PDF Oxu

Siyasət

  • 572

Zəfərimizin və Böyük Qayıdışın rəmzi - ŞƏRH

Zəfərimizin və Böyük Qayıdışın rəmzi - ŞƏRH

Kəlbəcər Azərbaycanın qədim tarixə, zəngin mədəniyyətə, füsunkar təbiətə və böyük iqtisadi potensiala malik olan dilbər guşələrindən biridir. Əzəmətli dağları, saf bulaqları, zəngin meşələri, mineral su ehtiyatları və tarixi-memarlıq abidələri ilə seçilən bu diyar xalqımızın milli-mənəvi sərvətinin ayrılmaz hissəsidir. Kəlbəcər təkcə coğrafi məkan deyil, həm də Azərbaycanın tarixi yaddaşının, milli kimliyinin və torpaq sevgisinin təcəssümüdür. Uzun illər davam edən işğal dövründə bu qədim yurdun sakinləri doğma torpaqlarından ayrı düşsələr də, Kəlbəcərə qayıdış ümidi və inamı heç vaxt sönməmişdir. 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən Kəlbəcərin işğal edilməsi nəticəsində rayonun dinc əhalisi doğma yurd-yuvalarını tərk etməyə məcbur olmuş, yaşayış məntəqələri, tarixi və dini abidələr, infrastruktur obyektləri dağıdılmış, bölgənin təbii sərvətləri talan edilmişdir. Kəlbəcərin işğalı beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozulması ilə müşayiət olunmuşdur. Məhz bu hadisələrlə əlaqədar BMT Təhlükəsizlik Şurası 30 aprel 1993-cü il tarixində 822 saylı Qətnaməni qəbul etmişdir. Həmin qətnamədə Kəlbəcər rayonundan və Azərbaycanın digər işğal olunmuş ərazilərindən işğalçı qüvvələrin çıxarılması, hərbi əməliyyatların dayandırılması və münaqişənin sülh yolu ilə həlli istiqamətində çağırışlar öz əksini tapmışdır. Lakin Ermənistan uzun illər beynəlxalq təşkilatların qərar və qətnamələrinə məhəl qoymamış, işğalçılıq siyasətini davam etdirmişdir. İşğal dövründə Ermənistanın həyata keçirdiyi qeyri-qanuni məskunlaşdırma siyasəti də beynəlxalq hüququn tələblərinə zidd olmuşdur. Azərbaycan ərazilərində demoqrafik vəziyyətin süni şəkildə dəyişdirilməsinə, tarixi və mədəni irsimizin saxtalaşdırılmasına, xalqımızın izlərinin silinməsinə yönələn bu siyasət işğalın ağır nəticələrindən biri idi. Bununla belə, Azərbaycan xalqı öz tarixi torpaqlarına qayıdacağına, dövlətimizin ərazi bütövlüyünün bərpa olunacağına daim inanırdı. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun 2020-ci ildə qazandığı tarixi Zəfər ölkəmizin ərazi bütövlüyünün bərpası istiqamətində həlledici mərhələ oldu. 44 günlük Vətən müharibəsində əldə edilən möhtəşəm qələbə xalqımızın birliyinin, dövlətimizin gücünün, ordumuzun qəhrəmanlığının və Ali Baş Komandanın qətiyyətli siyasətinin parlaq nəticəsi idi. 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanata əsasən, 25 noyabr 2020-ci ildə Kəlbəcər rayonu Azərbaycana qaytarıldı. Bu hadisə xalqımızın yaddaşında tarixi ədalətin bərpası və Böyük Qayıdışın başlanğıcı kimi əbədi yer aldı. Kəlbəcərin azad olunması münasibətilə 25 noyabr tarixinin Kəlbəcər Şəhəri Günü kimi təsis edilməsi isə bu şanlı hadisənin tarixi əhəmiyyətini daha da artırdı. Artıq hər il 25 noyabr xalqımız tərəfindən böyük qürur və fəxarət hissi ilə qeyd olunur. Bu tarix Kəlbəcərin işğaldan azad edilməsini, Azərbaycan dövlətinin qətiyyətini və xalqımızın sarsılmaz iradəsini özündə birləşdirən Zəfər rəmzidir. İşğaldan sonra qarşıya qoyulan əsas vəzifələrdən biri Kəlbəcərin yenidən qurulması, iqtisadi potensialının bərpa edilməsi, müasir yaşayış və sosial infrastrukturun yaradılması olmuşdur. Dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işləri nəticəsində Kəlbəcər yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Bu