Xalqlar arasında dostluq münasibətləri yalnız müəyyən tarixi hadisələrlə deyil, zamanın sınağından keçən qarşılıqlı hörmət, etimad, həmrəylik və mənəvi dəyərlərlə ölçülür. Azərbaycan və Vyetnam arasında mövcud olan münasibətlər də məhz bu prinsiplər üzərində formalaşmış, uzun illər ərzində inkişaf edərək bu gün çoxşaxəli əməkdaşlıq səviyyəsinə yüksəlmişdir. Bu əlaqələrin tarixinə nəzər saldıqda görürük ki, onların təməlində yalnız diplomatik münasibətlər deyil, həm də xalqlarımızın bir-birinə göstərdiyi səmimi münasibət, çətin dövrlərdə nümayiş etdirdiyi dəstək və gələcəyə yönəlmiş əməkdaşlıq dayanır.
1959-cu ildə Vyetnam Demokratik Respublikasının Prezidenti Ho Şi Minin Bakıya unudulmaz səfəri Azərbaycan–Vyetnam dostluğunun tarixində mühüm bir mərhələ təşkil edir. Həmin səfər iki xalq arasında münasibətlərin inkişafına təkan verməklə yanaşı, Azərbaycanın Vyetnamın iqtisadi və sənaye potensialının formalaşmasına verdiyi töhfələrin də başlanğıcını qoydu. Ho Şi Minin Azərbaycana səfəri zamanı neft sənayesi, mütəxəssis hazırlığı və təcrübə mübadiləsi məsələlərinə xüsusi diqqət yetirilməsi təsadüfi deyildi. Azərbaycanın zəngin neft təcrübəsi Vyetnam üçün mühüm əhəmiyyət daşıyırdı. Bu əməkdaşlıq nəticəsində azərbaycanlı mütəxəssislər Vyetnamda çalışaraq ölkənin neft sənayesinin inkişafına, sənaye infrastrukturunun qurulmasına və peşəkar kadrların hazırlanmasına öz töhfələrini verdilər. Həmin dövrdə vyetnamlı gənclərin Azərbaycanda təhsil alması da iki ölkə arasında münasibətlərin humanitar əsaslarını gücləndirdi. Beləliklə, əməkdaşlıq yalnız sənaye və iqtisadiyyatla məhdudlaşmadı, elm, təhsil və insan münasibətləri vasitəsilə daha geniş məzmun qazandı.
Azərbaycan–Vyetnam dostluğunun inkişafında Ümummilli Lider Heydər Əliyevin xüsusi xidmətləri olmuşdur. 1983-cü ildə onun rəhbərlik etdiyi nümayəndə heyətinin Vyetnama səfəri iki ölkə arasındakı əlaqələrin möhkəmlənməsində mühüm rol oynadı. Səfər çərçivəsində keçirilən görüşlər və əldə olunan razılaşmalar Vyetnamın müxtəlif sahələrdə inkişafına dəstək olmaqla yanaşı, uzunmüddətli əməkdaşlıq üçün yeni imkanlar yaratdı. Heydər Əliyevin beynəlxalq münasibətlərə, xalqlar arasında dostluğun qorunmasına və əməkdaşlığın genişləndirilməsinə verdiyi önəm bu tarixi münasibətlərin formalaşmasında da özünü göstərirdi. Məhz bu tarixi irs sonrakı illərdə də qorunub saxlanıldı. 1992-ci il sentyabrın 23-də Azərbaycanla Vyetnam arasında diplomatik münasibətlərin qurulması dostluğun dövlətlərarası münasibətlər səviyyəsində yeni mərhələyə keçməsini təmin etdi. 2013-cü ildə Azərbaycanın Hanoyda səfirliyinin fəaliyyətə başlaması, 2014-cü ildə Prezident İlham Əliyevin Vyetnama dövlət səfəri və 2015-ci ildə Vyetnam Prezidentinin Azərbaycana səfəri ikitərəfli əlaqələrin inkişafına yeni impuls verdi. Bu səfərlər siyasi dialoqun genişlənməsinə, iqtisadi, elmi-texniki və humanitar əməkdaşlığın dərinləşməsinə şərait yaratdı. Azərbaycan–Vyetnam münasibətlərinin ən diqqətçəkən cəhətlərindən biri bu dostluğun yalnız dövlət rəhbərləri səviyyəsində deyil, həm də insanların gündəlik həyatında, təhsilində, peşə fəaliyyətində və mədəni əlaqələrində özünü göstərməsidir. Çünki dövlətlər arasında qurulan münasibətlərin davamlılığı, ilk növbədə, xalqların bir-birini tanıması və qarşılıqlı etimadın formalaşması ilə bağlıdır.
