25 noyabr Azərbaycan xalqının yaddaşında xüsusi yer tutan, tarixi ədalətin bərpasını, milli iradənin təntənəsini və doğma torpaqlara qayıdışın sevincini özündə birləşdirən əlamətdar gündür. Bu tarix Kəlbəcərin işğaldan azad olunmasının, xalqımızın uzun illər davam edən yurd həsrətinin sona çatmasının və Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində əldə etdiyi tarixi nailiyyətlərin rəmzidir. Hər il noyabrın 25-də qeyd olunan Kəlbəcər Şəhəri Günü xalqımızın qəhrəmanlıq salnaməsinə yazılmış şanlı səhifələrdən birini yenidən xatırladır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı Sərəncama əsasən, 25 noyabr Kəlbəcər Şəhəri Günü kimi təsis edilmişdir. Bu qərar Vətən müharibəsində qazanılmış tarixi Qələbənin əbədiləşdirilməsi, işğaldan azad edilmiş şəhərlərimizin şanlı tarixinin gələcək nəsillərə çatdırılması baxımından mühüm əhəmiyyət daşıyır.
Kəlbəcər Azərbaycanın qədim tarixə, zəngin mədəniyyətə, füsunkar təbiətə və böyük iqtisadi potensiala malik bölgələrindən biridir. Kiçik Qafqazın qoynunda yerləşən bu qədim diyar uca dağları, yaşıl meşələri, şəfalı mineral bulaqları, gur çayları və əsrarəngiz təbiəti ilə seçilir. Kəlbəcər yalnız təbii gözəllikləri ilə deyil, həm də minilliklərə söykənən tarixi-mədəni irsi ilə Azərbaycan xalqının milli sərvətidir.
Rayonun ərazisində yerləşən Xudavəng monastır kompleksi, qədim yaşayış məskənləri, qayaüstü təsvirlər və digər tarixi abidələr bu torpağın zəngin keçmişindən xəbər verir. Kəlbəcərin hər bir guşəsi Azərbaycan tarixinin, mədəniyyətinin və milli yaddaşının ayrılmaz hissəsidir. Bu diyarın təbii sərvətləri, turizm imkanları və strateji coğrafi mövqeyi onun ölkəmiz üçün əhəmiyyətini daha da artırır.
Lakin 1993-cü il aprelin 2-də Kəlbəcərin Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsi xalqımızın yaddaşında ağır faciə kimi qaldı. İşğal nəticəsində minlərlə insan doğma ev-eşiyindən didərgin düşdü, ailələr öz ata-baba yurdlarından ayrılmaq məcburiyyətində qaldılar. Kəlbəcərin yaşayış məntəqələri dağıdıldı, tarixi-mədəni abidələrinə ciddi ziyan vuruldu, təbii sərvətləri talan edildi. Uzun illər ərzində kəlbəcərlilər doğma torpaqlarına qayıtmaq ümidi ilə yaşadılar.
Azərbaycan xalqı heç vaxt torpaqlarımızın işğalı ilə barışmadı. Ölkəmiz bütün beynəlxalq platformalarda öz ərazi bütövlüyünün bərpasını tələb etdi, güclü dövlət quruculuğu və ordu quruculuğu istiqamətində ardıcıl siyasət həyata keçirdi. Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik strategiyası müstəqil Azərbaycanın siyasi və iqtisadi inkişafının möhkəm əsaslarını formalaşdırdı. Bu siyasi kurs Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildi.
2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi Azərbaycan xalqının tarixi ədaləti bərpa etmək əzmini bütün dünyaya nümayiş etdirdi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu 44 gün ərzində misilsiz qəhrəmanlıq göstərərək torpaqlarımızı işğaldan azad etdi. Azərbaycan əsgərinin döyüş meydanında nümayiş etdirdiyi şücaət, xalqımızın birliyi və dövlətimizin qətiyyətli siyasəti tarixi Zəfərin əldə olunmasını təmin etdi.
2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanata uyğun olaraq, noyabrın 25-də Kəlbəcər rayonu Azərbaycana qaytarıldı. Bununla da 27 ildən artıq davam edən işğala son qoyuldu və kəlbəcərlilərin doğma yurda qayıdış arzusu gerçəkləşdi. Bu hadisə Azərbaycanın hərbi-siyasi qüdrətinin, diplomatik iradəsinin və milli birliyinin parlaq təcəssümü kimi tarixə düşdü.
Kəlbəcərin azad olunması Azərbaycan xalqının yaddaşında əbədi yaşayacaq qəhrəmanlıq salnaməsidir. Bu Zəfərin qazanılmasında canından keçən şəhidlərimizin, sağlamlığını itirən qazilərimizin və döyüşlərdə iştirak edən hər bir hərbi qulluqçumuzun xidmətləri misilsizdir. Onların fədakarlığı sayəsində bu gün Azərbaycan bayrağı Kəlbəcərdə qürurla dalğalanır. Şəhidlərimizin əziz xatirəsini yaşatmaq, onların qəhrəmanlığını gələcək nəsillərə çatdırmaq hər birimizin mənəvi borcudur.