istiqamətdə mühüm sənədlərdən biri də “Kəlbəcər şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı”dır. Baş plan şəhərin gələcək inkişafının əsas istiqamətlərini, müasir şəhərsalma prinsiplərini, yaşayış məhəllələrinin, sosial obyektlərin, nəqliyyat və kommunal infrastrukturun formalaşdırılmasını müəyyən edir. Məqsəd Kəlbəcəri müasir memarlıq üslubuna, rahat yaşayış şəraitinə və dayanıqlı inkişaf modelinə malik şəhərə çevirməkdir. Burada insanların rahat yaşayışı, təhsil və səhiyyə xidmətlərinə əlçatanlığı, ekoloji tarazlığın qorunması, tarixi irsin mühafizəsi və iqtisadi fəallığın artırılması əsas prioritetlər kimi müəyyənləşdirilmişdir. Kəlbəcərin inkişafında bölgənin zəngin enerji ehtiyatlarından səmərəli istifadə xüsusi əhəmiyyət daşıyır. Rayonun çayları və əlverişli təbii-coğrafi şəraiti kiçik su elektrik stansiyalarının yaradılması üçün geniş imkanlar açır. İşğaldan azad edilmiş ərazilərdə yaşıl enerji potensialının reallaşdırılması Azərbaycanın enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə, ekoloji cəhətdən təmiz enerji istehsalının artırılmasına və bölgənin iqtisadi inkişafına mühüm töhfə verir. Bu istiqamətdə Kəlbəcərdə həyata keçirilən layihələr dövlətimizin işğaldan azad edilmiş ərazilərdə dayanıqlı inkişaf strategiyasının mühüm tərkib hissəsidir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin azad olunmuş Kəlbəcərə səfərləri də bu quruculuq prosesinin ardıcıl və məqsədyönlü xarakter daşıdığını nümayiş etdirir. Dövlət başçısının 26 iyun 2022-ci il tarixində Kəlbəcərə səfəri zamanı bir sıra mühüm infrastruktur və sosial layihələrin təməli qoyulmuş, açılışlar həyata keçirilmiş, tikinti işlərinin gedişi ilə tanışlıq olmuşdur. Səfər çərçivəsində “Kəlbəcər-1” Kiçik Su Elektrik Stansiyasının açılışı olmuş, Kəlbəcər rayonunda hərbi hissənin açılışı keçirilmişdir. Eyni zamanda, Kəlbəcər-Laçın avtomobil yolunun inşası ilə tanışlıq baş tutmuş, Kəlbəcər şəhərinin Baş planı nəzərdən keçirilmiş və İşğal və Zəfər muzeyləri kompleksinin təməli qoyulmuşdur. Bununla yanaşı, Kəlbəcər Rəqəmsal İdarəetmə Mərkəzinin təməli qoyulmuş, “İstisu” mineral su zavodunun və “İstisu” sanatoriyasının təməlqoyma mərasimləri keçirilmişdir. Dövlət başçısı, həmçinin “Çıraq-1” Kiçik Su Elektrik Stansiyasında tikinti işlərinin gedişi ilə tanış olmuşdur. Bu səfər Kəlbəcərin gələcək inkişafı üçün mühüm istiqamətlərin müəyyənləşdirilməsi, enerji, turizm, nəqliyyat, idarəetmə və sosial infrastruktur sahələrində layihələrin sürətləndirilməsi baxımından xüsusi əhəmiyyət daşımışdır. Prezident İlham Əliyevin 2 sentyabr 2024-cü il tarixində Kəlbəcərə növbəti səfəri isə bölgədə həyata keçirilən quruculuq işlərinin yeni mərhələyə qədəm qoyduğunu bir daha təsdiqləmişdir. Səfər zamanı Tərtər çayı üzərində yerləşən “Yuxarı Vəng” Su Elektrik Stansiyasının açılışı olmuş, dövlət başçısı Xudavəng monastır kompleksinə baxış keçirmişdir. Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolu layihəsi çərçivəsində inşa olunan dördüncü tuneldə və yolun 15,2 kilometrlik hissəsində görülən işlərlə tanışlıq həyata keçirilmişdir. Bu yol layihəsi Kəlbəcərin ölkənin digər bölgələri ilə nəqliyyat əlaqələrinin daha da yaxşılaşdırılması, bölgənin turizm və iqtisadi potensialının genişləndirilməsi baxımından mühüm əhəmiyyətə malikdir. Səfər çərçivəsində Kəlbəcər şəhərində ikinci yaşayış kompleksinin təməli qoyulmuş, Kəlbəcər Şəhər Təhsil Kompleksində aparılan işlərə və həmin il istifadəyə