Azərbaycanın Vyetnamla münasibətlərində humanitar fəaliyyət xüsusi yer tutur. Bu istiqamətdə Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələr diqqətəlayiq nümunələrdəndir. Fondun dəstəyi ilə 2018-ci ildə Vyetnamın Ha Giang əyalətinin ucqar dağlıq ərazisində yerləşən Giap Trung yaşayış məntəqəsində ibtidai məktəb inşa edilərək istifadəyə verilmişdir. Bu layihə, ilk növbədə, uşaqların təhsil almaq imkanlarının genişləndirilməsinə və onların gələcəyinə töhfə verməyə xidmət edir. Təhsil müəssisəsinin tikilməsi sadəcə bir binanın istifadəyə verilməsi deyil. Bu, bir çox uşağın daha yaxşı təhsil şəraiti əldə etməsi, yeni biliklər qazanması və gələcək həyatını qurmaq üçün imkanlarının genişlənməsi deməkdir. Mənim üçün də bu cür təşəbbüslərin xüsusi mənəvi əhəmiyyəti var. Çünki təhsil sahəsində çalışan bir insan kimi yaxşı bilirəm ki, uşağa yaradılan hər bir imkan onun gələcəyinə qoyulan sərmayədir. Uşaqların təhsilə çıxışının təmin edilməsi yalnız bir ölkənin deyil, bütün bəşəriyyətin ortaq məsuliyyətidir.
2025-ci ilin aprel ayında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın Vyetnama səfəri də humanitar və təhsil əlaqələrinin inkişafında mühüm hadisə oldu. Səfər çərçivəsində Vyetnamın dövlət və təhsil nümayəndələri, yaradıcı ziyalıları, eləcə də Azərbaycanda təhsil almış vyetnamlı məzunlarla görüşlər keçirildi. Hanoy Ticarət və Turizm Kollecinə Heydər Əliyev Fondu tərəfindən maliyyə dəstəyinin göstərilməsi iki ölkə arasında təhsil sahəsində əməkdaşlığın genişləndirilməsinə yönəlmiş mühüm addımlardan biri kimi qiymətləndirilə bilər. Bu faktlar göstərir ki, Azərbaycan öz humanitar fəaliyyətində coğrafi məsafədən asılı olmayaraq insanların həyatına, xüsusilə də uşaqların və gənclərin gələcəyinə diqqət yetirir. Xeyriyyəçiliklə yanaşı, elm və təhsil əməkdaşlığının da dinamik şəkildə inkişaf etməsi dövlətlərarası münasibətlərə daha dərin məzmun qazandırır.
Azərbaycanla Vyetnam arasında təhsil əlaqələrinin zəngin tarixi var. Sovet dövründə təxminən 5 min Vyetnam vətəndaşının Azərbaycanda təhsil alması bu sahədə əməkdaşlığın miqyasını göstərən mühüm faktdır. Onların bir çoxu sonradan Vyetnama qayıdaraq müxtəlif dövlət və ictimai strukturlarda, sənaye və digər sahələrdə fəaliyyət göstərmiş, qazandıqları bilik və təcrübəni öz ölkələrinin inkişafına yönəltmişlər.
Burada diqqətçəkən məqam ondan ibarətdir ki, vaxtilə Azərbaycanda təhsil almış həmin gənclər bu gün iki xalq arasında canlı dostluq körpüsünə çevriliblər. Onlar Azərbaycanı yalnız təhsil aldıqları ölkə kimi deyil, həyatlarının mühüm mərhələsinin keçdiyi, peşəkar formalaşmalarına töhfə verən doğma bir məkan kimi xatırlayırlar. 2025-ci ildə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində Ho Şi Minin xatirə otağının açılması da bu tarixi bağların yaşadılmasının rəmzi ifadəsidir. Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lamın iştirakı ilə keçirilən bu tədbir Ho Şi Minin 135 illik yubileyinə həsr olunmuşdu. Belə təşəbbüslər tarixi yaddaşın qorunması, gənc nəslin iki ölkə arasındakı dostluğun kökləri barədə məlumatlandırılması baxımından xüsusi əhəmiyyət daşıyır.
