PDF Oxu

Siyasət

  • 343

Azərbaycan–Vyetnam strateji tərəfdaşlığı - ŞƏRH

Azərbaycan–Vyetnam strateji tərəfdaşlığı - ŞƏRH

Müasir beynəlxalq münasibətlər sistemində geosiyasi və geoiqtisadi mərkəzlərin
şaxələnməsi fonunda Azərbaycan da öz əməkdaşlıq coğrafiyasını daha da genişləndirir.
Respublikamızın beynəlxalq aləmdə mövqeyinin möhkəmlənməsi, nüfuzunun və
etibarlı tərəfdaş rolunun artması həm rəsmi Bakı ilə münasibətləri genişləndirmək
istəyən dövlətlərin sayını artırır, həm də tarixi əlaqələrə malik ölkələrlə yeni
əməkdaşlıq istiqamətlərinin formalaşdırılmasına zəmin yaradır. Prezident İlham
Əliyevin 19 noyabr 2026-cı ildə Vyetnam Xəbər Agentliyinə verdiyi geniş müsahibə
təkcə iki ölkə arasındakı mövcud münasibətlərin dərin təhlili deyil, həm də Cənubi
Qafqaz ilə Cənub-Şərqi Asiya regionları arasında yeni əməkdaşlıq üfüqlərinin yol
xəritəsidir.
Azərbaycan və Vyetnamı birləşdirən tellər təxminən yetmişillik zəngin bir tarixə
söykənir. Bu dostluğun bünövrəsi 1959-cu ildə Vyetnam Demokratik Respublikasının
Prezidenti Ho Şi Minin Bakıya tarixi səfəri ilə qoyulmuş, 1983-cü ildə isə Ümummilli
Lider Heydər Əliyevin Vyetnama səfəri ilə keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm
qoymuşdur. Ulu Öndərin təşəbbüsü ilə səkkiz gün davam edən həmin səfər zamanı
əldə olunan razılaşmalar Vyetnam iqtisadiyyatının dirçəlişinə böyük töhfə vermiş və bu
gün də bəhrəsini gördüyümüz əməkdaşlığın möhkəm təməlini formalaşdırmışdır.
Dövlət başçımızın müsahibəsində xüsusi vurğulandığı kimi, bu tarixi ənənələr müasir
dövrdə daha da zənginləşdirilir. 2014-cü ildə Prezident İlham Əliyevin Vyetnama
dövlət səfəri, 2015-ci ildə Vyetnam Prezidenti Çıonq Tan Şanqın Azərbaycana cavab
səfəri və ötən ilin mayında Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş
katibi cənab To Lamın Bakıya səfəri ikitərəfli əlaqələrdə yeni səhifə açdı. Həmin səfər
çərçivəsində qəbul edilmiş Strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə
münasibətlərimizi ən yüksək siyasi müstəviyə daşıyan tarixi sənəd oldu. Təsadüfi deyil
ki, bu gün dövlət başçıları səviyyəsindəki fəal dialoqla yanaşı, Yeni Azərbaycan
Partiyası ilə Vyetnam Kommunist Partiyası arasında sıx əlaqələr, eləcə də Milli
Məclisin parlamentlərarası dostluq qrupu xətti ilə səmərəli əməkdaşlıq uğurla davam
etdirilir.
İndiyədək iki ölkə arasında 30-dan çox sənəd imzalanıb. Energetika, nəqliyyat və
investisiyalardan tutmuş müdafiə, elm və təhsilə qədər geniş sahələri əhatə edən bu
tərəfdaşlıq İqtisadi, ticari, elmi, texniki əməkdaşlıq üzrə Hökumətlərarası Komissiya,
XİN-lərarası siyasi məsləhətləşmələr və parlamentlərarası dostluq qrupları vasitəsilə
dəstəklənir.
İkitərəfli münasibətlərin əsas lokomotivini, şübhəsiz ki, iqtisadi-ticari və enerji
əməkdaşlığı təşkil edir. 2025-ci ilin yekunlarına əsasən, ölkələrimiz arasında ticarət
dövriyyəsinin 150 milyon dolları ötməsi müsbət göstərici olsa da, mövcud potensial
bundan qat-qat böyükdür. Tarixən əməkdaşlığımızın əsasını təşkil edən neft-qaz
sektorunda SOCAR ilə “PetroVietnam” arasında 2025-ci ildə imzalanmış Anlaşma
Memorandumu kəşfiyyat, hasilat və mütəxəssis hazırlığı sahələrində yeni perspektivlər
açır. Bununla yanaşı, qeyri-neft sektorunda və yaşıl enerji sahəsində də mühüm
addımlar atılır. 2026-cı ilin sentyabrında Bakıda keçirilən İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda Vyetnamın “ROX Group” şirkəti ilə tikinti, infrastruktur, Günəş və külək enerjisi layihələri üzrə sənədlərin imzalanması Vyetnam biznesinin ölkəmizdəki əlverişli investisiya mühitinə böyük marağının bariz nümunəsidir. Xüsusi diqqət yetirilməli məqamlardan biri də nəqliyyat-logistika sahəsindəki sıçrayışdır. 2026-cı ilin yanvar-sentyabr aylarında iki ölkə arasında tranzit daşımalarının həcminin ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 6 dəfə artaraq 8 min tondan çox olması regionun əsas logistika ünvanına çevrilən Azərbaycanın strateji əhəmiyyətini bir daha təsdiqləyir. Orta Dəhliz və “Şimal-Cənub” nəqliyyat dəhlizləri Vyetnam məhsullarının Avropa bazarlarına və əks istiqamətə ən qısa, təhlükəsiz marşrutla çatdırılması üçün unikal imkanlar yaradır.

