PDF Oxu

Siyasət

  • 793

Azərbaycan-Özbəkistan strateji tərəfdaşlığı: Yeni geosiyasi mərhələ

image

Azərbaycan və Özbəkistan arasında formalaşmış strateji tərəfdaşlıq, ölkəmizin xarici siyasət kursunda xüsusi yer tutur. Tarixən bir-birinə yaxın olan bu iki xalq ortaq mədəni irsə, dini dəyərlərə və etnik köklərə malikdir. Qədim dövrlərdən bəri bir-birinə bağlı olan xalqlarımız arasındakı münasibətlər bugünkü dostluq və əməkdaşlıq zəminində daha da möhkəmlənmişdir. Özbəkistan, Azərbaycanın ərazi bütövlüyü uğrunda apardığı haqlı mübarizədə daim dəstək nümayiş etdirərək, qardaşlıq münasibətlərini əməldə təsdiqləmişdir. Ölkəmiz üçün ən çətin məqamlarda da özbək xalqının mənəvi dəstəyi Azərbaycan xalqı tərəfindən yüksək dəyərləndirilmişdir.

2025-ci il iyulun 2-də Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Bakıya rəsmi səfəri Azərbaycan-Özbəkistan münasibətlərinin dinamik inkişafında mühüm mərhələ oldu. Bu səfər təkcə iki ölkə arasında yüksək səviyyəli siyasi əlaqələrin göstəricisi deyildi, eyni zamanda Türk Dövlətləri Təşkilatı daxilində formalaşmaqda olan yeni geosiyasi sistemin təməlini əks etdirirdi.

Post-sovet məkanında uzun illərdir mədəni və tarixi əlaqələr fonunda davam edən türk dövlətləri əməkdaşlığı artıq daha dərindən-geosiyasi rasionalizm və diplomatik aktorluq müstəvisində inkişaf edir. Azərbaycan və Özbəkistan bu prosesin aparıcı sütunlarına çevrilib.

Prezident İlham Əliyevlə Prezident Şavkat Mirziyoyev arasında formalaşmış qarşılıqlı etimad və şəxsi dostluq əlaqələri strateji dialoqun möhkəm zəmininə çevrilib. Füzuli rayonunda Mirzə Uluqbəy adına məktəbin tikilməsi və 2023-cü ildə istifadəyə verilməsi bu münasibətlərin mənəvi və praktiki ifadəsidir.

2022-2024-cü illər ərzində qarşılıqlı səfərlər, o cümlədən İlham Əliyevin üç dəfə Daşkəndə səfər etməsi və Mirziyoyevin azad edilmiş ərazilərə baş çəkməsi, siyasi mesajdan daha çox ideoloji və tarixi bağlılığın nümayişidir. Bu səfərlər münasibətlərin protokol xarakterini aşaraq xalqlar arasında da qarşılıqlı rəğbətə çevrilib.

2021-2022-ci illərdə imzalanan “Müttəfiqlik münasibətləri haqqında Müqavilə” və “Strateji tərəfdaşlığın dərinləşdirilməsi haqqında Bəyannamə” iki dövlətin qarşılıqlı fəaliyyətini hüquqi əsasda birləşdirdi. İyul səfəri isə həmin sənədlərin praktiki müstəviyə keçdiyini sübut etdi. Xüsusilə Mirziyoyevin “bütün platformalarda vahid mövqe” çağırışı, bu münasibətlərin artıq yalnız regional deyil, qlobal geosiyasi proseslərə inteqrasiya etdiyini göstərdi.

Bakıda Özbəkistan səfirliyinin yeni binasının açılması, “Özbəkistan” parkının təməlinin qoyulması və mədəni-humanitar layihələrin təşviqi münasibətlərin simvolik qatını gücləndirir. Bu simvollar ictimai yaddaşda qarşılıqlı hörmətin və mədəni sinxronluğun dayanıqlı təməlini formalaşdırır. Diplomatik münasibətlərin sabitliyi yalnız siyasi sənədlərlə deyil, həm də xalqların bir-birinə yaxınlaşması ilə qorunur.

Azərbaycan və Özbəkistanın bir-birini tamamlayan geosiyasi mövqeləri, eyni təhlükələr və imkanlarla qarşı-qarşıya olmaları onları ortaq strateji baxışa sahib iki dövlətə çevirib. Hələ 2004-cü ildən imzalanan sənədlərlə bünövrəsi qoyulmuş əməkdaşlıq bu gün artıq institusional səviyyəyə keçib. Özbəkistanın 2008-ci ildə Azərbaycanın ərazi bütövlüyünü açıq şəkildə müdafiə etməsi, 2020-ci il Vətən müharibəsindən sonra göstərilən dəstək, münasibətlərin dərin ideoloji və mənəvi əsaslara söykəndiyini sübut edir.

Azərbaycan və Özbəkistan bu gün yalnız siyasi müttəfiq deyil, həm də geosiyasi baxışları uzlaşan, diplomatik müdafiə və beynəlxalq arenada koordinasiyalı fəaliyyət göstərən iki güclü aktordur. Onların müştərək addımları Türk dünyasının gələcək siyasi arxitekturasında da istiqamətverici rol oynayır.

Tutu Kamal qızı

YAP Zəngilan rayon təşkilatının sədr müavini

Digər xəbərlər