Müasir dövrdə elm və təhsil sahəsində əməkdaşlığın daha geniş imkanları mövcuddur. Universitetlər arasında imzalanan əməkdaşlıq sazişləri və anlaşma memorandumları, tələbə və müəllim mübadiləsi, birgə elmi tədqiqatlar, təqaüd və təhsil qrantları bu münasibətlərin inkişafına xidmət edir. Qoşulmama Hərəkatına üzv dövlətlərin vətəndaşları üçün yaradılmış təhsil imkanlarından Vyetnam gənclərinin də yararlana bilməsi bu əməkdaşlığın əhatəsini genişləndirir. Təhsil sahəsində əməkdaşlığın ən böyük üstünlüyü onun nəticələrinin uzun illər ərzində özünü göstərməsidir. Bu gün bir universitetdə təhsil alan gənc sabah öz ölkəsinin mütəxəssisi, müəllimi, alimi və ya rəhbər şəxsi ola bilər. O, aldığı biliklərlə yanaşı, təhsil aldığı ölkənin dilini, mədəniyyətini, insanlarını və mənəvi dəyərlərini də tanıyır. Beləliklə, təhsil yalnız fərdi inkişaf vasitəsi deyil, həm də xalqlar arasında qarşılıqlı anlaşmanın və dostluğun möhkəmləndirilməsinin mühüm amilidir.
Azərbaycan və Vyetnam arasında qarşılıqlı mədəni fəaliyyət təhsil əlaqələrini ahəngdar şəkildə tamamlayır. Çünki xalqların bir-birini tanıması yalnız rəsmi görüşlər və sənədlərlə məhdudlaşmır. Musiqi, ədəbiyyat, kino, incəsənət və milli mətbəx də bu tanışlığın mühüm vasitələridir. Azərbaycanın görkəmli bəstəkarı Qara Qarayevin 1955-ci ildə “Vyetnam süitası” əsərini yaratması mədəni əlaqələrimizin tarixi köklərini nümayiş etdirən nümunələrdəndir. Əsər ilk sovet-vyetnam sənədli filmi üçün bəstələnmişdi. Digər mühüm şəxsiyyət isə Azərbaycan kinorejissoru Əjdər İbrahimovdur. O, 1959–1962-ci illərdə Vyetnamda çalışaraq ölkənin milli kino məktəbinin formalaşmasına, yerli rejissor və aktyorların hazırlanmasına mühüm töhfələr vermişdir. Vyetnamda göstərdiyi xidmətlərə görə yüksək dövlət mükafatı ilə təltif olunması da onun fəaliyyətinə verilən qiymətin göstəricisidir. Bu gün mədəni əlaqələr yeni layihələr və tədbirlər vasitəsilə davam etdirilir. Azərbaycanda mütəmadi olaraq Vyetnam günlərinin keçirilməsi, Vyetnamın tarixi, incəsənəti və milli mədəniyyətinin təqdim olunması xalqlarımızın bir-birinə marağını artırır. 2026-cı ildə Vyetnam günlərinin ilk dəfə Bakı və Qəbələ şəhərlərində keçirilməsi bu təşəbbüsün coğrafiyasının genişlənməsini göstərir.
Vyetnamlı şair Mai Van Phanın “Sübh çağı” adlı şeirlər toplusunun Azərbaycanda nəşr edilməsi də ədəbi əlaqələrin inkişafı baxımından əlamətdar hadisədir. Ədəbiyyatın dili, milliyyəti və sərhədi yoxdur. Bir xalqın şairinin düşüncələrinin başqa bir xalqın oxucusuna çatdırılması fərqli mədəniyyətlər arasında mənəvi yaxınlıq yaradır. Mədəniyyətlərarası dialoqun inkişafı həm də gənc nəslin dünyagörüşünün formalaşmasına müsbət təsir göstərir. Müxtəlif xalqların adət-ənənələrini, musiqisini, ədəbiyyatını və tarixini tanıyan gənclər fərqliliklərə hörmət etməyi, başqa mədəniyyətləri anlamağı öyrənirlər. Bu isə daha tolerant, qarşılıqlı hörmətə əsaslanan cəmiyyətlərin formalaşmasına xidmət edir.
