Azərbaycan Prezidenti İlham Əliyevin 19 noyabr 2026-cı il tarixində Vyetnam Xəbər Agentliyinə verdiyi müsahibə dövlətimizin xarici siyasətində Cənub-Şərqi Asiya istiqamətinin artan əhəmiyyətini, Vyetnamla münasibətlərin strateji məzmununu və iqtisadi əməkdaşlığın genişləndirilməsi imkanlarını aydın şəkildə ortaya qoyur. Dövlət başçısının açıqlamaları göstərir ki, Bakı ilə Hanoy arasında onilliklər ərzində formalaşmış dostluq münasibətləri artıq yeni geosiyasi və iqtisadi reallıqlar fonunda daha geniş tərəfdaşlığa çevrilir. Bu münasibətlərin özəlliyi ondadır ki, onların təməlində yalnız diplomatik maraqlar deyil, ortaq tarixi yaddaş, qarşılıqlı etimad və xalqlar arasında formalaşmış səmimi bağlılıq dayanır. Azərbaycan ilə Vyetnam arasındakı münasibətləri fərqləndirən əsas cəhət onların təməlində təkcə praqmatik diplomatik maraqların deyil, həm də dərin tarixi köklərin və xalqlar arasında formalaşmış səmimi dostluğun dayanmasıdır. 1959-cu ildə Vyetnam Demokratik Respublikasının Prezidenti Ho Şi Minin Bakıya səfəri bu dostluğun başlanğıc nöqtəsi olmaqla yanaşı, Azərbaycanla Vyetnam arasında gələcək əməkdaşlığın mənəvi-siyasi əsaslarını müəyyənləşdirib.
İkidövlət arasında münasibətlərin inkişafında Ulu Öndər Lider Heydər Əliyevin xidmətləri isə xüsusi yer tutur. 1983-cü ildə onun rəhbərlik etdiyi sovet nümayəndə heyətinin Vyetnama səfəri əməkdaşlıq tarixində mühüm dönüş yaratdı. Səfərin səkkiz günədək uzadılması və ölkənin əsas regionlarını əhatə etməsi Vyetnamla əlaqələrə verilən əhəmiyyətin göstəricisi idi. Həmin vaxt əldə olunan razılaşmalar Vyetnam iqtisadiyyatının inkişafına töhfə verməklə yanaşı, uzunmüddətli tərəfdaşlığın istiqamətlərini müəyyənləşdirdi. Müstəqillik dövründə bu ənənə yeni siyasi məzmun qazandı.
Cənab Prezident 2014-cü ildə Vyetnama dövlət səfəri, 2015-ci ildə Vyetnam Prezidentinin Azərbaycana cavab səfəri münasibətlərin inkişafına təkan verdi. Lakin ikitərəfli əlaqələrdə əsl keyfiyyət dəyişikliyi 2025-ci ilin mayında Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lamın Azərbaycana ilk dövlət səfəri ilə baş verdi. Səfərin nəticəsi olaraq Strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamənin imzalanması münasibətləri prinsipial olaraq yeni mərhələyə çıxardı. Bu sənədin əhəmiyyəti onun siyasi bəyanat olmaqla məhdudlaşmamasındadır. Energetika, investisiya, müdafiə və kibertəhlükəsizlik kimi sahələri əhatə edən müzakirələr tərəflərin əməkdaşlığı konkret layihələr və qarşılıqlı iqtisadi maraqlar üzərində qurmaq niyyətini göstərir.
