PDF Oxu

Siyasət

  • 886

Naxçıvan yeni inkişaf dövründə

image

Dövlət başçısının Sərəncamı ilə "Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət proqramı"nda dəyişiklik edilib

Bu gün dövlət başçısının müəyyənləşdirdiyi inkişaf strategiyasına əsaslanan kompleks quruculuq tədbirləri, həyata keçirilən çoxşaxəli islahatlar Naxçıvandan da yan ötməyib. Naxçıvan bu gün özünün tərəqqi dövrünü yaşayır. Qədim dövlətçilik tarixi olan Naxçıvanın inkişafı Ulu Öndər Heydər Əliyevin adı ilə sıx bağlıdır. Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasının təqribən yarıməsrlik dövrü xalqımızın Ümummilli Lideri Heydər Əliyevin fəaliyyəti ilə sıx bağlıdır. Məhz Ulu Öndərin çoxşaxəli fəaliyyəti sayəsində ölkəmizin bütün regionlarının, o cümlədən Naxçıvanın sosial-iqtisadi inkişafının möhkəm bünövrəsi qoyulmuşdur. Heydər Əliyevin rəhbərliyi ilə 1980-ci illərin əvvəllərində sovet məkanında ən qabaqcıl respublikalardan biri olan Azərbaycanda böyük sosial quruculuq işləri aparılır və bu inkişaf Naxçıvanda da özünü biruzə verib. Azərbaycan müstəqillik qazandıqdan sonrakı mərhələdə, Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra müstəqilliyimizin banisi Heydər Əliyevin inkişaf strategiyası Naxçıvanın da sürətli inkişafına əhəmiyyətli təsir göstərirdi. Ümummilli Lider Heydər Əliyevin Naxçıvanda fəaliyyəti dövründə Ermənistan tərəfindən blokada şəraitində olan regionun sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması və tərəqqisi üçün əhəmiyyətli tədbirlər görülmüş, aqrar islahatlar reallaşdırılmış, infrastrukturun inkişafı istiqamətində mühüm işlər həyata keçirilmişdir. Məhz Ulu Öndərin siyasəti sayəsində Naxçıvanın inkişafının və sabitliyinin davamlılığını təmin etmək üçün regional və beynəlxalq əlaqələr qurulmuş, sonrakı dövr üçün ölkəmizin bütün regionları kimi, Naxçıvanın da sosial-iqtisadi inkişafında möhkəm bünövrə formalaşdırılmışdır.

SOSİAL-İQTİSADİ İNKİŞAFA DAİR DÖVLƏT PROQRAMI

Məlumdur ki: "Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı Naxçıvanın iqtisadi inkişafının davamlılığının təmin edilməsində, infrastrukturun və sosial xidmətlərin daha da yaxşılaşdırılmasındə, əhalinin məşğulluğunun və maddi rifahının yüksəldilməsində mühüm rol oynayır. Yeni mərhələdə qarşıya qoyulmuş hədəflərin reallaşdırılması məqsədilə "Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı" hazırlanmışdır. Dövlət Proqramı Naxçıvan iqtisadi rayonuna daxil olan Naxçıvan şəhəri, Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarını əhatə edir. Dövlət Proqramında Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsinə nail olunması üçün məqsədlər və prioritet istiqamətlər müəyyən edilmişdir. Dövlət Proqramı prioritet istiqamətlər üzrə tədbirlərin maliyyələşmə mənbələrini, regionun sosial-iqtisadi inkişafı sahəsində əldə olunacaq hədəf göstəricilərini özündə ehtiva edir. Dövlət Proqramının əsas hədəf göstəricilərinə əsasən, dayanıqlı inkişaf təmin olunur, məşğulluq imkanları artırılır, əhalinin həyat səviyyəsinin yüksəldilir.

