PDF Oxu

Siyasət

  • 346

Böyük Qayıdış proqramının icrasına layiqli töhfələr verilir - ŞƏRH

Böyük Qayıdış proqramının icrasına layiqli töhfələr verilir - ŞƏRH

Bu gün otuz ilə yaxın davam edən həsrətin sona çatdığı, tarixi ədalətin bərpa olunduğu, doğma torpağa qayıdış ümidinin gerçəyə çevrildiyi möhtəşəm Zəfər günüdür. Bu tarix həm də Kəlbəcərin yenidən dirçəlişinin, quruculuğun və gələcəyə inamın rəmzidir.

1993-cü il aprelin 2-də Ermənistan silahlı qüvvələri tərəfindən Kəlbəcər rayonunun işğal edilməsi Azərbaycan xalqının tarixində ağır faciələrdən biri kimi yadda qaldı. Həmin dövrdə ölkədə hökm sürən siyasi böhran, hakimiyyət uğrunda mübarizə, dövlət idarəçiliyindəki səriştəsizlik və AXC-Müsavat hakimiyyətinin məsuliyyətsiz siyasəti nəticəsində Kəlbəcərin müdafiəsi lazımi səviyyədə təşkil edilmədi. Nəticədə strateji əhəmiyyətə malik olan bu qədim Azərbaycan torpağı işğal olundu. Kəlbəcərin işğalı həm də Azərbaycanın təhlükəsizliyi və ərazi bütövlüyü baxımından ciddi strateji itki idi.

Azərbaycan dövlətçiliyinin xilaskarı, Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə xalqın tələbi ilə siyasi hakimiyyətə qayıdışı ölkəmizin tarixində yeni mərhələnin başlanğıcı oldu.Dövlətçiliyimizin qorunması, siyasi sabitliyin təmin edilməsi, nizami ordunun yaradılması və Azərbaycanın beynəlxalq mövqelərinin möhkəmləndirilməsi istiqamətində atılan qətiyyətli addımlar gələcək Zəfərimizin əsasını qoydu. Ulu Öndər Heydər Əliyev doğma yurdlarından didərgin düşmüş kəlbəcərlilərin ağır vəziyyətinə daim diqqət yetirir, onların problemlərini dövlət siyasətinin mühüm istiqamətlərindən biri hesab edirdi. O, məcburi köçkünlərlə görüşlərində Kəlbəcərin tarixi əhəmiyyətini, strateji mövqeyini, təbii sərvətlərini və insanlarının zəhmətsevərliyini xüsusi vurğulayırdı. 1996-cı il aprelin 1-də Kəlbəcərdən olan məcburi köçkünlərlə görüşündə Ümummilli Liderin səsləndirdiyi fikirlər bu gün də öz tarixi və mənəvi əhəmiyyətini qoruyur. Həmin görüşdə Heydər Əliyev böyük inamla bildirmişdi:

“Mən əminəm ki, vaxt gələcək, bunlar hamısı tarixdə qalacaq, Kəlbəcər işğaldan azad olacaq, kəlbəcərlilər tezliklə doğma rayonda öz həyatlarını quracaq, öz yerlərini, yurdlarını, evlərini, obalarını bərpa edəcəklər”.

Bu sözlər sadəcə bir siyasi liderin nikbin vədi deyildi. Bu, Azərbaycan dövlətinin gələcək qələbəsinə, xalqımızın əzminə və doğma torpaqlarımıza qayıdışına olan sarsılmaz inamın ifadəsi idi.

Bu gün Kəlbəcərin azadlığına və dirçəlişinə nəzər salarkən aydın görürük ki, Ulu Öndərin vaxtilə kəlbəcərlilərə verdiyi ümid və inam Prezident İlham Əliyevin rəhbərliyi ilə real tarixi nəticəyə çevrilmişdir.

