Azərbaycanın hər qarış torpağında bir tarix, hər dağında bir qəhrəmanlıq hekayəsi, hər daşında xalqımızın yaddaşına hopmuş müqəddəs bir xatirə yaşayır. Bu tariximizin ən ağrılı səhifələrindən birini də Kəlbəcər yaşadı. Uzun illər doğma yurdundan ayrı düşən kəlbəcərlilərin qəlbində Vətən həsrəti ilə yaşayan bir arzu vardı: bir gün ata-baba yurduna qayıtmaq, doğma torpağın havasını yenidən udmaq, Kəlbəcərin dağlarında Azərbaycan bayrağının dalğalandığını görmək. 25 Noyabr həmin arzunun gerçəyə çevrildiyi, tarixi ədalətin bərpa olunduğu və milli qürurumuzun daha bir zirvəyə yüksəldiyi gündür.
Kəlbəcər Azərbaycanın təbii sərvətləri, zəngin tarixi, füsunkar təbiəti və strateji mövqeyi ilə seçilən qədim yurd yerlərindən biridir. Uca dağları, sıx meşələri, buz bulaqları, gur çayları, mineral su mənbələri və əsrarəngiz mənzərələri bu diyarı ölkəmizin ən qiymətli təbiət incilərindən birinə çevirir. Kəlbəcər yalnız coğrafi məkan deyil, həm də milli kimliyimizin, mənəvi irsimizin və tarixi yaddaşımızın ayrılmaz parçasıdır. Lakin 1993-cü il aprelin 2-də Ermənistanın hərbi təcavüzü nəticəsində Kəlbəcər işğal olundu. Dinc əhali doğma ev-eşiyindən didərgin salındı, minlərlə insanın taleyinə ayrılıq, ağrı və həsrət yazıldı. Tarixi və dini abidələrimiz, yaşayış məntəqələrimiz, mədəni irsimiz ciddi dağıntılara və talanlara məruz qaldı. Kəlbəcər illərlə işğalın ağır nəticələrini yaşasa da, xalqımızın yaddaşında heç vaxt unudulmadı. Bu torpağın azadlığına inam nəsildən-nəslə ötürüldü.
Kəlbəcərin azadlığına aparan yol Azərbaycan dövlətinin illərlə apardığı məqsədyönlü siyasətin, beynəlxalq müstəvidə nümayiş etdirdiyi prinsipial mövqeyin və güclü ordunun formalaşdırılması istiqamətində görülən işlərin məntiqi nəticəsi idi. Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi dövlətçilik strategiyası ölkəmizin gələcək uğurlarının möhkəm təməlini yaratmışdı. Bu siyasi kursu müasir dövrün çağırışlarına uyğun davam etdirən Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Azərbaycanın ərazi bütövlüyünün bərpasını dövlət siyasətinin əsas prioritetlərindən biri kimi müəyyənləşdirdi.
Ulu Öndər Heydər Əliyev 1996-cı il aprelin 1-də Kəlbəcər rayonunun işğalının ildönümü ilə əlaqədar rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə bu qədim diyarın Azərbaycan üçün tarixi və mənəvi əhəmiyyətini xüsusi vurğulamışdı. Həmin görüşdə səsləndirdiyi “Kəlbəcər Azərbaycanın ayrılmaz bir parçasıdır, hissəsidir” fikri Ulu Öndərin qəti mövqeyini ifadə edirdi.
Heydər Əliyev doğma yurdlarından didərgin düşmüş kəlbəcərlilərə müraciətində gələcəyə olan inamını bu sözlərlə ifadə etmişdi: “Mən əminəm ki, vaxt gələcək, bunlar hamısı tarixdə qalacaq, Kəlbəcər işğaldan azad olacaq, kəlbəcərlilər tezliklə doğma rayonda öz həyatlarını quracaq, öz yerlərini, yurdlarını, evlərini, obalarını bərpa edəcəklər”. Bu sözlər ağır məhrumiyyətlər yaşayan insanların qəlbində ümid və inam yaradan, Azərbaycanın ərazi bütövlüyünə sarsılmaz bağlılığı ifadə edən tarixi mesaj idi. Ulu Öndərin Kəlbəcərlilərə verdiyi mənəvi dəstək, torpaqlarımızın azad olunacağına dair qəti əminliyi illər sonra gerçəkliyə çevrildi. Bu gün həmin fikirlərin reallıqda öz təsdiqini tapması Heydər Əliyevin uzaqgörən dövlətçilik düşüncəsinin və Azərbaycan torpaqlarına bağlılığının bariz nümunəsidir.