Prezident İlham Əliyev 5 iyun 2023-cü il tarixli sərəncamı ilə təsdiq edilmiş "Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət proqramı"nda dəyişiklik edib. Sərəncama əsasən, Naxçıvanda gömrük sərhəd buraxılış məntəqələrində keçidin sürətləndirilməsi və yükötürmə qabiliyyətinin artırılması istiqamətində iş aparılması üzrə əsas icraçıların siyahısına Dövlət Gömrük Komitəsi ilə yanaşı, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyin, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) və "Azərbaycan Dəmir Yolları" QSC, müxtəlif turizm növlərinin (qış, kənd, eko və s.) inkişaf etdirilməsi və turizm atlasının hazırlanması üzrə digər icraçıların siyahısına Dövlət Turizm Agentliyi ilə yanaşı, Elm və Təhsil Nazirliyi, nəqliyyat infrastrukturunun inkişaf etdirilməsi üzrə əsas icraçıların siyahısına muxtar respublikanın Nazirlər Kabineti ilə yanaşı AAYDA daxil edilib.

"BÜTÜN ŞƏHƏRLƏRİMİZDƏ GEDƏN QURUCULUQ, ABADLIQ İŞLƏRİ GÖSTƏRİR Kİ, BİZ DÜZGÜN YOLDAYIQ"

Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində, ölkəmiz getdikcə daha da yeniləşir, iqtisadi islahatları reallaşdıran və innovativ inkişafa yol açan dövlətə çevrilir. Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi sosial-iqtisadi inkişaf strategiyası Azərbaycan Prezidenti Cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsinin nəticəsində ölkəmizin qeyri-neft sənayesi də dinamik inkişaf edir, qabaqcıl texnologiyalara əsaslanan yeni istehsal və emal müəssisələri yaradılır. Hazırda bu istiqamətdə aparılan işlər ölkənin bütün regionlarında uğurla davam etdirilir. Ölkənin iqtisadi inkişafının baza sütunlarından biri olan regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının icrası bütün mövcud problemləri, insanları narahat edən sosial məsələləri əhatə edərək ölkəmizin dinamik inkişafını təmin etməklə yanaşı, bölgələrin potensialının artmasına və əhalinin rifahının yüksəlməsinə geniş şərait yaradıb. Dövlət proqramlarının icrası istiqamətində görülən işlər nəticəsində ölkənin hər yerində genişmiqyaslı abadlıq-quruculuq işləri həyata keçirilib. Cənab İlham Əliyevin vurğuladığı kimi əsas məqsədimiz Azərbaycanın inkişafını daha da sürətləndirməkdir, dayanıqlı, uzunmüddətli inkişafa nail olmaqdır və biz buna nail ola bilmişik: "Bugünkü reallıqlar, bölgələrimizin çiçəklənməsi, bütün şəhərlərimizdə gedən quruculuq, abadlıq işləri göstərir ki, biz düzgün yoldayıq". Bütün bunlar ölkədə yaradılmış siyasi sabitliklə yanaşı, iqtisadiyyatın şaxələndirilməsi, biznes və investisiya mühitinin davamlı olaraq yaxşılaşdırılması, sahibkarlığın inkişafı, eləcə də mövcud çağırışların tələblərinə uyğun çevik iqtisadi islahat tədbirləri sayəsində mümkün olub.

İNKİŞAF DÖVRÜNDƏ ƏLDƏ EDİLƏN NAİLİYYƏTLƏR

Müasir dövrümüzdə Naxçıvanda bütün sosial, iqtisadi, infrastruktur və hərbi məsələlər yüksək səviyyədə öz həllini tapır. Naxçıvan Muxtar Respublikasının çoxşaxəli iqtisadiyyatının formalaşdırılması və sosial sahənin inkişafı üzrə mühüm tədbirlər həyata keçirilir. Tarixi İpək Yolunun üstündə yerləşən, geostrateji əhəmiyyətə malik, türk dünyasının birliyi və həmrəyliyində oynadığı rolu ilə Naxçıvan fərqlənib. Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı sahəsində 2004-cü ildən etibarən qəbul edilmiş dövlət proqramlarında nəzərdə tutulan tədbirlərin icrası Naxçıvan Muxtar Respublikasında iqtisadiyyatın inkişafı, yeni iş yerlərinin və müəssisələrin yaradılması, kommunal və sosial infrastruktur təminatı səviyyəsinin yüksəlməsi ilə nəticələnib. Hazırda bu imkanlardan istifadə edilməklə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi həyatında, o cümlədən kənd yerlərində iqtisadi fəaliyyətin sürətləndirilməsi, əlverişli biznes mühitinin formalaşdırılması, investisiyaların cəlb edilməsi nəticəsində ixracyönlü dəyər zəncirinin qurulması və dayanıqlı iş yerlərinin yaradılması istiqamətlərində işlərin yeni keyfiyyət mərhələsinə keçməsi əsas prioritetlərdən birinə çevrilmişdir.