verilməsi nəzərdə tutulan modul tipli məktəbin layihəsinə baxış keçirilmişdir. Şəhərdə inzibati binanın təməli qoyulmuş, 524 ailəlik yaşayış kompleksinin tikintisi ilə tanışlıq olmuşdur. Bu layihələr doğma yurdlarına qayıdacaq kəlbəcərlilərin rahat və təhlükəsiz yaşayış şəraitinin təmin edilməsinə xidmət edir. Səfərin ən mühüm hadisələrindən biri də “İstisu” mineral su zavodunun açılışı olmuşdur. Kəlbəcərin dünyada tanınan təbii sərvətlərindən biri olan İstisu mineral suyunun istehsalının bərpası bölgənin iqtisadi potensialının reallaşdırılması, yeni iş yerlərinin yaradılması və yerli məhsulların ölkə daxilində və beynəlxalq bazarlarda tanıdılması baxımından mühüm əhəmiyyət kəsb edir. Eyni zamanda, dövlət başçısı “Zar” Kiçik Su Elektrik Stansiyasının açılışında iştirak etmiş, SCADA sistemi vasitəsilə Göygöl rayonunda yerləşən “Toğanalı” Kiçik Su Elektrik Stansiyasının da açılışını həyata keçirmişdir. Kəlbəcərdə “İstisu” yarımstansiyasının açılışı bölgənin elektrik enerjisi ilə etibarlı təchizatı istiqamətində mühüm addım olmuşdur. Prezident İlham Əliyev, həmçinin Kəlbəcər rayonunda “İstisu” Müalicə-İstirahət Kompleksində aparılan tikinti işləri ilə tanış olmuş və İstisu qəsəbəsinin təməlqoyma mərasimində iştirak etmişdir. Bu layihələr Kəlbəcərin təkcə yaşayış məntəqəsi kimi deyil, həm də Azərbaycanın mühüm turizm, sağlamlıq və istirahət mərkəzlərindən biri kimi inkişaf etdirilməsinə xidmət edir. Xüsusilə İstisu mineral sularının müalicəvi xüsusiyyətləri, bölgənin təmiz havası və füsunkar təbiəti gələcəkdə yerli və xarici turistlərin bu əraziyə marağını daha da artıracaqdır. Bütün bu layihələr bir daha göstərir ki, Kəlbəcərin bərpası yalnız dağıdılmış infrastrukturun yenidən qurulması ilə məhdudlaşmır. Burada müasir şəhərsalma, alternativ enerji, turizm, sənaye, təhsil, səhiyyə və rəqəmsal idarəetmə sahələrini əhatə edən kompleks inkişaf modeli həyata keçirilir. Bölgənin təbii sərvətlərinin qorunması və səmərəli istifadəsi, ekoloji tarazlığın təmin edilməsi, yeni iqtisadi imkanların yaradılması dövlət siyasətinin əsas istiqamətlərindəndir. Kəlbəcərin gələcəyi həm də Böyük Qayıdış prosesinin uğurla həyata keçirilməsindən, doğma yurdlarından didərgin düşmüş insanların öz torpaqlarında təhlükəsiz, firavan və layiqli həyat şəraitinə qovuşmasından keçir. Bu gün Kəlbəcərdə aparılan quruculuq işləri, inşa edilən yollar, yaşayış kompleksləri, məktəblər, enerji obyektləri və turizm infrastrukturu dövlətimizin gücünün, iqtisadi imkanlarının və xalqımızın gələcəyə olan inamının bariz nümunəsidir. Kəlbəcərin yenidən dirçəldilməsi Azərbaycan xalqının tarixi yaddaşına, milli irsinə və dövlətçilik ənənələrinə göstərilən böyük ehtiramın ifadəsidir. Əminliklə demək olar ki, vaxtilə işğalın ağır nəticələrini yaşamış Kəlbəcər bu gün inkişafın, quruculuğun və tərəqqinin yeni ünvanına çevrilir. Bu möhtəşəm proses Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi, dövlətimizin ardıcıl siyasəti və Azərbaycan xalqının birliyi sayəsində həyata keçirilir. 25 noyabr tarixi isə hər zaman xalqımıza bir həqiqəti xatırladacaq: Azərbaycan öz torpaqlarına sahib çıxmağı bacaran, milli iradəsini qoruyan və tarixi ədaləti bərpa edən qüdrətli dövlətdir. Kəlbəcər artıq işğalın deyil, Zəfərin, ümidsizliyin deyil, Böyük Qayıdışın, dağıntıların deyil, quruculuğun və inkişafın rəmzidir.

Böyükağa Axundov
Yeni Azərbaycan Partiyası Lənkəran rayon təşkilatının əməkdaşı

Digər xəbərlər