PDF Oxu

Siyasət

  • 284

Qüdrətli dövlətçiliyin və sarsılmaz iradənin təntənəsi: 25 Noyabr – Kəlbəcər Şəhəri Günü - ŞƏRH

Qüdrətli dövlətçiliyin və sarsılmaz iradənin təntənəsi: 25 Noyabr – Kəlbəcər Şəhəri Günü - ŞƏRH

Azərbaycanın müasir tarixində ərazi bütövlüyünün və dövlət suverenliyinin bərpası ilə səciyyələnən zəfər salnaməsinin ən parlaq səhifələrindən biri də 25 Noyabr – Kəlbəcər Şəhəri Günüdür. 2020-ci ilin 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun qazandığı tarixi Qələbə nəticəsində imzalanmış 10 noyabr Üçtərəfli Bəyanatına əsasən, bir güllə belə atılmadan, siyasi və hərbi qətiyyətin diktəsi ilə azad edilən Kəlbəcər rayonu 27 ildən artıq davam edən işğaldan sonra öz həqiqi sahiblərinə qovuşdu. Prezident İlham Əliyevin 2023-cü il 31 iyul tarixli Sərəncamı ilə təsis edilən bu əlamətdar gün təkcə bir rayonun işğaldan azad olunması deyil, həm də Azərbaycan diplomatiyasının və hərbi gücünün mürəkkəb coğrafi relyefə malik strateji bölgə üzərində tam nəzarəti bərpa etməsinin rəmzi kimi qeyd olunur.
1993-cü il aprelin 2-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilən Kəlbəcər özünün strateji mövqeyi, zəngin təbii sərvətləri və qədim tarixi-mədəni irsi ilə Azərbaycanın ən mühüm bölgələrindən biridir. İşğal dövründə rayonun infrastrukturu tamamilə dağıdılmış, əsrlərin yadigarı olan tarixi abidələr, məscidlər və monastırlar vandalizmə məruz qalmış, unikal ekoloji mühitə və mineral su ehtiyatlarına ağır zərbə vurulmuşdur. Buna baxmayaraq, kəlbəcərlilər öz doğma yurdlarına qayıtmaq inamını heç vaxt itirməmiş, dövlətin ardıcıl və məqsədyönlü siyasəti isə bu tarixi ədalətin bərpasını reallığa çevirmişdir. Xüsusilə Murovdağ yüksəkliyinin azad edilməsi və şimal istiqamətindəki strateji mövqelərin ələ keçirilməsi düşməni Kəlbəcəri tərk etməyə məcbur edən həlledici hərbi-siyasi amillər sırasındadır.
Bu gün Kəlbəcər rayonunda Azərbaycan dövlətinin iqtisadi gücünü və quruculuq əzmini nümayiş etdirən genişmiqyaslı bərpa və yenidənqurma işləri həyata keçirilir. Bölgənin sərt dağlıq relyefini nəzərə alaraq həyata keçirilən ən mühüm infrastruktur layihələrindən biri olan Toğanalı–Kəlbəcər–İstisu avtomobil yolu və Murovdağ tuneli rayonun ölkənin digər hissələri ilə fasiləsiz və təhlükəsiz əlaqəsini təmin edən mühəndislik möcüzəsi kimi dəyərləndirilir. Eyni zamanda, rayonda müasir yol-nəqliyyat şəbəkəsinin qurulması, energetika infrastrukturunun yenilənməsi, kiçik su elektrik stansiyalarının istismara verilməsi Kəlbəcərin dayanıqlı enerji təminatına və "yaşıl enerji" zonasına çevrilməsinə xidmət edir.
Böyük Qayıdış proqramı çərçivəsində Kəlbəcər şəhərində və kəndlərində müasir şəhərsalma standartlarına uyğun yaşayış komplekslərinin, məktəblərin, səhiyyə müəssisələrinin inşası sürətlə davam etdirilir. Məşhur "İstisu" sanatoriyasının yenidən qurulması və turizm infrastrukturunun formalaşdırılması Kəlbəcərin yaxın gələcəkdə həm ölkə daxilində, həm də beynəlxalq miqyasda aparıcı sağlamlıq və ekoturizm mərkəzlərindən birinə çevriləcəyindən xəbər verir. Kənd təsərrüfatının, xüsusilə heyvandarlıq və arıçılığın inkişafı üçün yaradılan şərait isə doğma torpaqlarına qayıdan sakinlərin məşğulluğunun və rifahının təmin olunmasında mühüm rol oynayır.
25 Noyabr – Kəlbəcər Şəhəri Günü müasir Azərbaycan dövlətçiliyinin gücünü, xalq-iqtidar birliyinin sarsılmazlığını və tarixi ədalətin gec-tez zəfər çaldığını bir daha bütün dünyaya nümayiş etdirir. Bu gün Kəlbəcərdə dalğalanan üçrəngli Dövlət Bayrağı şəhidlərimizin müqəddəs ruhuna ehtiramın, qazilərimizin qəhrəmanlığının və Azərbaycanın işıqlı sabahına olan sarsılmaz inamın əbədi simvoludur.

Yusif Abbasov
YAP Naftalan şəhər təşkilatının əməkdaşı

Digər xəbərlər