Ölkədə regionların hərtərəfli inkişafı sahəsində 2004-cü ildən başlanılmış məqsədyönlü tədbirlər nəticəsində Naxçıvan Muxtar Respublikasında görülmüş işlər infrastruktur layihələrinin həyata keçirilməsinə, Naxçıvan Muxtar Respublikasında qazlaşdırmanın tam təmin edilməsinə, enerji təchizatının yaxşılaşdırılmasına, müasir yolların inşasına, sosial infrastruktur obyektlərinin tikintisinə, yeni müəssisələrin yaradılmasına və iş yerlərinin açılmasına səbəb olub. Dövlət Proqramında qeyd olunduğu kimi, Naxçıvan Muxtar Respublikasında sənaye sahəsində fəaliyyət göstərən mikro, kiçik və orta sahibkarların fəaliyyətinin dəstəklənməsi, sənayenin davamlı inkişafının təmin edilməsi və əhalinin istehsal sahəsində məşğulluğunun artırılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 13 sentyabr tarixli 831 nömrəli Fərmanı ilə Şərur Sənaye Məhəlləsi yaradılıb, investisiya fəaliyyətinin genişləndirilməsi və təşviqi, iqtisadiyyata sərmayə qoyuluşunun stimullaşdırılması üçün son 5 il ərzində 18 sahibkarlıq subyektinə 24 investisiya təşviqi sənədi təqdim edilib. İnvestisiya təşviqi sənədi çərçivəsində idxal olunan 77,9 milyon manat dəyərində avadanlığa gömrük və vergi güzəştləri tətbiq edilib. İxracın stimullaşdırılması məqsədilə müxtəlif ölkələrdə keçirilmiş tədbirlərdə yerli sahibkarlıq subyektinin dövlət dəstəyi ilə iştirakı təmin edilib və istehsal olunan məhsullar nümayiş etdirilib. Ötən dövrdə torpaqların suvarma və meliorasiya təminatının yaxşılaşdırılması, torpaq və su ehtiyatlarından səmərəli istifadə edilməsi istiqamətində tutumu 100 milyon kubmetr olan Heydər Əliyev su anbarı istifadəyə verilib. Elektrik enerjisi təchizatının yaxşılaşdırılması istiqamətində 169,8 meqavat gücündə 10 elektrik stansiyası, o cümlədən 87 meqavat gücündə Naxçıvan Modul Elektrik Stansiyası, 4,5 meqavat gücündə Heydər Əliyev su anbarı üzərində su elektrik stansiyası, Ordubad rayonunda Gilançay üzərində 20 meqavat gücündə "Biləv" su elektrik stansiyası, Şərur rayonu ərazisində 20,5 meqavat gücündə "Arpaçay-1" və 1,4 meqavat gücündə "Arpaçay-2" su elektrik stansiyaları, Babək rayonunun Xalxal kəndi ərazisində 22 meqavat gücündə Naxçıvan günəş elektrik stansiyası, Kəngərli rayonunda 5 meqavat gücündə, Şərur rayonunda 8 meqavat gücündə günəş elektrik stansiyaları, Culfa rayonunda 1,1 meqavat gücündə Külək-Günəş Hibrid Elektrik Stansiyası və 0,3 meqavat gücündə Culfa külək elektrik stansiyası istifadəyə verilib. Təbii qazla təchizat tam olaraq başa çatdırılıb, 27 kilometr uzunluğunda Naxçıvan–Şahbuz ortatəzyiqli və 82,2 kilometr uzunluğunda Naxçıvan–Sədərək yüksəktəzyiqli magistral qaz kəmərləri tikilib istifadəyə verilib.