Azərbaycan-Vyetnam dostluğunu sarsılmaz edən digər mühüm amil isə dərin
humanitar və mədəni bağlardır.. Sovet dövründə Azərbaycanın ali məktəblərində təhsil
almış 5 minə yaxın vyetnamlı mütəxəssis bu gün öz ölkələrinin dövlət idarəçiliyində,
parlamentində, ordusunda və sənayesində rəhbər vəzifələr tutaraq canlı dostluq
körpüsünə çevriliblər. 2015-ci ildə Hanoyda yaradılmış Vyetnam-Azərbaycan Dostluq
Assosiasiyası bu məzunları birləşdirir. Assosiasiya 2020-ci ildə COVID-19
pandemiyası zamanı öz üzvlərinin vəsaiti hesabına Azərbaycana 10 min tibb maskası
hədiyyə edərək həmrəyliyini nümayiş etdirib. Tarixi varisliyin rəmzi olaraq 2025-ci
ildə Baş katib To Lamın iştirakı ilə ADNSU-da Ho Şi Minin anadan olmasının 135
illiyinə həsr edilmiş xatirə otağı açılıb. Bu gün də Vyetnam gəncləri Azərbaycanın
Qoşulmama Hərəkatı çərçivəsində ayırdığı təhsil qrantlarından yararlanırlar.
Eyni zamanda, Heydər Əliyev Fondunun və Fondun vitse-prezidenti Leyla Əliyevanın
təşəbbüsləri ilə Vyetnamda həyata keçirilən təhsil və xeyriyyə layihələri, Ha Giang
əyalətində məktəb tikintisi, Hanoy Ticarət və Turizm Kollecinə göstərilən dəstək
xalqlarımızı bir-birinə daha da doğmalaşdırır.
Qara Qarayevin “Vyetnam süitası”ndan və görkəmli kinorejissorumuz Əjdər İbrahimovun Vyetnam milli kino məktəbinin formalaşmasındakı misilsiz xidmətlərindən başlanan mədəni körpü bu gün Bakı və Qəbələdə keçirilən Vyetnam Günləri, qarşılıqlı ədəbi nəşrlərlə davam etdirilir. Ən əsası isə, Azərbaycan və Vyetnam həm sevincli, həm də çətin günlərdə bir-birinin yanındadır. 2024-cü ildə “Yaqi” fırtınasının və 2025-ci ildə baş vermiş təbii fəlakətlərin fəsadlarının aradan qaldırılması üçün ölkəmizin Vyetnama göstərdiyi maliyyə yardımı əsl dostluq və həmrəylik nümunəsidir.
Vyetnam xalqının lideri Ho Şi Minin və Ulu Öndər Heydər Əliyevin əsasını qoyduqları
tarixi həmrəylik bu gün Prezident İlham Əliyevin və Vyetnam rəhbərliyinin praqmatik
siyasəti nəticəsində yeni məzmun qazanır. Energetika, yaşıl texnologiyalar və
beynəlxalq nəqliyyat dəhlizləri üzrə birləşən maraqlar Azərbaycan-Vyetnam strateji
tərəfdaşlığının Avrasiya məkanında nümunəvi əməkdaşlıq modelinə çevrildiyini
göstərir.
Şövqi Həsənov,
YAP Şəmkir rayon təşkilatı Aparatının əməkdaşı

Digər xəbərlər