Azərbaycan xalqının otuz ilə yaxın davam edən torpaq həsrətinə 2020-ci ildə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə başlanan 44 günlük Vətən müharibəsində son qoyuldu. Azərbaycan Ordusunun misilsiz qəhrəmanlığı, əsgər və zabitlərimizin rəşadəti, xalqımızın birliyi və dövlətimizin qətiyyətli siyasi iradəsi nəticəsində tarixi Zəfər əldə edildi. Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi ilə Azərbaycan öz ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etmək yolunda misilsiz uğura imza atdı. 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanata əsasən, noyabrın 25-də Kəlbəcər rayonu Azərbaycana qaytarıldı və işğaldan azad edildi. Kəlbəcərin azad olunması Azərbaycanın hərbi və siyasi qüdrətinin, dövlətimizin qətiyyətinin və xalqımızın sarsılmaz iradəsinin təntənəsi idi. Bu Zəfər həm də Ulu Öndər Heydər Əliyevin vaxtilə ifadə etdiyi tarixi inamın gerçəkləşməsi demək idi.

Prezident İlham Əliyevin Kəlbəcərdə hərbi hissənin açılışı zamanı səsləndirdiyi fikirlər də bu tarixi hadisənin siyasi mahiyyətini və işğala aparan proseslərin məsuliyyətini aydın şəkildə ortaya qoyur. Dövlət başçısı Kəlbəcərin itirilməsini Azərbaycanın strateji maraqlarına vurulmuş ağır zərbə kimi qiymətləndirmiş, həmin dövrdəki hakimiyyətin məsuliyyətsizliyini xüsusi vurğulamışdır. Bu gün Kəlbəcər azaddır, Azərbaycan bayrağı doğma torpaqlarımızda əzəmətlə dalğalanır.

Kəlbəcərin işğaldan azad olunmasından sonra Azərbaycan dövləti qarşısında duran əsas vəzifələrdən biri bu qədim yurdun yenidən qurulması, müasir infrastrukturun yaradılması və əhalinin təhlükəsiz, rahat yaşayışının təmin edilməsi oldu.

Prezident İlham Əliyevin rəhbərliyi və xüsusi diqqəti ilə Kəlbəcərdə genişmiqyaslı tikinti-quruculuq və bərpa işlərinə başlanıldı. İşğal dövründə dağıdılmış yaşayış məntəqələrinin yenidən qurulması, şəhərin Baş planının hazırlanması, yol-nəqliyyat infrastrukturunun yaradılması, elektrik enerjisi, su və digər kommunal təminat sistemlərinin qurulması dövlət siyasətinin prioritet istiqamətlərinə çevrildi.

Bu gün Kəlbəcərdə həyata keçirilən layihələr yalnız dağıdılmış binaların bərpasından ibarət deyil. Burada müasir şəhərsalma prinsiplərinə uyğun yeni yaşayış məhəllələri, sosial obyektlər, təhsil və səhiyyə müəssisələri, istirahət və ictimai məkanlar yaradılır. Məqsəd Kəlbəcəri təkcə yenidən qurmaq deyil, onu gələcək nəsillərin rahat və təhlükəsiz yaşayacağı müasir, inkişaf etmiş şəhərə çevirməkdir. Toğanalı–Kəlbəcər–İstisu avtomobil yolunun və Murovdağ tunelinin inşası rayonun nəqliyyat əlçatanlığının artırılmasında mühüm rol oynayır. Bu layihələr Kəlbəcərin ölkənin digər bölgələri ilə əlaqəsini asanlaşdırmaqla yanaşı, iqtisadi və turizm potensialının inkişafına da geniş imkanlar açır. Rayonun zəngin su ehtiyatlarından səmərəli istifadə, hidroenergetika layihələrinin həyata keçirilməsi, elektrik stansiyalarının tikintisi və bərpa olunan enerji potensialının inkişafı da diqqət mərkəzindədir. Xüsusilə İstisu mineral bulaqlarının yenidən dirçəldilməsi, müalicəvi turizm imkanlarının genişləndirilməsi, Kəlbəcər balının və digər yerli məhsulların istehsalının inkişaf etdirilməsi rayonun iqtisadi gələcəyində mühüm yer tutur.

