Dövlətlərarası münasibətlərin inkişafında tarixi dostluq ənənələri, qarşılıqlı etimad və ortaq maraqlar mühüm rol oynayır. Azərbaycan ilə Vyetnam arasında əlaqələr də məhz bu prinsiplər üzərində formalaşaraq uzun illər ərzində müxtəlif sahələri əhatə edən əməkdaşlıq səviyyəsinə yüksəlib. 2025-ci il mayın 7-də Bakıda imzalanmış Strateji tərəfdaşlığın yaradılması haqqında Birgə Bəyannamə isə iki ölkə arasındakı münasibətlərin keyfiyyətcə yeni mərhələyə keçidini rəsmiləşdirən mühüm siyasi sənəd oldu.
Azərbaycan–Vyetnam münasibətlərinin təməli uzun illər əvvələ gedib çıxır. 1959-cu ildə Vyetnam Demokratik Respublikasının Prezidenti Ho Şi Minin Bakıya tarixi səfəri iki xalq arasında dostluq əlaqələrinin inkişafında xüsusi yer tutur. Sonrakı dövrdə, 1983-cü ildə Ulu Öndər Heydər Əliyevin Sovet İttifaqının nümayəndə heyətinin tərkibində Vyetnama səfəri və burada keçirdiyi görüşlər əməkdaşlığın genişlənməsinə yeni təkan verdi. Həmin səfər çərçivəsində əldə olunan razılaşmalar Vyetnamın iqtisadi inkişafına və iki tərəf arasında uzunmüddətli əməkdaşlıq əlaqələrinin formalaşmasına töhfə verdi. 1992-ci ildə diplomatik münasibətlərin qurulması isə bu tarixi dostluğun müstəqil dövlətlər səviyyəsində davam etdirilməsi üçün hüquqi və siyasi zəmin yaratdı.
Müstəqillik illərində Azərbaycan–Vyetnam münasibətləri qarşılıqlı səfərlər, siyasi məsləhətləşmələr və müxtəlif sahələrdə əməkdaşlıq vasitəsilə inkişaf etdirilib. Prezident İlham Əliyevin 2014-cü ildə Vyetnama dövlət səfəri, 2015-ci ildə Vyetnam Prezidenti Çıonq Tan Sanqın Azərbaycana səfəri bu əlaqələrin möhkəmlənməsində mühüm mərhələlərdən oldu. 2025-ci ilin mayında Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lamın Azərbaycana ilk dövlət səfəri isə münasibətlərin inkişafında yeni səhifə açdı. Səfər çərçivəsində keçirilən danışıqlar enerji, investisiya, müdafiə və kibertəhlükəsizlik də daxil olmaqla geniş əməkdaşlıq sahələrini əhatə etdi. Nəticədə Strateji tərəfdaşlığın yaradılması haqqında Birgə Bəyannamə qəbul olundu.
Prezident İlham Əliyev 2026-cı il noyabrın 19-da Vyetnam Xəbər Agentliyinə verdiyi müsahibədə bu sənədin əhəmiyyətini xüsusi vurğulayaraq bildirmişdir ki, Birgə Bəyannamənin qəbul edilməsi Azərbaycan–Vyetnam əlaqələrini keyfiyyətcə yeni səviyyəyə qaldıran mühüm sənəddir. Dövlət başçısının fikirləri sənədin yalnız diplomatik münasibətlərin mövcud vəziyyətini təsdiqləmədiyini, eyni zamanda gələcək əməkdaşlığın istiqamətlərini müəyyənləşdirən strateji çərçivə yaratdığını göstərir. Burada əsas məsələ siyasi dialoqun davamlılığını təmin etməklə yanaşı, əldə olunmuş razılaşmaların konkret layihələrə və qarşılıqlı faydalı nəticələrə çevrilməsidir.