Ulu Öndərin müəyyən etdiyi siyasi kurs Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən yeni dövrün çağırışlarına uyğun şəkildə davam etdirildi. Ötən illər ərzində Azərbaycanın iqtisadi potensialının artırılması, müdafiə qabiliyyətinin gücləndirilməsi, müasir silah və texnika ilə təchiz olunmuş ordunun formalaşdırılması, beynəlxalq münasibətlər sistemində mövqelərinin möhkəmləndirilməsi əsas dövlət prioritetlərinə çevrildi. Bütün bu addımların arxasında bir məqsəd dayanırdı: Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini bərpa etmək.
2020-ci il sentyabrın 27-də başlanan 44 günlük Vətən müharibəsi Azərbaycan xalqının iradəsini, ordumuzun gücünü və dövlətimizin qətiyyətini bütün dünyaya nümayiş etdirdi. Noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatın şərtlərinə uyğun olaraq, noyabrın 25-də Kəlbəcər rayonu Azərbaycana qaytarıldı. Beləliklə, 27 ildən artıq davam edən işğala son qoyuldu. Bu hadisə yalnız ərazi bütövlüyümüzün bərpası baxımından deyil, həm də Azərbaycanın beynəlxalq hüquqa əsaslanan mövqeyinin və siyasi iradəsinin təntənəsi kimi tarixə düşdü.
Kəlbəcərin azad edilməsi ilə bağlı Prezident İlham Əliyevin xalqa müraciəti həmin günün mənəvi əhəmiyyətini daha da artırdı. Dövlət başçısının kəlbəcərlilərə ünvanladığı təbrik doğma yurda qayıdış həsrəti ilə yaşayan minlərlə insanın illərlə gözlədiyi müjdənin ifadəsi idi. Bu qələbənin arxasında Azərbaycan əsgərinin qəhrəmanlığı, şəhidlərimizin müqəddəs qanı, qazilərimizin fədakarlığı və bütöv xalqın sarsılmaz birliyi dayanır.
Kəlbəcərin azadlığı həm də şəhidlərimizin ruhuna ehtiram, onların uğrunda canlarından keçdikləri Vətən torpağına sədaqət nümunəsidir. Bu gün azad səmalarda dalğalanan üçrəngli bayrağımız hər bir Azərbaycan vətəndaşına xatırladır ki, müstəqillik və suverenlik böyük fədakarlıqlar hesabına qorunur.
Bu gün Kəlbəcərin gündəliyini artıq işğalın ağrıları deyil, quruculuq, inkişaf və Böyük Qayıdışın reallıqları müəyyənləşdirir. Dövlətimizin qarşıya qoyduğu əsas məqsəd azad edilmiş əraziləri yenidən qurmaqla yanaşı, burada müasir, təhlükəsiz və dayanıqlı yaşayış mühiti formalaşdırmaqdır.
Kəlbəcərdə həyata keçirilən infrastruktur layihələri, yol və kommunikasiya xətlərinin çəkilməsi, elektrik enerjisi və digər zəruri xidmətlərin yaradılması bölgənin gələcək inkişafı üçün möhkəm zəmin formalaşdırır. Şəhərin müasir şəhərsalma prinsipləri əsasında yenidən qurulması onun tarixi simasının qorunması ilə müasir həyat tələblərinin uzlaşdırılmasına xidmət edir.