Azərbaycan–Vyetnam münasibətlərinin müasir mərhələsi siyasi, iqtisadi və humanitar əməkdaşlığın yeni imkanları ilə səciyyələnir. 2025-ci il mayın 7-də Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lamın Azərbaycana dövlət səfəri çərçivəsində iki ölkə arasında Strateji Tərəfdaşlığın yaradılması haqqında Birgə Bəyanatın qəbul edilməsi münasibətlər tarixində mühüm hadisəyə çevrildi. Bu sənəd Azərbaycan və Vyetnam arasında qarşılıqlı etimadın, suverenliyə hörmətin və bərabərhüquqlu əməkdaşlığın daha yüksək səviyyəyə çatdırılmasını ifadə edir. Energetika, ticarət, investisiya, nəqliyyat, kənd təsərrüfatı, müdafiə, informasiya texnologiyaları, elm, təhsil və mədəniyyət kimi sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün yeni istiqamətlər müəyyənləşdirildi. Prezident İlham Əliyevin 2026-cı il noyabrın 20–21-də Vyetnama rəsmi səfəri isə bu tərəfdaşlığın inkişafında növbəti mühüm mərhələ oldu. Səfər zamanı Vyetnam Prezidenti To Lamla keçirilən görüşlərdə ikitərəfli münasibətlərin geniş gündəliyi müzakirə edildi. Noyabrın 21-də qəbul edilən Birgə Bəyanatda 2025-ci ildə yaradılmış Strateji Tərəfdaşlığın həyata keçirilməsi, prioritet əməkdaşlıq sahələri və gələcək fəaliyyət istiqamətləri bir daha təsdiqləndi. Sənəddə təhsil sahəsində ikitərəfli təqaüdlərin nəzərdən keçirilməsi, birgə elmi tədqiqat layihələrinin həyata keçirilməsi, müəllim, tələbə və tədqiqatçıların müntəzəm mübadiləsi xüsusi yer tutur. Mədəniyyət və tarix sahəsində tədbirlərin keçirilməsi, turizmin inkişafı, xalqlar arasında əlaqələrin genişləndirilməsi, eləcə də iki ölkə arasında birbaşa uçuşların açılmasının təşviqi də qarşıya qoyulan istiqamətlər sırasındadır. Səfər zamanı iqtisadi və enerji əməkdaşlığı ilə yanaşı, nəqliyyat-logistika imkanları da diqqət mərkəzində olub. Azərbaycanın beynəlxalq nəqliyyat dəhlizlərindəki mövqeyi, xüsusilə Orta Dəhliz vasitəsilə Vyetnamın Avropa bazarlarına çıxış imkanlarının genişləndirilməsi üçün perspektivlər yaradır. Bu isə münasibətlərin yalnız ənənəvi sahələrdə deyil, müasir iqtisadi çağırışlara uyğun istiqamətlərdə də inkişaf etdiyini göstərir.
Cənab Prezident İlham Əliyevin səfər ərəfəsində Vyetnam Xəbər Agentliyinə verdiyi müsahibədə humanitar, elmi və təhsil əlaqələrinə xüsusi yer ayırması da diqqətəlayiqdir. Dövlət başçısının vurğuladığı kimi, iki ölkə arasında münasibətlərin inkişafında tarixi dostluq ənənələri mühüm rol oynayır. Bu ənənələrin müasir dövrdə konkret layihələrlə davam etdirilməsi isə tərəfdaşlığın real nəticələrini ortaya qoyur. Azərbaycan–Vyetnam münasibətlərinin bugünkü inkişafı tarixi dostluğun müasir dövrün tələblərinə uyğun şəkildə yeniləndiyini göstərir. Əgər ötən əsrdə bu əlaqələrin əsasını sənaye, mütəxəssis hazırlığı və təhsil mübadiləsi təşkil edirdisə, bu gün həmin əməkdaşlıq daha geniş sahələri əhatə edir. Ən vacibi isə tarixi yaddaşın qorunması ilə yanaşı, gələcək üçün yeni imkanların yaradılmasıdır. Azərbaycan və Vyetnam arasında dostluq münasibətləri uzun illərin sınağından keçmiş, müxtəlif tarixi mərhələlərdə özünü təsdiqləmiş və bu gün strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmişdir. Bu münasibətlərin gücü yalnız imzalanan sənədlərdə, keçirilən görüşlərdə deyil, həm də təhsil alan gənclərdə, biliklərini bölüşən mütəxəssislərdə, mədəniyyətlərini təqdim edən sənət adamlarında və bir-birinə dəstək göstərən xalqların mənəvi yaxınlığında öz əksini tapır. Xalqlar arasında ən möhkəm bağ gələcəyə yönəlmiş ortaq dəyərlər üzərində qurulan bağdır. Tarixdən gələn dostluğun elm, təhsil, humanitar təşəbbüslər və mədəniyyət vasitəsilə davam etdirilməsi bu münasibətlərin uzunömürlülüyünü təmin edən əsas amillərdəndir. Bu gün Azərbaycan və Vyetnam arasında mövcud olan əməkdaşlıq da məhz belə bir inkişaf yolunu nümayiş etdirir.
Dostluq tarixlə başlayır, qarşılıqlı etimadla möhkəmlənir, elm və təhsillə gələcəyə daşınır. Azərbaycan–Vyetnam münasibətlərinin keçdiyi yol bu fikrin aydın ifadəsidir.
Səriyyə Əhmədova
Yeni Azərbaycan Partiyası Naxçıvan şəhər təşkilatı “Babək məhəlləsi 8” ünvanında yerləşən ərazi partiya təşkilatının sədri,
Yeni Azərbaycan Partiyası Naxçıvan şəhər təşkilatının fəal üzvü