Kəlbəcərin azad olunmasından sonra ən böyük arzusu doğma torpaqlarına qayıtmaq olan sakinlər üçün yeni həyat mərhələsi başladı. İllərlə müxtəlif şəhər və rayonlarda məcburi köçkün həyatı yaşayan insanlar artıq öz ata-baba yurdlarında yaşamaq, övladlarını doğma torpaqda böyütmək, ailə ocaqlarını yenidən qurmaq imkanı əldə edirlər. Azərbaycan dövlətinin həyata keçirdiyi Böyük Qayıdış proqramı çərçivəsində Kəlbəcərə köçürülmə prosesi də mərhələli şəkildə həyata keçirilir. 2025-ci il avqustun 20-dən etibarən keçmiş məcburi köçkünlərin Kəlbəcər şəhərinə qayıdışına başlanılması bu istiqamətdə tarixi hadisə oldu.

Doğma yurda qayıdan ailələrin yeni mənzillərlə təmin olunması, onların məişət şəraitinin yaxşılaşdırılması, sosial xidmətlərə əlçatanlığının yaradılması, uşaqların təhsili və sakinlərin məşğulluğu məsələləri dövlətin əsas qarşıya qoyduğu məqsədlərdən biridir. Kəlbəcərlilərin doğma yurda qayıdış sevinci cənab Prezidentin həyata keçirdiyi siyasətə olan inamın və gələcəyə böyük ümidlərin ifadəsidir. İnsanların müasir yaşayış evləri, yaradılan infrastruktur və təhlükəsiz həyat şəraiti ilə təmin olunması onların doğma torpaqda daimi məskunlaşması üçün mühüm əsas yaradır.

Möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi ilə Kəlbəcər rayonunda həyata keçirilən genişmiqyaslı quruculuq və bərpa işlərində Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Bəşir Hacıyevin və kollektivinin, həmçinin Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin əməkdaşlarının mühüm xidmətləri xüsusi qeyd olunmalıdır. Hörmətli Bəşir Hacıyev başda olmaqla Kəlbəcər rayonunda Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları, eləcə də Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin əməkdaşları böyük əzmkarlıq və məsuliyyətlə çalışaraq dövlət başçısının rəhbərliyi altında həyata keçirilən quruculuq və bərpa prosesinə, Böyük Qayıdış proqramının uğurla icrasına öz layiqli töhfələrini verirlər. Görülən işlərin operativ həlli istiqamətində nümayiş etdirilən həssas münasibət dövlət-vətəndaş münasibətlərinin yüksək səviyyəsinin bariz nümunəsidir. Bu gün Kəlbəcərdə yalnız yaşayış məntəqələrinin salınması və infrastrukturun qurulması deyil, eyni zamanda insanların rahat, təhlükəsiz və firavan yaşayışının təmin edilməsi istiqamətində də ardıcıl tədbirlər həyata keçirilir. Xüsusi nümayəndəlik əhali ilə sıx təmasda olaraq sakinlərin ehtiyaclarını diqqətdə saxlayır, onların müraciətlərinə həssaslıqla yanaşır. Kəlbəcərə qayıdan sakinlərin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Bəşir Hacıyevə və onun rəhbərlik etdiyi kollektivə ünvanladıqları razılıq və minnətdarlıq ifadələri görülən işlərin ictimaiyyət tərəfindən yüksək qiymətləndirildiyini göstərir. Bununla yanaşı, Kəlbəcərin zəngin turizm potensialının üzə çıxarılması, onun beynəlxalq səviyyədə tanıdılması, gələcəkdə mühüm turizm mərkəzlərindən birinə çevrilməsi istiqamətində də əhəmiyyətli layihələr reallaşdırılır. Rayonun qədim tarixi, zəngin mədəni irsi, füsunkar təbiəti və turizm imkanlarının təbliği məqsədilə maarifləndirici tədbirlər, təqdimatlar, görüşlər və müxtəlif layihələr təşkil olunur. Eyni zamanda, Kəlbəcərə səfər edən yerli və xarici qonaqların qarşılanması, rayonun tarixi, mədəniyyəti və təbii sərvətləri haqqında məlumatlandırılması istiqamətində məqsədyönlü fəaliyyət göstərilir.Bütün bunlar onu göstərir ki, Kəlbəcərdə aparılan quruculuq və bərpa prosesi yalnız fiziki infrastrukturun yaradılması ilə məhdudlaşmır. Burada insan amili, vətəndaş məmnunluğu, sosial rifah, milli-mənəvi dəyərlərin qorunması və rayonun gələcək inkişaf perspektivləri əsas prioritetlər kimi müəyyənləşdirilib.