YENİ ÇAĞIRIŞLAR - ÇEVİK VƏ SƏMƏRƏLİ YANAŞMALAR

Naxçıvan şəhərinin və onun inzibati ərazisinə daxil olan yaşayış məntəqələrinin əhalisini içməli su və kanalizasiya xidməti ilə təmin etmək üçün gün ərzində 40 min kubmetr sutəmizləmə və 32 min kubmetr tullantı sutəmizləmə gücünə malik olan qurğular və ümumi tutumu 25 min kubmetr olan 3 su anbarı tikilib. Naxçıvan şəhərində, Əliabad qəsəbəsində, Tumbul, Hacıniyyət, Qaraçuq, Qaraxanbəyli və Bulqan kəndlərində su xətti və kanalizasiya şəbəkəsi quraşdırılıb. Rabitə və informasiya texnologiyalarının tətbiqi sahəsində 1685,7 kilometr fiber-optik xətt çəkilib. Naxçıvan Hava Limanı regionun aviasiya nəqliyyat əlaqəsi üçün yeganə vasitə olub və 2004-cü ildən Beynəlxalq Hava Limanı statusu qazanıbdır. Ötən müddətdə Ağbulaq istirahət və xizək mərkəzi, Duzdağ fizioterapiya mərkəzi və digər turizm obyektləri fəaliyyətə başlamış, regionda fəaliyyət göstərən mehmanxanaların sayı artmışdır. Ətraf mühitin mühafizəsi, yaşıllaşdırma, yol kənarlarında meşə zolaqlarının salınması istiqamətində işlər görülüb, eləcə də Arazboyu Dövlət Təbiət Yasaqlığı, Arpaçay Dövlət Təbiət Yasaqlığı və Akademik Həsən Əliyev adına Azərbaycan Respublikasının Zəngəzur Milli Parkı yaradılıb. Regionların sosial-iqtisadi inkişafı sahəsində qəbul edilmiş dövlət proqramlarının icrası nəticəsində bölgədə idman obyektləri, mədəniyyət müəssisələri tikilmiş və ya təmir olunmuş, müasir standartlara uyğun təhsil və səhiyyə müəssisələri əhalinin istifadəsinə verilib. Beləliklə, Naxçıvan Muxtar respublikasında görülən işlərin sayı durmadan artır.

Mövcud çağırışlar Naxçıvanın daha inkişaf və yüksəlişinə təkan olacaq. Dövlət Proqramı davamlı iqtisadi artımın təmin edilməsi və vətəndaşların həyat səviyyəsinin yaxşılaşdırılması sayəsində Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının sürətləndirilməsini və ölkə iqtisadiyyatına tam inteqrasiyasını təmin etməkdədir. Bildiymiz kimi, bu məqsədlərə nail olmaq üçün 2023–2027-ci illər üçün 11 prioritet istiqamət müəyyən olunmuşdu. Naxçıvan Muxtar Respublikasının iqtisadi-coğrafi mövqeyindən, təbii ehtiyatlarından, sosial-iqtisadi potensialından və tranzit imkanlarından səmərəli istifadə etməklə çatışmazlıqlar aradan qaldırılır və iqtisadi inkişafın sürətləndirilməsi məqsədi ilə tədbirlər həyata keçirilir. Mütərəqqi dünya təcrübəsi göstərir ki, hər bir ölkənin, onun regionlarının, şəhər və kəndlərinin sosial-iqtisadi inkişafında çevik və səmərəli yanaşmaların və innovativ həllərin tətbiqi mühüm rol oynayır.

Nəzakət ƏLƏDDİNQIZI

Digər xəbərlər