər belə demək mümkündürsə. Bunun da məqsədi bizim enerji infrastrukturumuzu iflic vəziyyətinə salmaq idi. Hətta İkinci Qarabağ müharibəsindən əvvəl bizi hədələmək üçün bir neçə üsuldan istifadə edən Ermənistan, o cümlədən Mingəçeviri bombalamaq, burada su bəndini dağıtmaq və Mingəçevir Elektrik Stansiyasını sıradan çıxarmaq kimi təhdidlər də səsləndirirdi. Buraya, bu əraziyə düşən həm mərmilər, həm də ki, uzaqmənzilli raketlər bunun əyani sübutudur. Bu, dinc əhaliyə, mülki infrastruktura yönəlmiş təcavüz idi və hərbi cinayətdir”-deyə dövlətimizin başçısı vurğulayıb. Lakin düşmən buna nail ola bilmədi, raketlərin bir çoxu Azərbaycanın hava hücumuna qarşı müdafiə sistemləri tərəfindən məhv edildi, bəziləri isə hədəfə dəymədi. Nəticədə terrorçu dövlətin bütün planları puç oldu.

Pərvin Kərimzadə qeyd edib ki, “8 Noyabr” Elektrik Stansiyasının istifadəyə verilməsi Azərbaycanın enerji potensialını əhəmiyyətli dərəcədə gücləndirəcək: “Cənab Prezidentin dediyi kimi, energetika hər bir ölkənin milli təhlükəsizliyi məsələsidir. Yeni stansiya iqtisadi layihə olmaqla yanaşı, müasir siyasi reallıqların, regional fraqmentasiyaların, yeni qlobal çağırışların fonunda Azərbaycanın möhtəşəm enerji potensialının təqdimatıdır. Bu həm də dünyada gedən geosiyasi-hərbi çalxalanmaların yüksəldiyi dövrdə ön plana çıxan enerji təhlükəsizliyinin vacib faktora çevrilməsi fonunda Azərbaycanın enerji dövləti kimi strateji əhəmiyyətinin artmasını diqtə edən hadisələrdən biridir. “8 Noyabr” Elektrik Stansiyası həm də regional və qlobal həmrəylik layihəsidir. Azərbaycan dövlətinin yaxın strateji tərəfdaşları olan İtaliya və Çinlə birgə dünyaya təqdim etdiyi nəhəng enerji investisiyası layihəsidir. Bu Zəfər stansiyası qlobal enerji ailəsi arasında yeni birlik və bərabərlik, həmrəylik, əməkdaşlıq imkanlarının möhkəmlənməsində böyük əhəmiyyət daşıyacaq”.

Digər xəbərlər