Strateji tərəfdaşlıq münasibətlərin müxtəlif səviyyələrdə əlaqələndirilməsini nəzərdə tutur. Dövlət başçıları arasında dialoqla yanaşı, hökumətlərarası komissiyanın fəaliyyəti, müvafiq nazirlik və qurumlar arasında əməkdaşlıq, parlamentlərarası əlaqələr də bu prosesin mühüm istiqamətləridir. Xüsusilə Yeni Azərbaycan Partiyası ilə Vyetnam Kommunist Partiyası arasında münasibətlərin inkişafı siyasi dialoqun institusional əsaslarını genişləndirir. Bu əlaqələr iki ölkənin siyasi təşkilatları arasında təcrübə mübadiləsinə, qarşılıqlı anlaşmanın güclənməsinə və dövlətlərarası əməkdaşlığın müxtəlif səviyyələrdə dəstəklənməsinə imkan yaradır.
Birgə Bəyannamənin əhəmiyyəti ikitərəfli münasibətlərlə məhdudlaşmır. Azərbaycan və Vyetnam beynəlxalq təşkilatlar çərçivəsində də qarşılıqlı fəaliyyət göstərir, bir sıra regional və qlobal məsələlər üzrə mövqelərini əlaqələndirirlər. Birləşmiş Millətlər Təşkilatı, Qoşulmama Hərəkatı və Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə çərçivəsində əməkdaşlıq bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə, beynəlxalq hüquqa və BMT Nizamnaməsinin prinsiplərinə hörmət münasibətlərin əsas dayaqlarından biri kimi çıxış edir. Bu yanaşma beynəlxalq münasibətlər sistemində qarşılıqlı etimadın və bərabərhüquqlu əməkdaşlığın qorunması baxımından da əhəmiyyətlidir.
2026-cı il noyabrın 20–21-də Prezident İlham Əliyevin Vyetnama rəsmi səfəri strateji tərəfdaşlığın inkişafında növbəti mərhələ oldu. Səfər zamanı, noyabrın 21-də Azərbaycan və Vyetnam dövlət başçıları tərəfindən qəbul edilən Birgə Bəyanatda 2025-ci ildə müəyyənləşdirilmiş strateji tərəfdaşlıq prinsiplərinə sadiqlik bir daha təsdiqləndi. Sənəddə siyasi-diplomatik əlaqələrin, parlamentlərarası və partiyalararası əməkdaşlığın genişləndirilməsi, iqtisadi-ticari münasibətlərin inkişafı, enerji, nəqliyyat, kənd təsərrüfatı, təhsil, mədəniyyət və təhlükəsizlik sahələrində birgə fəaliyyətin gücləndirilməsi kimi prioritetlər əksini tapdı. Bu, 2025-ci ildə yaradılmış strateji çərçivənin artıq konkret əməkdaşlıq mexanizmləri və yeni təşəbbüslərlə zənginləşdirildiyini göstərir.
Azərbaycan ilə Vyetnam arasında münasibətlərin bugünkü inkişaf səviyyəsi tarixi dostluq ənənələrinin müasir siyasi və iqtisadi reallıqlarla uzlaşdırılmasının nəticəsidir. Strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə bu əlaqələrin gələcək istiqamətlərini müəyyənləşdirməklə yanaşı, qarşılıqlı maraqlara əsaslanan daha geniş əməkdaşlıq üçün imkanlar açıb. Qarşıdakı mərhələdə əsas vəzifə əldə olunmuş razılaşmaların ardıcıl icrasını təmin etmək, siyasi dialoqu konkret təşəbbüslərlə möhkəmləndirmək və iki xalqın rifahına xidmət edən birgə layihələrin sayını artırmaqdır. Beləliklə, Azərbaycan–Vyetnam tərəfdaşlığı ənənəvi dostluq münasibətlərindən çıxış edərək çoxşaxəli və uzunmüddətli əməkdaşlıq modelinə doğru inkişaf edir.
Aytəkin Mahmudova,
YAP Neftçala rayon təşkilatı ərazi partiya təşkilatının sədri
Neftçala şəhər İnteqrasiya təlimli İnternat tipli Gimnaziyanın direktoru