Zəfərdən sonra Kəlbəcərin iqtisadiyyatı 30 dəfədən çox böyüyüb.SİA xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Vüqar Bayramov parlamentin bugünkü plenar iclasında çıxışı zamanı deyib.Deputat bildirib ki, sabah – noyabrın 25-də Kəlbəcər Şəhəri Günü qeyd ediləcək. Onun sözlərinə görə, Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamına əsasən, 25 noyabr Kəlbəcər Şəhəri Günü kimi müəyyənləşdirilib.Vüqar Bayramov qeyd edib ki, Kəlbəcər Cənubi Qafqazın ən böyük iqtisadi potensialına malik rayonlarından biridir. Müzəffər Ali Baş Komandanın uzaqgörən siyasəti nəticəsində rayon heç bir güllə atılmadan və şəhid verilmədən Azərbaycana qaytarılıb. Bu hadisə Vətən müharibəsində əldə olunan hərbi qələbənin diplomatik, siyasi və iqtisadi müstəvidə davamı kimi qiymətləndirilir.Deputatın sözlərinə görə, 27 illik işğal dövründə Kəlbəcərin infrastrukturu Ermənistan tərəfindən dağıdılıb, təbii ehtiyatları isə qeyri-qanuni şəkildə mənimsənilib. İşğal nəticəsində rayona azı 10 milyard dollar məbləğində ziyan vurulub.O bildirib ki, Kəlbəcər mərmər oniksi və nefroid də daxil olmaqla zəngin faydalı qazıntı ehtiyatlarına malikdir. Rayonun geniş ərazisi kənd təsərrüfatının müxtəlif sahələrinin inkişafı üçün əlverişli imkanlar yaradır. Eyni zamanda, qış, yay, müalicəvi, tarixi və dini turizm istiqamətləri üzrə böyük potensiala sahibdir.Vüqar Bayramov diqqətə çatdırıb ki, son beş ildə Kəlbəcər Cənubi Qafqazın dinamik inkişaf edən yaşayış məntəqələrindən birinə çevrilib. 2020-ci ildə iqtisadiyyatın əsas sahələri üzrə məhsul istehsalının ümumi həcmi 49 milyon manat olduğu halda, hazırda bu göstərici 1,5 milyard manatı ötüb.Deputat bildirib ki, Zəfərdən sonra Kəlbəcərin iqtisadiyyatı 30 dəfədən çox genişlənib. 2020-ci ildə 224 min manatlıq sənaye məhsulu istehsal edilən rayonda hazırda sənaye potensialı 150 milyon manatdan yüksək qiymətləndirilir.O, həmçinin qeyd edib ki, bərpa və yenidənqurma işləri nəticəsində Kəlbəcərdə tikinti sektoru son beş ildə 165 dəfə böyüyüb. Bu göstərici rayonun iqtisadi inkişafının sürətini nümayiş etdirir.Vüqar Bayramov vurğulayıb ki, Kəlbəcər hazırda yeni quruculuq mərhələsini yaşayır, infrastrukturun bərpası, iqtisadi fəallığın artırılması və turizm imkanlarının reallaşdırılması istiqamətində işlər davam etdirilir. Onun sözlərinə görə, həyat və gülüş yenidən Kəlbəcərə qayıdır.
Müəllif: Günay Hacıyeva