Prezidentin Vyetnama səfəri ikitərəfli əlaqələrin inkişafına yeni təkan verəcək.SİA xəbər verir ki, bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, deputat Tural Gəncəliyev parlamentin bugünkü plenar iclasında çıxışı zamanı deyib.Deputat bildirib ki, Prezident İlham Əliyevin Vyetnama səfəri iki ölkə arasında münasibətlərin dərinləşdirilməsi, ikitərəfli əlaqələrin gücləndirilməsi və Azərbaycanın şaxələndirilmiş xarici siyasət kursunun davam etdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.Onun sözlərinə görə, Azərbaycan və Vyetnamı tarixi əlaqələr və qarşılıqlı dostluq münasibətləri birləşdirir. Bu baxımdan 1959-cu ildə Vyetnamın milli lideri Ho Şi Minin Bakıya səfərini, eləcə də 1983-cü ildə Heydər Əliyevin rəhbərliyi ilə Vyetnama həyata keçirilən səfəri xatırlatmaq olar.Tural Gəncəliyev qeyd edib ki, coğrafi baxımdan uzaq məsafədə yerləşmələrinə baxmayaraq, iki ölkə arasında iqtisadi əməkdaşlıq üçün ciddi potensial mövcuddur. O bildirib ki, 2025-ci ildə Azərbaycanla Vyetnam arasında ticarət dövriyyəsi 150 milyon dollar təşkil edib.Deputatın fikrincə, hər iki ölkəni birləşdirən əsas xüsusiyyətlərdən biri müstəqil və suveren xarici siyasət yürütmələri, həmçinin mühüm beynəlxalq nəqliyyat-kommunikasiya marşrutları üzərində yerləşmələridir. Azərbaycan Şərq-Qərb Orta Dəhlizi və Şimal-Cənub nəqliyyat marşrutunun kəsişməsində yerləşdiyi halda, Vyetnam Cənub-Şərqi Asiyanın mühüm dəniz ticarəti istiqamətlərindən birində strateji mövqeyə malikdir.Tural Gəncəliyev Cənub-Şərqi Çin dənizinin beynəlxalq ticarət və enerji resursları baxımından əhəmiyyətinə də diqqət çəkib. O bildirib ki, bu dəniz hövzəsi böyük iqtisadi və geostrateji potensiala malikdir və Vyetnamla əməkdaşlıq Azərbaycanın Asiya regionundakı iqtisadi əlaqələrinin genişləndirilməsi üçün əlavə imkanlar yarada bilər.Deputat, həmçinin iki ölkə arasında humanitar və təhsil sahəsində əlaqələrin tarixi köklərə malik olduğunu vurğulayıb. Onun sözlərinə görə, sovet dövründə minlərlə vyetnamlı tələbə Azərbaycanda, xüsusilə neft və qaz sənayesi üzrə ali təhsil alıb və bu əlaqələrin inkişafına töhfə verib.Tural Gəncəliyev hesab edir ki, Prezident İlham Əliyevin Vyetnama səfəri iki xalq arasında dostluq münasibətlərinin möhkəmlənməsinə, iqtisadi, siyasi və humanitar əməkdaşlığın yeni istiqamətlər üzrə inkişafına xidmət edəcək.
Müəllif: Günay Hacıyeva