Prezident cənab İlham Əliyevin açıqladığı məlumata görə, 2025-ci ildə Azərbaycanla Vyetnam arasında ticarət dövriyyəsi 150 milyon ABŞ dollarını ötüb. Bu, müsbət göstərici olsa da, iki ölkənin iqtisadi potensialı ilə müqayisədə hələ başlanğıc səviyyə kimi qiymətləndirilə bilər. Azərbaycanın Avrasiya bazarlarına çıxış imkanları, Vyetnamın isə Cənub-Şərqi Asiyada istehsal və ixrac potensialı qarşılıqlı ticarətin daha böyük miqyasda inkişafı üçün əlverişli zəmin yaradır. Burada əsas məsələ ticarət dövriyyəsinin sadəcə artırılması deyil, onun strukturunun genişləndirilməsidir. Energetika, sənaye, kənd təsərrüfatı, tikinti, texnologiya və logistika sahələrində birgə layihələrin reallaşdırılması iqtisadi münasibətləri daha dayanıqlı edə bilər. Bu baxımdan Azərbaycan və Vyetnamın iqtisadiyyatları arasında tamamlayıcılıq imkanlarından istifadə xüsusi əhəmiyyət daşıyır. Energetika isə tərəfdaşlığın ənənəvi və eyni zamanda ən perspektivli istiqamətidir. Sovet dövründən formalaşan əməkdaşlıq təcrübəsi bu sahədə möhkəm təməl yaradıb. Hazırda SOCAR ilə Vyetnam Milli Neft və Qaz Şirkəti PetroVietnam arasında əlaqələrin dərinləşdirilməsi həmin potensialın müasir iqtisadi tələblərə uyğun reallaşdırılmasına xidmət edir. 2025-ci ildə imzalanmış Anlaşma Memorandumu neft-qaz yataqlarının kəşfiyyatı və işlənilməsi, texniki xidmətlər, mütəxəssis hazırlığı kimi istiqamətlərdə əməkdaşlığın genişləndirilməsini nəzərdə tutur. Bu əməkdaşlığın perspektivi yalnız karbohidrogen ehtiyatları ilə məhdudlaşmır. Söhbət texnologiyaların, idarəetmə təcrübəsinin və peşəkar biliklərin mübadiləsindən də gedir. Azərbaycanın beynəlxalq enerji layihələrində qazandığı təcrübə Vyetnamla sənaye tərəfdaşlığının inkişafı üçün əlavə imkanlar yaradır. Eyni zamanda, bərpaolunan enerji sahəsində əməkdaşlıq da gündəlikdə olan mühüm istiqamətlərdəndir. Vyetnam biznesinin Azərbaycana artan marağı bu baxımdan diqqətəlayiqdir. Tikinti, infrastruktur, Günəş və külək enerjisi layihələrində iştirak etmək niyyətini ifadə edən “ROX Group” bunun konkret nümunəsidir.
Lakin Azərbaycan–Vyetnam münasibətlərini yalnız iqtisadi göstəricilərlə ölçmək doğru olmazdı. Bu tərəfdaşlığın davamlılığını təmin edən mühüm amillərdən biri humanitar əlaqələrdir. Onilliklər ərzində təhsil, mədəniyyət və xeyriyyəçilik sahələrində qurulmuş münasibətlər xalqlar arasında qarşılıqlı rəğbətin möhkəmlənməsinə xidmət edib. Bu istiqamətdə Heydər Əliyev Fondunun fəaliyyəti xüsusi qeyd olunmalıdır. Fondun Vyetnamın Ha Giang əyalətində ibtidai məktəbin tikintisinə dəstəyi, müxtəlif təhsil və humanitar təşəbbüslərdə iştirakı Azərbaycanın beynəlxalq həmrəylik prinsiplərinə sadiqliyini nümayiş etdirir. Fondun vitse-prezidenti Leyla Əliyevanın 2025-ci ildə Vyetnama səfəri zamanı keçirilən görüşlər, təhsil müəssisələrinə göstərilən dəstək də bu əlaqələrin inkişafına mühüm töhfə verib. Təhsil sahəsində əməkdaşlığın isə xüsusi tarixi bazası var. Sovet dövründə təxminən 5 min Vyetnam vətəndaşının Azərbaycanda təhsil alması iki ölkə arasında formalaşmış akademik əlaqələrin miqyasını göstərir. Həmin məzunların qazandıqları bilik və təcrübəni öz ölkələrinin inkişafına yönəltməsi təhsilin uzunmüddətli tərəfdaşlıqda nə qədər mühüm rol oynadığını təsdiqləyir. Bu gün universitetlərarası memorandumlar, akademik mübadilə və Qoşulmama Hərəkatına üzv dövlətlərin vətəndaşları üçün yaradılmış təhsil qrantları həmin ənənənin davam etdirilməsinə imkan verir.