Kəlbəcərin gələcəyində turizm, kənd təsərrüfatı, heyvandarlıq, mineral su ehtiyatları və alternativ enerji imkanları mühüm yer tutur. Bölgənin təbii potensialından səmərəli istifadə olunması yeni iş yerlərinin yaradılmasına, iqtisadi fəallığın artmasına və yerli əhalinin rifahının yüksəlməsinə şərait yaradacaq.
Xüsusilə qeyd edilməlidir ki, Kəlbəcərdə yenidənqurma yalnız binaların və yolların inşası demək deyil. Əsl quruculuq insanların doğma yurda qayıtması, ailələrin yenidən birləşməsi, məktəblərin, mədəniyyət ocaqlarının, sosial xidmətlərin fəaliyyətə başlaması və həyatın əvvəlki axarına qayıtmasıdır. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən Böyük Qayıdış proqramı məhz bu hədəfə xidmət edir.
2025-ci il avqustun 20-dən etibarən Kəlbəcər şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışının başlanması bu istiqamətdə tarixi mərhələ oldu. İllərlə doğma torpağın həsrəti ilə yaşayan insanların öz evlərinə qayıtması Kəlbəcərin dirçəlişinin ən təsirli göstəricisidir. İndi bu torpaqda yenidən ailə ocaqları yanır, uşaqların səsi eşidilir, gələcəyə inamla baxan insanların arzuları gerçəkləşir.
Kəlbəcərin tarixi yalnız keçmişin xatirələri ilə məhdudlaşmır. Bu diyar Azərbaycanın gələcək inkişaf strategiyasında da mühüm mövqeyə malikdir. Onun zəngin təbiəti, əlverişli turizm imkanları, yeraltı və yerüstü sərvətləri ölkəmizin iqtisadi potensialının genişləndirilməsi baxımından böyük əhəmiyyət daşıyır. Lakin bütün bu imkanlardan daha qiymətlisi Kəlbəcərin öz doğma sakinlərinə qovuşması, milli-mənəvi dəyərlərin yenidən yaşadılmasıdır.
25 Noyabr – Kəlbəcər Şəhəri Günü bizə bir həqiqəti də xatırladır: torpaq yalnız coğrafi sərhəd deyil, xalqın tarixi, kimliyi, yaddaşı və mənəvi varlığıdır. Doğma yurdun itirilməsi nə qədər ağırdırsa, ona qovuşmaq da bir o qədər böyük sevinc və qürur mənbəyidir. Bu gün Kəlbəcərin hər qarışında dalğalanan Azərbaycan bayrağı dövlətimizin gücünün, xalqımızın birliyinin və milli iradəmizin rəmzidir.
Kəlbəcər Şəhəri Günü münasibətilə bu qədim diyarın azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad edir, qazilərimizə minnətdarlığımızı bildiririk. Onların qəhrəmanlığı sayəsində bu gün Kəlbəcərdə yenidən həyat qurulur, sabaha inamla addımlayan yeni nəsil yetişir.
Əminliklə demək olar ki, Kəlbəcərin bugünkü dirçəlişi Azərbaycanın qüdrətli dövlətə çevrilməsinin, milli birliyinin və müstəqil siyasətinin bariz təzahürüdür. Ulu Öndər Heydər Əliyevin dövlətçilik ideyaları əsasında formalaşan inkişaf strategiyasının Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni tarixi mərhələdə uğurla davam etdirilməsi ölkəmizin gələcək hədəflərinə inamı daha da artırır.
Kəlbəcər artıq həsrətin deyil, qayıdışın, ümidsizliyin deyil, quruculuğun, işğalın deyil, Zəfərin ünvanıdır. Bu qədim diyarın yenidən canlanması Azərbaycanın tarixinə yazılan böyük qələbənin davamıdır. 25 Noyabr isə yaddaşımızda əbədi olaraq xalqımızın iradəsinin sarsılmazlığını, dövlətimizin gücünü və Vətən sevgisinin heç bir zaman məğlub olmadığını təsdiqləyən möhtəşəm tarix kimi yaşayacaqdır.
Bayramın mübarək, azad Kəlbəcər!
Yalçın Əliyev
YAP Lənkəran rayon təşkilatının əməkdaşı