Əminliklə demək olar ki, Prezident İlham Əliyevin müəyyən etdiyi inkişaf strategiyasına uyğun olaraq Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi və aidiyyəti qurumların həyata keçirdiyi ardıcıl fəaliyyət doğma Kəlbəcərin yenidən dirçəldilməsinə, Böyük Qayıdışın uğurla davam etdirilməsinə və rayonun gələcək inkişafına mühüm töhfə verir. Bu gün cənab Prezidentin rəhbərliyi diqqət və qayğısı sayəsində Kəlbəcərdə aparılan genişmiqyaslı quruculuq işləri Azərbaycanın Böyük Qayıdış strategiyasının uğurlu nəticələrinin bariz nümunəsidir. Dövlətin yaratdığı şərait, müasir yaşayış infrastrukturu, təhlükəsizlik tədbirləri və yeni iqtisadi imkanlar Kəlbəcərin davamlı inkişafına xidmət edir.

Kəlbəcərin gələcək inkişafında turizm, kənd təsərrüfatı, heyvandarlıq, arıçılıq, mineral su ehtiyatları, alternativ enerji və xidmət sektorunun mühüm rol oynayacağı şübhəsizdir. Bu sahələrin inkişafı yeni iş yerlərinin açılmasına, yerli sahibkarlığın genişlənməsinə və əhalinin rifahının yüksəlməsinə şərait yaradacaq. Kəlbəcər öz təbii gözəllikləri, zəngin mədəni irsi və tarixi abidələri ilə gələcəkdə Azərbaycanın mühüm turizm mərkəzlərindən birinə çevrilmək potensialına malikdir. Kəlbəcərdə əbədi yaşayışın təmin edilməsi dövlətimizin əsas məqsədlərindəndir. Bu məqsəd yalnız tikinti layihələri ilə deyil, həm də insanların məşğulluğunun, sosial rifahının, təhsilinin, sağlamlığının və təhlükəsizliyinin təmin olunması ilə reallaşır.

25 noyabr – Kəlbəcər Şəhəri Günü xalqımızın milli qürurunu, dövlətimizin qüdrətini, ordumuzun qəhrəmanlığını və tarixi ədalətin bərpasını özündə birləşdirən əlamətdar gündür.

Ulu Öndər Heydər Əliyevin Kəlbəcərin azad olunacağına və kəlbəcərlilərin doğma yurdlarına qayıdacağına dair tarixi inamı bu gün reallığa çevrilib. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli siyasəti, Azərbaycan Ordusunun qəhrəmanlığı və xalqımızın birliyi sayəsində Kəlbəcər yenidən öz sakinlərinə qovuşub. Bu tarixi Zəfərin arxasında şəhidlərimizin müqəddəs qanı, qazilərimizin qəhrəmanlığı, əsgər və zabitlərimizin fədakarlığı, xalqımızın sarsılmaz iradəsi dayanır. Onların əziz xatirəsi hər bir azərbaycanlının qəlbində əbədi yaşayacaqdır.

Yaşasın müstəqil Azərbaycan! Yaşasın Müzəffər Ali Baş Komandan İlham Əliyev! Yaşasın qalib Azərbaycan xalqı!

Həbib Misirov

YAP Kəlbəcər rayon təşkilatının sədri.

Digər xəbərlər