Bu gün Kəlbəcər yeni inkişaf və quruculuq mərhələsini yaşayır. Dövlətimizin həyata keçirdiyi genişmiqyaslı bərpa və yenidənqurma tədbirləri nəticəsində bölgədə müasir infrastruktur yaradılır, avtomobil yolları, tunellər, körpülər, elektrik və kommunikasiya xətləri inşa olunur. Şəhərin yaşayış infrastrukturu yenilənir, sosial obyektlər tikilir, iqtisadi potensialın reallaşdırılması istiqamətində mühüm layihələr həyata keçirilir.
Kəlbəcərdə aparılan quruculuq işləri Azərbaycanın işğaldan azad edilmiş ərazilərə münasibətinin bariz nümunəsidir. Məqsəd yalnız dağıdılmış şəhər və kəndləri bərpa etmək deyil, eyni zamanda bu əraziləri müasir, təhlükəsiz, dayanıqlı inkişaf məkanlarına çevirməkdir. Kəlbəcərin təbii gözəlliklərinin qorunması, ekoloji tarazlığın təmin edilməsi və turizm imkanlarının genişləndirilməsi də həyata keçirilən siyasətin mühüm istiqamətlərindəndir.
Böyük Qayıdış proqramı çərçivəsində Kəlbəcərə keçmiş məcburi köçkünlərin qayıdışı xüsusi əhəmiyyət daşıyır. 2025-ci il avqustun 20-dən etibarən Kəlbəcər şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışına başlanılması bu qədim diyarın həyatında yeni mərhələnin əsasını qoymuşdur. Doğma torpaqlarına qayıdan ailələrin öz evlərində məskunlaşması, şəhərdə həyatın yenidən canlanması tarixi Zəfərin ən mühüm nəticələrindəndir.
Kəlbəcərin gələcək inkişafı Azərbaycanın ümumi iqtisadi və sosial tərəqqisi ilə sıx bağlıdır. Bölgənin zəngin təbii ehtiyatları, mineral su mənbələri, kənd təsərrüfatı və turizm potensialı yeni iqtisadi imkanlar yaradır. Burada həyata keçirilən layihələr yerli məşğulluğun artırılmasına, sahibkarlığın inkişafına və əhalinin rifahının yüksəldilməsinə xidmət edir.
25 Noyabr – Kəlbəcər Şəhəri Günü həm də milli həmrəyliyimizin, dövlətçilik ənənələrimizin və Vətənə bağlılığımızın təntənəsidir. Bu əlamətdar tarix bizə bir daha xatırladır ki, xalqın birliyi, dövlətin gücü və milli iradə qarşıya qoyulan ən böyük məqsədlərin həyata keçirilməsində həlledici rol oynayır. Kəlbəcərin azadlığı Azərbaycan xalqının öz tarixi torpaqlarına sahib çıxmaq əzminin və qətiyyətinin nəticəsidir.
Bu gün Kəlbəcər yenidən qurulur, inkişaf edir və gələcəyə inamla addımlayır. Bir zamanlar doğma yurdlarından ayrılmağa məcbur edilmiş insanların bu torpaqlara qayıtması, burada yeni həyat qurması xalqımızın ən böyük arzularından birinin gerçəkləşməsidir. Kəlbəcərin hər bir küçəsi, hər bir dağı, hər bir bulağı Azərbaycanın tarixi yaddaşını yaşadır.
Əminliklə demək olar ki, dövlətimizin ardıcıl siyasəti, xalqımızın birliyi və quruculuq əzmi sayəsində Kəlbəcər qarşıdakı illərdə Azərbaycanın ən gözəl və inkişaf etmiş bölgələrindən birinə çevriləcəkdir. Bu qədim diyarın dirçəlişi yalnız Kəlbəcərin deyil, bütövlükdə Azərbaycanın gücünün, qüdrətinin və gələcəyə yönəlmiş inkişaf strategiyasının göstəricisidir.
25 Noyabr – Kəlbəcər Şəhəri Günü münasibətilə bütün xalqımızı, xüsusilə kəlbəcərliləri təbrik edirik. Qoy Kəlbəcərin səmasında üçrəngli bayrağımız daim dalğalansın, bu torpaqda sülh, əmin-amanlıq, quruculuq və firavanlıq hökm sürsün. Kəlbəcərin azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi xalqımızın qəlbində əbədi yaşasın!
Kəlbəcər bizimdir, Kəlbəcər Azərbaycandır!
Xəyyam Vəliyev,
YAP Gədəbəy rayon təşkilatının əməkdaşı