Cənab Prezident müsahibəsinin siyasi-iqtisadi mahiyyəti ondan ibarətdir ki, Azərbaycan Vyetnamla münasibətlərin mövcud səviyyəsini son hədd kimi deyil, daha geniş əməkdaşlıq üçün başlanğıc platforması kimi qiymətləndirir. Strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə bu niyyətin siyasi ifadəsidirsə, enerji layihələri, investisiya təşəbbüsləri və tranzit daşımalarının artması onun iqtisadi məzmununu formalaşdırır. Müasir dünyada iqtisadi güc və geosiyasi mövqe dövlətlərarası münasibətlərin inkişafında getdikcə daha çox qarşılıqlı şəkildə tamamlanır. Vyetnam Cənub-Şərqi Asiyanın sürətlə inkişaf edən iqtisadi mərkəzlərindən biri, Azərbaycan isə Cənubi Qafqazın mühüm enerji və logistika habıdır. Bu iki ölkənin imkanlarının uzlaşdırılması yeni bazarlara çıxış, investisiya axınlarının genişləndirilməsi və birgə istehsal layihələrinin reallaşdırılması üçün əlverişli zəmin yaradır.
Əsas məsələ mövcud siyasi iradəni konkret iqtisadi nəticələrə çevirməkdir. Ticarət dövriyyəsinin artırılması, qarşılıqlı investisiyaların təşviqi, SOCAR–PetroVietnam əməkdaşlığının genişləndirilməsi və nəqliyyat marşrutlarından səmərəli istifadə yaxın perspektivdə prioritet istiqamətlər kimi çıxış edir. Cənab Prezidentin Vyetnama səfəri də məhz bu baxımdan əhəmiyyətlidir. Bu səfər tarixi dostluğun müasir iqtisadi və siyasi çağırışlara uyğun şəkildə inkişaf etdirilməsi, əldə olunmuş razılaşmaların praktiki məzmunla zənginləşdirilməsi və yeni əməkdaşlıq imkanlarının müəyyənləşdirilməsi üçün mühüm fürsətdir. Beləliklə, Azərbaycan–Vyetnam münasibətləri tarixi ənənələrdən güc alan, siyasi etimadla möhkəmlənən və iqtisadi maraqlarla zənginləşən strateji tərəfdaşlıq modelinə çevrilir. Bu modelin əsas üstünlüyü ondan ibarətdir ki, hər iki ölkə bir-birinə yalnız dost dövlət kimi deyil, həm də yeni regional və qlobal iqtisadi imkanların reallaşdırılmasında etibarlı tərəfdaş kimi yanaşır.
Cənab Prezident İlham Əliyevin Vyetnam Xəbər Agentliyinə verdiyi müsahibə bir daha təsdiqləyir ki, rəsmi Bakı Vyetnamla əldə olunmuş yüksək siyasi dialoqu konkret iqtisadi, ticari və investisiya layihələri ilə zənginləşdirmək əzmindədir. Tarixi dostluq təməlləri üzərində qurulan bu strateji tərəfdaşlıq hər iki ölkəyə dəyişən qlobal reallıqlar şəraitində yeni iqtisadi dividendlər qazandırmaqla yanaşı, Avrasiya ilə Cənub-Şərqi Asiya arasında əməkdaşlığın nümunəvi modelini formalaşdırır.
Əlağa Ağayev
YAP Xocalı rayon təşkilatının sədr müavini